Mediatorların sırası genişlənir
13:18 Sosial"Mediatorların ixtisasartırma kursu"nu bitirmiş mediatorlara sertifikatlar təqdim olunub
"Mediatorların ilkin hazırlıq kursu"nu və "Mediatorların ixtisasartırma kursu"nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub. "Olaylar" xəbər verir ki, 5 may 2026-cı il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən "Mediatorların ilkin hazırlıq kursu"nu və "Mediatorların ixtisasartırma kursu"nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
Sertifikatvermə mərasimində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya institutunun ölkəmizdə inkişaf dinamikasından bəhs edərək bildirib ki, son illər həyata keçirilən ardıcıl islahatlar nəticəsində mediasiya mexanizminə maraq əhəmiyyətli dərəcədə artıb. O, xüsusilə mediatorların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinin bu sahənin effektivliyində həlledici rol oynadığını vurğulayıb.
Nadir Adilov çıxışında qeyd edib ki, cari il ərzində Mediasiya Şurası tərəfindən mediatorların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində bir sıra mühüm addımlar atılıb. O, həmçinin mediasiyanın cəmiyyət daxilində hüquqi mübahisələrin daha çevik, səmərəli və qarşılıqlı anlaşma əsasında həllinə töhfə verdiyini diqqətə çatdırıb.
Bununla yanaşı, sədr mediatorlara gələcək fəaliyyətlərində peşə etikası prinsiplərinə ciddi riayət etməyi, tərəflər arasında etimad mühitinin formalaşdırılmasına xüsusi önəm verməyi və daim öz üzərlərində işləməyi tövsiyə edib. O, bu kursları uğurla başa vuran mediatorların ölkədə mediasiya institutunun daha da möhkəmlənməsində aktiv rol oynayacaqlarına əminliyini ifadə edib.
Sonda mediatorlarla xatirə şəkilləri çəkilib.