Heydər Əliyevin siyasi irsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edir- ÖZƏL
10:30 Siyasət"Azərbaycan dövlətinin söykəndiyi ideoloji və dövlətçilik prinsiplərinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun olaraq yenilənmiş həmin prinsiplər Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapıb. Bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır. Bu prinsiplərin hər biri Heydər Əliyevin siyasi irsinin əsasını təşkil edən ideoloji məsələlərdir".
Mübariz Qurbanlı qeyd edib ki, müasir Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji-siyasi kursun uğurla həyata keçirilməsinin nəticəsidir: "Odur ki, Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın bugünü və gələcəyi üçün mükəmməl siyasi irs kimi özünü göstərir. Bu siyasi irs Azərbaycan xalqının müstəqilliyi, güclü dövlətçilik, iqtisadi inkişaf, sosial rifah və xalqımızın milli birliyi kimi fundamental istiqamətləri əhatə edir.
Heydər Əliyevin siyasi irsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edən kompleks bir sistemdir. Bu, sabitlik, milli ideologiya, iqtisadi strategiya və institusional quruculuğun vəhdəti üzərində qurulub. Bu strateji kurs Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsasını təşkil edir. Regionda və dünyada söz sahibi olan güclü və qalib Azərbaycan dövləti Heydər Əliyev irsinin və bu irsi layiqincə davam etdirən, dövrün çağırışlarına uyğun zənginləşdirən Prezident İlham Əliyev siyasi kursunun təntənəsidir".