Sülh müqaviləsi olmadan da delimitasiya mümkündür-əsas maneə nədir?- ÖZƏL
14:35 Siyasət"Təbiidir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi əsasən sülh müqaviləsi imzalanandan sonra sürətli inkişaf edə bilər. Əgər indiyəcən müəyyən ərazidə bu proses aparılıbsa bu da mühüm nəticə deməkdir. Buna rəğmən sülh müqaviləsi imzalanana qədər də bu proses başa çatdırıla bilərdi. Lakin Ermənistanın sərhədləri pozması, qanunsuz olaraq öz ambisiyalarına uyğun dəyişikliklər etməsi prosesi ləngidir. Təcavüzkar tərəf Ermənistan olduğu üçün mövcud problemlərin səbəbkarı da bu dövlətdir. Ona görə də beynəlxalq təşkilatlar Ermənistana bu məsələnin tezliklə həlli üçün təsir etməlidir. Əgər zəruri ehtiyac olarsa Azərbaycan tərəfi ilə dialoq da baş tuta bilər. Lakin Ermənistan üzərinə düşən öhdəlikləri tam icra etməlidir".
Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasənda söyləyib:
"Erməni müxalifətinin hakimiyyətə basqı etməsi və guya sərhədlərdə güzəşt iddiası isə İrəvanın manipulyasiya cəhdidir. Fransanın təhriki ilə sülh prosesini ləngitməyə cəhd edərsə itirən yenə də Ermənistan olacaq. Əvvəl Rusiyanın oyuncağına çevrilən Ermənistan indi də Qərb ölkələrinin alətinə çevrilib onların diktəsi ilə addım atmamalıdır. Bütün hallarda delimitasiya başa çatmalıdır və sərhədlər müəyyən olunmalıdır. Gələcəkdə yenidən münaqişə yaratmaq üçün bəhanə tapmağa problem saxlamaq əslində Ermənistanın taleyi üçün ağır nəticələrə gətirib çıxara bilər. Beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya məsələsinin tez həllini tapması sülh prosesinin əsas mərhələsinin aşılması deməkdir. Qeyd edək ki, 2024-cü ildə komissiyalar səviyyəsində görüşlər davam etdirilib və müəyyən sənəd layihələri müzakirə olunub. Ermənistanda müxalifət və əsasən Rusiyaya bağlı müəyyən dairələr delimitasiya prosesinə, xüsusilə Azərbaycanın tələb etdiyi şərtlərlə sərhədlərin müəyyənləşdirilməsinə qarşı çıxır. Ola bilsin bu etirazlar müqabilində Ermənistan prosesi qabarıq şəkildə davam etdirməkdən çəkinsin və əsasən seçkilərdən sonra cürət göstərsin. Lakin müxalifətin təsiri məsələsi qeyd etdiyimiz kimi bəhanə də ola bilər. Prosesin ləng getməsinə digər səbəb isə Ermənistan tərəfi delimitasiya prosesinin bəzi strateji ərazilərin və yolların Azərbaycana keçməsi ilə nəticələnəcəyindən narahatlığıdır. Bu da əsaslı səbəb deyil. Əgər sərhədlər qanuni, beynəlxalq hüquqa uyğun şəkildə müəyyən edilirsə burada narahatlığa lüzum yoxdur. Həmçinin, anklav və eksklav ərazilərin, bir neçə kəndin qaytarılması məsələsi prosesinin də məsələni mürəkkəbləşdirdiyi deyilir. Bu da əsaslı görünmür. Çünki anklav və eksklav olmayan ərazilərdə bu prosesi davam etmək olar, necə ki, bir neçə kilometrdə bu iş aparılıb. Tərəflər arasında sərhədlərin hansı tarixi xəritələr əsasında müəyyən ediləcəyi ilə bağlı da fikir ayrılıqlarının mövcud olması da deyilir. Ancaq hər bir halda bütün bu məsələlərlə bağlı yeni görüşlərin, dialoqun, müzakirənin olması zəruri görünür".
Zeynəb Mustafazadə