O ölkə belə çökmüşdü

Argentina daha çox bütün inkişaf edən ölkələrin etdiyi standart makroiqtisadi səhvləri təkrarlamaqla məşhurdur və Beynəlxalq Valyuta Fondunun, heç bir məyusluq hissi keçirmədən, verdiyi eyni məsləhətlərin qəyyumluq etdiyi ölkələrdə böhrana səbəb olmasının bariz nümunəsidir. Beynəlxalq Valyuta Fondunun bəyanatı inkişaf edən ölkələrdə baş qaldıran böhranın inkişaf etmiş ölkələrə keçdiyi zaman dəyişir. Bu hal 2008-ci ildə baş vermişdi. Yalnız bu zaman Beynəlxalq Valyuta Fondunda böhrandan çıxış yollarının başqa cür idarə olunması haqqında düşünürlər.

Argentinanın standart makroiqtisadi problemləri olduqca təbii idi: büdcə defisiti və pesonun dollardan asılılığı (inflyasiyanı makroiqtisadi cəhətdən zəiflətmək məqsədilə). Argentina hökümətinin nəyə görə bu səhvə yol verdiyini anlamaq çətindir. Ya onlar hansı addımları atmağın gərəkli olduğunu bilmirdilər, ya da Beynəlxalq valyuta Fondunun məsləhətlərinə riayətə edərək böyük zərbə alacaqlarını düşünmədilər.

Və şimşək çaxdı

Hadisələrin başlandığı 1998-ci ilə geri dönək. Rusiyada baş vermiş böhrandan sonra Argentinada sərmayələrin ölkədən çıxarılmasına görə iqtisadi tənəzzül başladı. İnvestorlar bazarın daha təhlükəli olduğunu və gəlirlilik və risk nisbətinin qeyri-sabit hal aldığını anladıqları zaman, pulları ölkədən çıxarmağa başlayırlar. Əlbəttə, bu hal yerli məzənnəyə təsir göstərmədən yan keçmir.

Məsələ odur ki, Argentina yetərincə anlaşılan makroiqtisadi siyasətə malik bir ölkə idi. Onlar pesonun kursunu dollara qarşı 1:1 nisbətində (bu "convertibility plan" adlanırdı) təyin etdilər. Ümumiyyətlə, bu hadisə məzənnəni yava-yavaş devalvasiyaya uğratmaq və ya onu sabit saxlamaq hesabına bir çox problemlərlə mübarizə aparmaq barəsindədir.

Bu, necə baş verir: Mərkəzi Bank müəyyən həcmdə qızıl və beynəlxalq rezervlərə malikdir və siz sahib olduğunuz rezervlərin sayı qədər pul çap edirsiniz. Argentina təxminən 140-200% qızıl ehtiyatlarına malik idi. Əslində, bu, inflyasiyanı məqbul səviyyəyə gətirməlidir və 1994-cü ildən bəri, inflyasiya səviyyəsinin təxminən 2% təşkil etdiyi bu ölkə inkişaf edən ölkə kimi qeyd olunmağa başladı. Bir çox ölkə bu göstəricini əldə etmək uğrunda çalışır. Bu baxımdan Argentinanın anti-inflyasiya siyasəti olduqca uğurlu idi.

Lakin siyasi böhranla üst-üstə düşən iqtisadi böhran baş verdi. Ekspertlər hakimiyyətə inflyasiyanı pul kütləsini çap etməklə aradan qaldıran deyil məhz öncəki kursu davam etdirən səriştəli siyasətçilərin gələcəyini gözləyirdilər.

Böhran spiralı

1999-cu ilin sonunda hakimiyyətə gəlmiş prezident bunları söylədi: "Mən hər şeyi başa düşürəm və makroiqtisadiyyatı öyrənmişəm. Bütün problemlər büdcə defisitindən yaranır. Böhran ÜDM-un aşağı enməsidir (o, 1999-cu ildə 3,38 faizədək enmişdir), biz hal-hazırda tənəzzüldəyik. Və büdcə defisitini azaltmaq olduqca zəruridir".

Defisiti azaltmaq üçün onun hansı hissəsinin uzunmüddətli iqtisadi problemlərə aid struktur hissəsi və qısamüddətli şoklardan asılı olan dövri hissə olduğunu anlamaq lazımdır. Və əgər böhran zamanı, ola bilsin, sizin üçün gələcək baxımından önəmli olan bütün xərcləri şüursuzca azaltsaq, çox güman, bunun əks təsirini görəcəyik, yəni ÜDM enəcək.

Məsələn, büdcəni tarazlaşdırmaq üçün siz vergiləri qaldıra bilərsiniz. Çox gözəl bir fikirdir, amma sizin ÜDM enməkdədir. ÜDM-un aşağı endiyi və vergiləri qaldırdığınız zaman insanların əlində az miqdarda vəsait qalır və buna görə də, onlar istehlak xərclərini azaldırlar. Siz real və nominal istehlak xərclərini aşağı saldığınız zaman, ÜDM-un daha çox enməsinə nail olursunuz. Çünki yığılmiş vergilər hesabına artmalı olan dövlət xərcləri yaranmır. Buna görə də, böhran zamanı vergiləri qaldırmaq siyasəti olduqca təhlükəlidir.

Bu, adi neokeynsian yanaşmasıdır. Bu yanaşmanı Kipr böhranına dair aparılan danışıqlar zamanı da eynilə təbliğ etməyə davam edirəm. Büdcəni böhran zamanı deyil, iqtisadiyyatın inkişafa doğru getdiyi zaman tarazlaşdırmaq lazımdır - məhz bu zaman vergiləri artırmaq, dövlət xərclərini azaltmaq və başqa tədbirlər görmək olar. Əgər siz bunları tənəzzül zamanı edirsinizsə, o zaman yalnız böhran spiralını açmış olursunuz (Yunanıstanda olduğu kimi). Çox təəssüf ki, böhran spiralı tamamilə dəfedilməzdir. Və Argentinada bu spiral, məntiqi olaraq, sosial etirazlara səbəb oldu.

İqtisadiyyatın çağırışlarına cavab olaraq dövlət hansı tədbirləri görür? Büdcə defisitini bağlamaq üçün onlar bazarda naməlum investorlardan bir qədər pul almağa cəhd edirlər və həqiqətən də, 40 milyard dollar qazanırlar. Xatırladım ki, dollar və peso 1:1 nisbətindədir. Bu, Argentinanın əvvəlki iqtisadiyyatı üçün yetərincə münasib məbləğdir.

Pullar olduqca onları sərf etməyə dair təkliflər də olur: məsələn, təqaüd sistemi və ya əmək bazarında məqbul islahatların keçirilməsi. Lakin pulları xərcləmək istəmirik, çünki onlar digər məsələlər üçün lazım ola bilər. Gəlin gələn ilədək yaşayaq?

Gələn il nə baş verəcək? Siz hakimiyyətdə qalmağa davam edirsiniz. Ancaq siyasi islahat qeyri-mümkündür, iqtisadi islahatlar keçmir, çünki siyasi dəstək yoxdur. Nəticə etibarı ilə siz vergiləri artıraraq hansı yolla daha çox pul qazanmağı fikirləşirsiniz. Vergilərin artırılması bir çox müəssisənin kölgədə qalacağını fərz edir. Və Latın Amerika ölkələrində vəziyyət elədir ki, bir çox inkişaf etmiş ölkələrə nisbətən burada kölgədə qalmaq daha asandır.

Nəticədə, növbəti dəfə vergilərin artırılmasına dair qərar verdiyiniz zaman sizin vergi və istehlak xərcləriniz azalır, çünki onların üzərinə əlavə vergilər qoyursunuz - büdcə defisiti artmaqdadır, ÜDM isə azalmaqda. Siz həmin spiralın vəziyyətinə düşmüsünüz.

İqtisadiyyat naziri bildirir ki, "Mən belə işləyə bilmirəm" və istefa edir. Bundan qabaq vitse-prezident siyasi elitaya qeyri-sabitlik gətirərək hakimiyyətdən gedir. Üç ay sonra yeni şəxs gəlir və bunları söyləyir: "Mən bilirəm nə etmək lazımdır: biz dərhal təhsil xərclərini azaldacağıq. Təhsil büdcənin böyük maddəsidir" (əslində, kiçikdir, lakin onu azaltmaq asandır). Bundan sonra təhsil sahəsində altı məmur vəzifələrindən azad olunur. Təyin olunduğu müddətdən iki həftə sonra yeni iqtisadiyyat naziri də səhnəni tərk edir.

Mən əfsanəyəm

Növbəti sual yaranır: indi nə etmək lazımdır? Bu zaman Beynəlxalq Valyuta Fondunun makroiqtisadi siyasətini Argentinada necə tətbiq etməyi, peso və dollar asılılığına necə nail olmağı bilən şəxs iqtisadiyyat naziri vəzifəsinə gəlir. O bildirdi ki, o, bir əfsanədir və makroiqtisadiyyatda prezidentdən də çox dərin biliklərə malikdir. Prezident isə qeyd edir ki, "Yaxşı, gəlin iqtisadi artımı inkişaf etdirək" .

Bu artımın inkişaf üsulu olduqca maraqlı oldu. Prezident: "Mən iqtisadiyyatın bəzi sahələrində vergiləri azaltmağa hazıram, bunun əvəzində isə onlar qiymətləri endirməli və məşğulluğu saxlamalıdırlar". Görəsən, bu fikir, onsuz da, çətin vəziyyətdə olan iqtisadiyyatda biznesə kömək edə biləcəkmi?

Paralel olaraq digər ölkələrin rəqabət qabiliyyətliyi isə artmağa davam edir. Hələ 1999-cu ildə Braziliya öz realını əhəmiyyətli dərəcədə devalvasiyaya uğratdı. Əlbəttə, bu, onların iqtisadi artım problemləri ilə bağlı idi, lakin bundan sonra Braziliya Argentinanı bütün bazarlarda əzməyə başladı, çünki Argentina mallarının rəqabət qabiliyyətliyi xeyli aşağı düşmüşdü.

Argentinadakı vəziyyət gərginləşməkdədir. Ev təsərrüfatları baş verənləri görərək, bank sistemindən qaçmağa başlayırlar və 2001-ci ilin aprelində bir ay ərzində təxminən 5,5 milyard dollar çıxarırlar. Bu, tarixdə Argentina banklarından ən böyük vəsait çıxarılması idi. Sözügedən hadisə milli bank sistemini çökdürür.

Bir aydan az bir vaxt keçir və yeni iqtisadiyyat nazirinin ağlına daha cəzbedici ideya gəlir. Bəli, biz peso və dollar arasında 1:1 nisbətini təyin etmişdik, lakin bu, düzgün deyil. Bizim ticarət tərəfdaşlarımız, əsasən, Avropada fəaliyyət göstərirlər, buna görə də, gəlin pesonun dəyərini avroya qarşı müəyyən edək. Bununla belə, bazarlar buna olduqca adekvat reaksiya verirlər. Onlar çox yaxşı anlayırlar ki, söhbət devalvasiya cəhdindən gedir, çünki o zaman avronun dəyəri dollardan ucuz idi. Qanun layihəsi keçmədi.

Bu zaman iqtisadiyyat naziri müxtəlif əhali qrupları və firmaları üçün müxtəlif kursları tətbiq etməyi təklif edir. Onun sözlərinə əsasən, ixrac üçün 1,08 kursu təyin ediləcək. Təbii ki, beləliklə, ixracatınızın dəyərini aşağı salırsınız. Bunun hər hansı bir nəticələrə gətirib çıxaracağına ümid etmək olar, lakin Braziliya realın dəyərini yetərincə aşağı saldığına görə əhəmiyyətsiz nəticələrin əldə olunduğunu müşahidə etdik.

Gəlin, daha bərk yıxılaq

Nəhayət, bəyəndiyim daha bir epizod. Argentinada Mərkəzi Bankın müstəqilliyi o qədər də yüksək deyildi. Nazirlər ondan Argentina iqtisadiyyatına dəstək olmağı və ölkə daxilində fəaliyyət göstərən firmalara daha çox likvidlik verməyi tələb etdilər. Bu, çox gözəl bir fikirdir, lakin siz bunu əlavə rezervlər olmadan həyata keçirə bilməzsiniz. Əlbəttə, sədr bundan imtina etdi və vəzifəsini tərk etmək məcburiyyətində qaldı. Bu kimi hallara isə bazarlar qəti surətdə reaksiya verirlər (siyasətçilər tərəfindən idarə olunan Mərkəzi Bank pisdir).

Hökümət dövlət borcunun ödənilmə tarixinin dəyişdirilməsi uğrunda cəhd etdi. Burada söhbət yenidən qurulmadan getmir, məbləğ dəyişdirilmir, sadəcə olaraq borcların bir qədər gec ödəniləcəyinə dair razılığın əldə olunmasından bəhs olunur. Lakin yeni borcların faiz dərəcəsi 15% təşkil edir. Əgər dollar borcunuz varsa, vəziyyət olduqca gərgindir (Argentina da dollarla borc alaraq inestisiyaları peso ilə edirdi). Bu qədər yüksək faiz dərəcələrinin olduğu təqdirdə ölkənin defolta uğrayacağı barəsində düşünmək olar.

Borcların dəyərinin aşağı endirilməsinə görə əmək haqqları və təqaüdlərin azalacağı bildirildi. Bu, dövlətin "biz yıxılırıq, gəlin özümüzü bir az daha itələyək" oyununu oynamasını bildirir. Bunun nəticəsində, "defisitə qarşı sıfır tolerantlıq" iqtisadi inkişafın sürətinin azalması, yəni böyük tənəzzülün baş verməsi anlamına gəlir.

Daha sonra Argentina ayda 1000 dollardan çox vəsait verməyi qadağan edərək bank sisteminə nəzarəti gücləndirir. Əsaslandırma isə belədir: "Biz araşdırmalar apardıq və müəyyən olundu ki, əhalinin 99%-i heç vaxt 1000 dollardan artıq pul çıxarmır". Bu, əhalinin ayda 1000 dollardan çox vəsait çıxara bilməyəcəyini öyrənənədək və buna görə təşvişə düşənədək yaxşı sübutdur.

Bir neçə gün sonra BVF bildirir ki, "Üzr istəyirik, amma görünür, siz defolta yaxınsınız. Biz sizə yenə kömək etməyə hazırıq, lakin bu, hələ 2000-ci ildə razılaşdığımız paket çərçivəsində baş tuta bilər". Hökümət prezidentlə birlikdə istefaya gedir. Yeni hökümət defoltu elan edir. Borcun ümumi həcmi - 141 milyard dollar təşkil edir (o zaman bu göstərici bütün inkişaf edən ölkələrin borclarından 10% çox idi).

1800-ci ildən bəri Argentina öz istiqrazları üzrə 8 dəfə defolta məruz qalıb (reytinqə 10 dəfə defolt yaşayan Venesuela və Ekvador başçılıq edirlər).

Lakin Argentina 21-ci əsrdə iki dəfə defolt yaşayan yeganə ölkə oldu.

Bütün bunlardan hansı dərsləri çıxarmaq olar?

1. Əgər büdcənizin struktur defisitləri varsa, dərhal onlarla nə edəcəyiniz haqqında düşünün və iqtisadiyyatınız hazırda inkişaf etsə belə, konkret plan tərtib edin. Tənəzzülün nə zaman başlayacağını və onunla mübarizə aparmağı gözləməyin mənası yoxdur.

2. Sabit kurs - bu, olduqca təhlükəli hadisədir. Bu, müvəqqəti olaraq kömək edə bilər, lakin uzunmüddətli köməyin göstərilməsi sual altındadır, çünki ölkə rəqabətə davamlı olmur.

3. Nəhayət, böhran zamanı qətiyyətlə hərəkət etmək. Həmin dərs: böhranı müşahidə edirsinizsə - onu etiraf edin və tədbir görün. Əgər yalnız gözləsəniz, vəziyyət daha da gərginləşəcək.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31