"Human Rights Watch" kimi təşkilatlar ölkəmizə təzyiq edə bilməz

"Human Rights Watch" təşkilatının Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı heç də təəccüb doğurmur. Çünki "Human Rights Watch" kimi təşkilatlar qərəzli hesabatlar hazırlayaraq kimlərinsə maraqlarına xidmət etdiklərini çoxdan təsdiqləyiblər. Eyni amala xidmət edən hüquq müdafiə təşkilatları illərlədir Azərbaycan dövlətinin maraqları əleyhinə çıxaraq ölkəmiz haqqında yalan məlumatlar yaymaqla məşğuldurlar.

Azərbaycanda həyata keçirilən siyasət milli maraqlarımıza xidmət edir

"Human Rights Watch" təşkilatının Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı heç də təəccüb doğurmur. Çünki "Human Rights Watch" kimi təşkilatlar qərəzli hesabatlar hazırlayaraq kimlərinsə maraqlarına xidmət etdiklərini çoxdan təsdiqləyiblər. Eyni amala xidmət edən hüquq müdafiə təşkilatları illərlədir Azərbaycan dövlətinin maraqları əleyhinə çıxaraq ölkəmiz haqqında yalan məlumatlar yaymaqla məşğuldurlar. Yeri gəlmişkən qeyd edək ki, hazırda özünü hüquq müadfiə təşkilatı elan edən bir necə qurum var ki, maraqlı qüvvələrin təsiri altına düşüblər. Onlar təkcə Azərbaycana qarşı deyil, eləcə də inkişaf etməkdə olan digər ölkələri də təsir altında saxlamaq üçüm eyni üsuldan istifadə edirlər. Artıq dünyanın bir çox ölkəsi həmin təşkilatların hesabatlarının qərəzli hazırlanması ilə bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Həmin hesabatlarda yer alan faktların yalan və ya təhrif edilməsi, naməlum və ya qeyri-ciddi mənbələrə əsaslanması bu təşkilatların nüfuzuna zərbə vurmaqla yanaşı, onların əsl məqsədinin başqa olduğunu sübut edir. Eləcə də "Human Rights Watch" təşkilatı əksər ölkələrlə bağlı bu cür hesabatlar təqdim edir və həmin hesabatlar birmənalı qarşılanmır. Nəzərə almaq lazımdır ki, istənilən ölkənin həyatında ayrı-ayrı faktları dramatikləşdirərək onu ümumiləşmiş bir mənzərədə təqdim etmək və beləliklə də həmin ölkənin daxili durumunu təyin etmək çox yanlış bir siyasətdir. Sirr deyil ki, Azərbaycan hökuməti müstəqillik bərpa etdikdən bəri, xüsusən də son on il ərzində əhalinin yaşayış səviyyəsi, onun şəraiti, iqtisadi-sosial problemlərinin həllində çox böyük işlər həyata keçirib. Ötən illər ərzində ölkənin daha da güclənməsi, yeniləşməsi, çox mühüm iqtisadi proqramların icrası məhz Azərbaycan insanları üçündür. Çox təəssüf ki, bu inkişafı görüb, dəyərləndirmək bir çox beynəlxalq təşkilatların xislətinə yad bir fəaliyyət növüdür. "Human Rights Watch"un hesabatında isə guya insan haqlarının pozulması və bəzi neqativ hallara rast gəlinir. Maraqlı məqam ondan ibarətdir ki, belə hesabatlar adətən birtərəfli qaydada qeyri-dəqiq mənbələrdən əldə edilir. Araşdırma zamanı bəlli olur ki, bütün bu məlumatlar antiazərbaycançı şəbəkənin yaydığı məlumatlar əsasında formalaşmış rəylərdir. Bu isə həmin qurumun hesabatlarının qeyri-obyektiv və qərəzli olmasına dəlalət edir. Hesabata münasibət bildirən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyir ki, "Human Rights Watch" dünyada mövcud olan minlərlə QHT-dən biridir və ona əhəmiyyət vermək də düzgün deyil. Onun sözlərinə görə, Azərbaycanı əsassız ittiham edən təşkilat Qərbdə hökm sürən vəziyyətə nəzər yetirsə, daha yaxşı olar: "Onların nəyin hesabına, hansı əsaslarla Azərbaycanla bağlı bu cür hesabatlar yaydıqlarını hamı bilir. Bu təşkilatların qərəzliliyinə hamımız bələdik". Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbusların olması məsələsi məqsədli şəkildə şişirdilir. Bu məsələnin şişirdilməsində də məqsəd on illərlə davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdən çıxarmaqdan, arxa plana keçirməkdən ibarətdir. Deputat vurğulayıb ki, Azərbaycan bu gün regionda liderdir. Ölkəmizin dünya, özəlliklə də Avropa Birliyi üçün əhəmiyyəti artır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayan ən vacib ölkələrdəndir. Azərbaycan hər cür risklərə, təhlükələrə, təhdidlərə sinə gərir: "Elə son olaraq "Şahdəniz-2" layihəsini götürək. Bu layihənin imzalanması elə də asan deyildi. "Human Rights Watch" və digər beynəlxalq təşkilatlar da bilir ki, bu layihənin həyata keçirilməsi, imzalanması hansı çətinliklərdən keçdikdən sonra reallaşıb. Yaxud TAP və TANAP layihələrini götürək. Azərbaycan dünyanın ən çətin geosiyasi hissələrindən birində yerləşir. Ona görə də hər şeyi öz çirkin maraqlarına, mənafeyinə qurban verən təşkilatın ölkəmizlə bağlı hesabatları məqsədli təxribatdır, mənasızdır və gülüncdür. Ümumiyyətlə, belə hesabatlara fikir vermək lazım deyil". M.İbrahimqızı beynəlxalq QHT-lərlə onların yerləşdikləri ölkələrin hökumətlərinin Azərbaycana münasibətini eyniləşdirməməyə çağırır: "QHT-lər dövlətə tabe deyillər axı. Onların mövqeyinin fəaliyyət göstərdiyi dövlətin siyasətinə dəxli yoxdur. Bizim də ölkədə QHT-lər var. Onlar da bəzən Türkiyə, Rusiya, yaxud da Fransa ilə bağlı nəyisə danışır və yazırlar. Bu bizim dövlətin rəsmi mövqeyi deyil. Azərbaycanda da müəyyən qurumlar var ki, onlar xaricdəki həmkarları ilə eyni prinsip üzrə işləyirlər". Deputat bu kimi təşkilatların Azərbaycana təzyiq etməyə gücünün çatmayacağını vurğulayır: "Biz bu kimi təşkilatları çox görmüşük. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət tam müstəqildir, dövlətçiliyimizə, milli maraqlarımıza xidmət edir. Prezidentimizin güclü xarizması var və onun arxalandığı yalnız Azərbaycan xalqıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan özünün milli maraqları ilə bağlı heç kimə güzəştə getmir". Millət vəkili Aydın Mirzəzadə deyib ki, ümumiyyətlə "Human Rights Watch" hüquq-müdafiə təşkilatının 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair açıqladığı illik hesabata fikir vermək lazım deyil. Onun sözlərinə görə, xaricdə bir neçə qeyri-hökumət təşkilatları var ki, bütün dünyaya hakimlik etmək iddiası ilə çıxış edirlər: "Həmin təşkilatlar ölkələri siyahıya alırlar, onlara qiymət verirlər və kateqoriyaya bölürlər. Təbii ki, bu da istər-istəməz sual doğurur. Bu səlahiyyəti onlara kim verib? Kim onlara dünyanın demokratik və yaxud da qeyri-demokratik, hansı ölkənin nə vəziyyətdə olduğu qiymətini vermək səaliyyətini verib? Hesab edirəm ki, sadəcə olaraq bunların verdikləri və yaxud yaydıqları saxta siyahılara əhəmiyyət vermək lazım deyil. Hər bir ölkə özünün daxili şəraitindən, özünün dünya birliyindəki tutduğu yerdən asılı olaraq öz problemlərini həll etməyə çalışır. Bu problemlər də fərqlənir. Heç də özünü demokratik hesab edən dünyanın həmin ölkələrə köməkləri onların problemlərini həll edə bilmir. Bu gün gözümüzün önündə Liviya, Suriya, İraq, Yəmən, Somali variantları var. Hansı ki onlar da demokratiya qurmaq istəyirdilər amma əksinə vəziyyəti daha da gərginləşdirdilər. Hesab edirəm ki, bu cür əldəqayırma və maliyyə mənbələri şübhəli olan təşkilatların rəylərini sadəcə olaraq şərh etməkdən imtina etmək lazımdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31