Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələ başlayır?
Cari ilin ilk aylında Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik aktivlik artsa da, lakin Krakov görüşü bir daha sübut etdi ki, bütün diplomatik səylərə baxmayaraq hələlik problemin həllinə nail olmaq mümkün deyil. Bunun isə başlıca səbəbi işğalçı Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe və arqessiyadır.
23 Yanvar 2018 15:39 SiyasətCari ilin ilk aylında Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik aktivlik artsa da, lakin Krakov görüşü bir daha sübut etdi ki, bütün diplomatik səylərə baxmayaraq hələlik problemin həllinə nail olmaq mümkün deyil. Bunun isə başlıca səbəbi işğalçı Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe və arqessiyadır.
Problemin həlli istiqamətində müşahidə edilən diplomatik aktivliyə diqqət çəkən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri. politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu illər ərzində İrəvan hər zaman ortaya qeyri-konstruktiv mövqe qoyub. Nəticədə problemin həlli mümkün olmayıb. Mərkəz rəhbəri 2017-ci ildə də eyni tendensiyanın müşahidə edildiyinə diqqət çəkib. Bildirib ki, Dağlıq Qarabağ tənzimlənməsində 2017-ci il Ağdərə faktorunun yaranması, Ermənistanın şərtlərinin qəbul edilməməsi, ABŞ-ın aktivliyi və Rusiyanın inhisarçı mövqeyinə son qoyulması ilə xarakterizə olunur: "Azərbaycan ordusunun 2016-cı ilin aprel ayındakı döyüşlər zamanı keçmiş DQMV-nin ərazisinə daxili olan keçmiş Ağdərə rayonundan bir qisim ərazini işğaldan azad etməsi hərbi-siyasi və diplomatik parametrləri yeniləşdirən faktora çevrildi. 1992-ci ildə Ağdərənin işğaldan azad edilmiş ərazisində 1170 ailəlik şəhərciyin salınması, Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla bütün ərazilərini işğaldan azad etmək istiqamətində siyasi iradəsini maddiləşdirdiyinin və qətiyyətləşdirdiyinin göstəricisidir. Başlanan tikintilər gələcəkdə keçmiş DQMV-nin içərilərinə doğru davam etdiriləcək. 2016-cı ildə Ağdərə ərazisində torpaqların işğaldan azad edilməsi indiki şəhərciyin təhlükəsizliyinə təminat verdi. Növbəti quruculuq işlərinin təhlükəsizliyini təmin etmək məqsədilə daha yeni ərazilər işğaldan azadolunacaq". Politoloq deyib ki, Ağdərə faktoru güclü strateji-hərbi parametrdir. Çünki Ağdərədən Kəlbəcərə birbaşa çıxış mümkündür və bu istiqamət siyasi-hərbi baxımdan mühüm strateji təsirlidir: "Ağdərə faktoru siyasi diplomatik danışıqlarda Kəlbəcər və Laçın rayonları üzrə danışıqları asanlaşdıran faktordur". Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanın danışıqlar üçün şərt irəli sürməsi və bu şərtlərin qəbul edilməyəcəyi ilə bağlı Prezident İlham Əliyev keçən il ərzində bir neçə dəfə açıqlama verdi: "Ermənilər Füzuli rayonun Alxanlı kəndində 3 yaşlı körpənin və digər mülki şəxslərin ölümü ilə nəticələnən dinc əhaliyə hücumu da məhz danışıqların pozulması üçün etmişdilər. Ermənistan Azərbaycanın təmkinini və siyasətinin məcrasını poza bilmədi. Oktyabrın 16-da Cenevrədə prezidentlərin görüşü keçirildi. ATƏT-in Vyana ministerialında həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında prezidentlərin Cenevrə görüşü dialoqun bərpası kimi qiymətləndirildi. Ermənistanın şərtlərinin qəbul edilməməsi əvvəlcədən bəlli idi. Həmsədrlər sentyabr ayında BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra yaydıqları bəyanata Ermənistanın əsas şərti olan "Prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarına əməl edilməlidir" tezisi salınmadı. ATƏT Minsk Qrupu həmsədrləri sonra da bu termindən istifadə etmədilər. Yalnız Vyana ministerialında nümayəndə heyətlərinin başçılarının bəyanatında bu tezis siyasi mahiyyəti xeyli dəyişdirilmiş formada təqdim edildi". Mərkəz rəhbəri bildirib ki,Avropa İttifaqının Brüssel sammitində isə Dağlıq Qarabağ tənzimlənməsinə münasibət haçalandı: "Haçalanma Ermənistanın ziyanına idi. Yekun bəyannamədə "Şərq Tərəfdaşlığı" üzv dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə dəstək bəyan edildi. "Şərq Tərəfdaşlığı" ərazisindəki bütün münaqişələrin tənzimlənməsinə, ərazi bütövlüyü prinsipi prioritet olmaqla vahid yanaşma ortalığa qoyuldu. Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri termini işləndi. Bu ilk dəfə idi. Əvvəllər Gürcüstan və Moldova ərazilərindəki münaqişənin ərazi bütövlüyü prinsipi ilə tənzimlənməsi, Dağlıq Qarabağ münaqişəsinin isə ATƏT Minsk qrupu vasitəsilə tənzimlənməsi qeyd edilirdi. Avropa İttifaqının yekun bəyannaməsində Dağlıq Qarabağ tənzimlənməsində Minsk qrupunu dəstəkləmək kimi ənənəvi fikrə istinad edilmədi. Bu da ilk dəfə idi".
Problemin həlli istiqamətində Birləşmiş Ştatların aktivliyinə toxunan Mübariz Əhmədoğlu deyib ki, Vaşinqtonun aktivliyi sonda yeni keyfiyyətə gətirib çıxardı: "ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki 2017-ci ildəki aktivliyi struktural aktivlik idi: ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri, ABŞ Dövlət Departamenti, BMT Baş Katibinin siyasi məsələlər üzrə müavini, nüfuzlu ABŞ diplomatı C.Feltmanın və il ərzində iki amerikalı həmsədrin koordinə olunmuş fəaliyyəti yeni keyfiyyətin əsas səbəbi idi. ABŞ-ın Ermənistandakı səfiri R.Millz bütün il boyu Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki maraqlarına yaxın gedən heç bir fikir işlətmədi. Əksinə Ermənistanın inkişafı üçün Dağlıq Qarabağ probleminin həllinin zəruri olduğunu bildirdi. R.Millzin ABŞ adından Ermənistana təklif etdiyi layihələr Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrini diktə edən mahiyyətli idi. ABŞ konqresmenlərinin Dağlıq Qarabağa səfərləri isə əvvəlcədən planlaşdırıldığı qaydada baş tutmadı. Konqresmenlərin Dağlıq Qarabağa səfərinin formatı və məzmunu ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən ermənilərin arzulamadığı istiqamətə dəyişdirildi. Amerikanın erməni təşkilatları da Dağlıq Qarabağa səfərdən imtina etdilər. Amerika erməni assambleyasının rəhbərliyi, Amerika vətəndaşı olan ermənilər Dağlıq Qarabağ məsələsinin müzakirəsi üçün Dağlıq Qarabağa getmədilər. Bu separatçı rejimin de-fakto XİN rəhbəri ilə Yerevanda görüşdülər. ABŞ-ın hətta erməni millətindən olan vətəndaşlarına Dağlıq Qarabağa getməyi yasaqlamasını ehtimal etməyə xeyli çox əsaslar var. Amerikanın Azərbaycandakı səfiri R.Sekuta ölkəsində yeni həmsədr E.Şeferlə görüşüb, Dağlıq Qarabağ problemini həll etməyin yolları barədə məsləhətləşmələr apardı".
Mərkəz rəhbərin hesab edir ki, BMT-ni Dağlıq Qarabağ tənzimlənməsinə qoşmaq isə ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsinə gətirdiyi yenilikdir. Onun sözlərinə görə, amerikalı müvəqqəti həmsədr R.Hoqland Nyu-Yorkda BMT rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi: "Lazım olacağı təqdirdə onların dəstək verəcəyi vədini aldı, Feltmanla da görüşdü. BMT Baş Katibi A.Quttereş məhz bundan sonra il boyu Dağlıq Qarabağ tənzimlənməsində baş vermiş bütün vacib proseslərə münasibət bildirdi. Prezidentlərin Cenevrə görüşünün BMT ofisinin iqamətgahında keçirilməsi də təsadüfi deyil. R.Hoqland özündən əvvəlki həmsədr C.Uorlikin Yenilənmiş Madrid Prinsiplərinin Amerikan variantını yenidən təkrarladı. Mahiyyət dəyişməsə də, ritorika ermənilərin arzuladığı istiqamətdə deyildi. Uorlikin hazırladığı Amerikan variantı Yenilənmiş Madrid Prinsipləri əsasında hazırlanmış ən ermənipərəst variantdır. Erməni tərəfi Hoqlandın açıqlamalarını istefa vermiş həmsədrin açıqlamaları adlandıraraq laqeyd yanaşdılar. Amerikadakı erməni təşkilatları isə Hoqlandın açıqlamalarını süngü ilə qarşıladılar". Politoloq deyib ki, amerikalı yeni həmsədr E.Şefer isə yeni enerji, metodologiya və resurslarla işə başladı: "BMT Baş Assambleyası müstəvisində həmsədrlərin BMT baş katibinin siyasi məsələlər üzrə müavini C.Feltmanla görüşünü təşkil etdi. Ola bilər E.Nalbandyanın görüşü yubatmaq vərdişini E.Şefer belə cəzalandırdı. ATƏT Minsk qrupu həmsədrlərinin bəyanatında "Prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarına əməl edilməlidir" şablonu da E.Şefferin hesabına gündəlikdən çıxdı". SİTM rəhbəri ABŞ-ın Cocuq Mərcanlıda salınan qəsəbədə cüzi məbləğlə də olsa layihə reallaşdırmasına da diqqət çəkib. Bildirib ki, . ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları işğaldan azad olunmuş ərazilərə Azərbaycan XİN-nin təşkil etdiyi səfərlərdə aktiv iştirak etdi: "ABŞ səfirliyi Azərbaycan ərazisində son 25 ildə mina təmizləmə proqramına 30,9 milyon dollar vəsait xərclədiyini açıqladı. ABŞ-ın struktural və fasiləsiz ardıcıllığı Rusiyada narahatlıq yaratdı. Rusiya ABŞ-ın aktivliyinə rəqabət prizmasından yanaşdı. ABŞ-ın bu hərəkətləri Rusiyanın bu vaxtadək monopol mövqeyinə son qoydu. Rusiya bu vaxtadək olan monopol mövqeyini ABŞ və Fransa qəbul etmişdilər".
Mübariz Əhmədoğlu onu da deyib ki, Rusiya ATƏT Minsk qrupunda inhisarçı mövqeyindən səmərəli istifadə edə bilmədi: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Rusiya üçün daha böyük risklər yaradır. Əksinə proseslərdə ermənilərin lehinə istifadə edilir. Bu iki formada özünü göstərdi a) Kompromisin Dağlıq Qarabağ ermənilərinin maraqlarına toxunmamasını bəyan etdi. b) Hərbi proseslərdə Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərməyə cəhd etdi. Rusiyanın Ermənistana verdiyi "Osa" ZRK Dağlıq Qarabağda quraşdırılarkən Azərbaycan hərbçiləri bunu məhv etdilər. Rusiyanın diktəsi ilə həmsədrlər Azərbaycanı qınamağa meylləndilər. Təhtəlşüur mövqeləri bundan ibarət idi ki, "Osa" ZRK ətraf rayonlarda deyil, keçmiş DQMV-nin ərazisində qurulurmuş. Bununla da keçmiş DQMV-nin ərazisi ilə həm də ətraf rayonların ərazisi arasında hüquqi fərqin olduğunu göstərməyə cəhd etdilər. Həmçinin Rusiya beynəlxalq hüquq normalarını, praktikanı və o cümlədən sivil davranışı unutdu. Rusiya XİN ABŞ və Fransanın passivliyindən ruhlanaraq prezidentlərin görüşünün təşkili imkanın yalnız ona məxsusluğunu qürurla bildirdi. Bir neçə saatdan sonra Rusiya XİN Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə məşğul olmaqdan imtina etdiklərini bildirdi. Yalnız ABŞ-ın aktivliyi Rusiyanı ayıltdı. Bu ölkənin XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsi regionuna göndərildi. Lavrovun regiona səfərindən əvvəl Rusiyanın aparıcı mətbuatının davranışından başa düşülürdü ki, S.Lavrov Dağlıq Qarabağ tənzimlənməsində irəliləyiş yaratmaq üçün səfərə çıxır. Ermənilər Rsuyanın diktəsi ilə 5 rayonu qaytaracaqlar. Amma ermənilər bunu Kazan variantı üzrə reallaşdırmaq istəyir. Rusiya isə ermənilərin hətta bu xahişini nəzərə almayıb. Lakin Lavrovun Yerevanda verdiyi bəyanatlar, əvvəlcə Bakıda verdiyi bəyanatlardan prinsipial fərqli idi".
Politoloq hesab edir ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini Ermənistana təzyiq vasitəsinə çevirib: "Hər dəfə Ermənistanın suverenliyinə, iqtisadiyyatına dair nəyi isə almaq istəyəndə Dağlıq Qarabağ tənzimlənməsində aktivlik nümayiş etdirir. İstədiyinə nail olduqdan sonra passiv mövqeyə keçir. Daxili pasportla Rusiya vətəndaşlarının Ermənistana daxil olmaları, Ermənistanın iqtisadiyyatını tam öz nəzarətinə keçirməyin mexanizmlərini Ermənistana qəbul etdirməsi, İranın Mehri və Aqarak şəhərlərində öz pulu hesabına qurduğu qaz paylama şəbəkəsini "Qazprom"un mülkiyyətinə keçirməsi və s. Rusiyanın son gözləntisi Ermənistanda hakimiyyətin arzuolunan qaydada strukturlaşmasıdır"
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Krakovdakı görüşünə diqqət çəkən SİTM rəhbəri deyib ki, nazirlər təkbətək görüşlə yanaşı həm ayrı-ayrılıqda, həm də birlikdə vasitəçilərlə görüşdülər: "ATƏT Minsk qrupu öz işinə kifayət qədər ciddi yanaşır. Bunun digər əlaməti Ermənistan tərəfinin danışıqların davam etdirilməsi üçün irəli sürdüyü şərtlərin rədd edilməsidir. E.Nalbandyan həmsədrlərlə görüşdən sonra onun 4 şərt irəli sürməsi barədə rəhbərlik etdiyi nazirliyin mətbuat xidməti məlumat yaymışdı. İddia edilirdi ki, Bakı: atəşkəs haqqında müqaviləyə əməl etməklə bağlı həmsədrlərin çağırışına reaksiya verməlidir. Əvvəl əldə olunmuş razılaşmaları reallaşdırmalıdır. Danışıqlar prosesinə konstruktiv cəlb olunmalıdır. Münaqişənin tənzimlənməsinin konstruktiv başlanğıcı barədə həmsədrlərin təkliflərinə sadiqliyini təsdiq etməlidir. Görüşdən sonra həmsədrlərin yaydığı bəyanatda E.Nalbandyanın dediklərinin əks effekt yaratdığını asanlıqla görmək olar". Mübariz Əhmədoğlunun sözlərinə görə, ATƏT Minsk qrupumövqeyində Ermənistanın mövqeyinin əleyhinə fikirlər getdikcə daha da möhkəmlənir. Politoloq hesab edir ki, "Prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmaları yerinə yetirilməlidir" termini işlənmir: "Bunun əvəzinə "əvvəlki sammitlərdə" termini istifadə olunub. "Əvvəlki sammitlər" dedikdə 2014-cü ili də prezidentlərin Paris görüşü və hətta prezidentlərin 2010-cu il Həştərxan görüşü başlanğıc nöqtə kimi qəbul edilə bilər.Həmsədrlərin etimad tədbirlərinə xüsusi diqqət ayırması göz qabağındadır. Publik səslənmiş etimad tədbirləri 3 qrupdur. Birincisi, ermənilər və azərbaycanlıların məzarları, dini və mədəni abidələrin ziyarəti. İkincisi, Dağlıq Qarabağ və ətraf rayonlarındakı döyüş baş verən ərazilərdə məzarlıqların ermənilər və azərbaycanlıların iştirakı ilə müəyyənləşdirilməsi, sonradan mütəxəssislərin iştirakı ilə DNT analizi vasitəsilə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi. Üçüncüsü, Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin dialoqu. Həmsədrlərin münaqişə regionunda yenidən monitorinq missiyası reallaşdırmaq niyyəti də onların fəaliyyətinin ciddiləşdiyinin göstəricisidir.
Atəşkəs rejiminə riayət olunduğunu fiksə etməklə həmsədrlər Ermənistanı ciddi şəkildə tərksilah etdilər. İşğal olunmuş Azərbaycan ərazisində həm ölən, həm də öldürənlərin əksəri ermənilərdir". Politoloq onu da diqqətə çatdırıb ki, həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: "Ehtimal ki, prezidentlərin görüşü məsələsi razılaşdırılacaqdır.
Fransanın aktivliyi və Rusiyanın XİN rəhbəri S.Lavrovun mərhələli həll variantı ilə bağlı dedikləri də ermənilərin arzulamadığı meyllərdir. Bütün bunları ümumiləşdirsək, 2018-ci ildə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanacağını ehtimal etməyə kifayət qədər ciddi əsaslar var. Ən azı Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar müvəqqəti də olsa Dağlıq Qarabağ ərazisinə daxil olacaqlar. Amma bu müvəqqəti daxil olma daimi məskunlaşmanın bünövrəsini qoyacaq"..
Füzuli