Uşaq teatrları: Gələcəyin mədəniyyətini formalaşdıran səhnələr
19:30 MüsahibəUşağı güldürən tamaşa bir saatlıqdır, onu düşünməyə məcbur edən tamaşa isə ömürlük
Teatr bəşəriyyətin min illərlə davam edən sənət yolunun ən canlı, ən təsirli ifadələrindən biridir. Səhnə yalnız aktyorların hekayələr danışdığı bir məkan deyil, o, cəmiyyətin aynası, duyğuların və düşüncələrin toqquşduğu bir yerdir. Hər tamaşa, hər obraz, hər söz mədəni dəyərlərin çatdırılmasında öz rolunu oynayır.
Uşaq teatrları isə bu sənətin ən xüsusi, ən həssas qolu sayılır. Onlar təkcə əyləncə məkanı deyil, eyni zamanda uşaqların yaradıcılıq bacarıqlarını, təxəyyülünü və estetik zövqünü inkişaf etdirən əvəzsiz məkandır. Səhnədə çıxış edən hər bir uşaq özünəinamını kəşf edir, məsuliyyət hissini artırır, həmyaşıdları ilə əməkdaşlıq etməyi öyrənir. Düşünürəm ki, bu proses yalnız uşaqların fərdi inkişafına deyil, həm də onların milli mədəniyyətə, ədəbiyyata və incəsənətə sevgisinin formalaşmasına xidmət edir.
Uşaq teatrının təsiri təkcə səhnə ilə məhdudlaşmır. O, həm də valideynlərin, müəllimlərin və cəmiyyətin uşaqların dünyagörüşünü zənginləşdirməsinə imkan yaradır. Tamaşalar vasitəsilə uşaqlar əxlaq, dostluq, dürüstlük, sevgi və cəsarət kimi fundamental dəyərləri öyrənir, müxtəlif sosial rolları və həyat vəziyyətlərini anlamağa başlayırlar. Hər bir uşaq tamaşası, hər bir rol, onların düşüncə və duyğu dünyasında yeni qapılar açır.
Uşaq teatrlarının milli mədəniyyətin qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı rol barədə daha dərindən danışmaq üçün bir neçə peşəkar və təcrübəli şəxslə- Respublikanın Əməkdar artisti İntiqam Soltan ilə söhbət etdik:
-Uşaq teatrının milli mədəniyyətin qorunması və gələcək nəsillərə ötürülməsində rolu nədir?
- Sual o qədər sadə görünür ki, istənilən sahənin mütəxəssisi düşünə bilər ki, bu sualı çox rahatlıqla cavablandıra bilər. Amma teatrlara olan real diqqəti nəzərə alsaq görərik ki, cəmiyyətdə uşaq teatrlarının əhəmiyyətini bilənlər çox azdır. Və buna yalnız təəssüflənmək olar. Teatr canlı sənətdir və maarifləndirmə, təbliğat, milliliyin aşılanması, uşaqları həyata, gələcəyə hazırlamaq işində hər hansı bir təbliğat maşını onunla müqayisədə məğlub olar.
Gəlin azca araşdırma-təhlil aparaq. Məktəblər, yəni təhsilimiz müasir təhsil sistemi ilə, konkret olaraq texnologiyanın inkişafı qarşısında çox acizdir. Çünki müəllimin dediyindən qat-qat artığını uşaq (şagird) cibində gəzdirir (smartfonları nəzərdə tuturam). Filmlər aylar öncə yazılmış və çəkilmiş kölgələrdən ibarətdir ki, uşaq ona müdaxilə edə bilmir. Və film öz sözünü deyib keçir... Televiziyalar bütün yaş dövrləri üçün bircə qutudan ibarətdir. Hansı ki, gənclərin və yaşlı nəslin də informasiya təminatını, əyləncəsini ödəmək məcburiyyətindədir. Mən hələ demirəm ki, 10 milyonluq auditoriyaya eyni fikir eyni cür təsir edə bilməz. Birinə müsbət təsir edəndə on nəfərə mənfi təsir edə bilər. Teatr isə məhdud auditoriya qarşısında, qarşısındakıların yaşına, sosial durumuna və s. tələbata uyğun canlı bir sənət növüdür. Bu isə uşağın gələcək nəsillərə bir informasiya daşıyıcısı kimi hazırlanması deməkdir...
-Uşaq teatrlarının uşaqlara yalnız əyləncə yox, həm də estetik və yaradıcı inkişaf baxımından necə təsir etdiyini müşahidə edirsiniz?
- Əlbəttə, müşahidə olunur. Hətta bu təsir çoxmərhələlidir.
-Uşaq teatrı təkcə "gülmək və vaxt keçirmək" deyil, uşağın estetik zövqünün, təxəyyülünün və yaradıcı düşüncəsinin formalaşdığı canlı məktəbdir.
Uşaq teatrı estetik zövqü formalaşdırır. Uşağa (hətta çox uşağa ilk dəfə) gözəlliyi seçməyi öyrədir. Rənglərin harmoniyasını, musiqi ilə hərəkətin vəhdətini, sözün deyiliş formasını, məzmunla əlaqəsini...
Belə izah edim də... Teatrda uşaq yaşayaraq qavrayır, izah olunaraq yox. Yaxşı tamaşa uşağı bayağılığa meyllilikdən uzaqlaşdırır. Yaxşını pisdən seçməyə kömək edir... Uşağın beynində "bəs əgər..." sualı yaradır. Tamaşadan sonra uşaqlar obrazları təqlid edir, öz hekayələrini qurur, səhnədə gördükləri oyunu davam etdirirlər. Bunlar isə, fantaziyanın genişlənməsi, simvolik düşüncənin yaranması, alternativ həll tapmaq bacarığı deməkdir.
Televiziya, kino və telefon hazır obraz verir, teatr isə təsəvvürü formalaşdırır. Yəni tamaşadan sonra uşaq özü obraz yaratmağa cəhd edir... Yeri gəlmişkən, uşağı güldürən tamaşa bir saatlıqdır, onu düşünməyə məcbur edən tamaşa isə ömürlükdür.
-Azərbaycan uşaqları arasında teatrın populyarlığı necədir? Sizcə, hazırda bu sahədə nələr yaxşı, nələr isə inkişaf etməyə ehtiyac duyur?
- Bu sual çox yerindədir. İnsan, xüsusilə uşaq eşitdiyinə reaksiya verir. Azərbaycanda isə uşaq teatr haqqında çox az eşidir. Bu çox təəssüfedicidir. Yəni heç bir yerdə teatrın təbliğatı getmir. Sanki bir qısqanclıq var. Mən bu fikri dəqiqləşdirsəm, deyərdim ki, sanki sovet ideologiyası ilə yanaşılır. Fikrimi açıqlayım... Sovet cəmiyyətində hər kəsin diqqətindən yayınan bir şey vardı. Fəhlə ilə kəndli yola getmirdi, sürücü ilə sərnişin, tələbə ilə müəllim, polislə vətəndaş, rəhbərlə əməkdaş və s. münasiblərdə sünilik hökm sürürdü. Sanki hər şey yaxşıdır. Amma heç bir şey qaydasında deyildi. Ona görə də sovetlər birliyinin ömrü bir insan ömründən də qısa oldu...
Baxın, teatrda bütün sahələr, eləcə də təhsil (zəif və güclü tərəfləri göstərilməklə müqayisəyə təqdim olunur) təbliğ olunduğu halda hansısa bir məktəbdə teatr təbliğinə rast gəlmisinizmi?! Və ya hansısa bir televiziya kanalında hansısa bir tamaşa haqqında təbliğat videoçarxına rast gəlmisinizmi?!
Bir də görürsən teatr tamaşası "tədbir" kimi təqdim olunur, proses kimi yox. Valideynlərin özündə teatr vərdişi və teatr haqqında məlumat çox zəifdir.
Elə bu səbəbdəndir ki, Azərbaycan teatrı uşaqlar arasında hələ vərdişə çevrilməyib, amma yaşayır... Vərdişə çevrilməməyinin səbəbi isə təkrar edirəm, yuxarıda göstərdiklərimdir...
İnanın ki, bir çox hallarda düşünürlər ki, "teatr-tədbir təşkilatıdır"! İnanın bu teatr adamını çox incidir. Populyarlığa gəlincə, böyük şəhərlərdə uşaq teatrına maraq var. Bayram günləri, məktəb tədbirləri zamanı zallar dolur. Amma bu maraq davamlı deyil, epizodikdir, desəm yanılmaram.
Uşaqlarda teatra təkrar gəlmə vərdişi formalaşmır. Bu isə uşağın yox, sistemin problemidir. (Oxu, günahıdır) Günahı sağda-solda axtarmağım o demək deyil ki, teatrlarımızda hər şey qaydasındadır. Məsələn, bir çox tamaşalarda hələ də uşağa,-"bunu etmə, bunu et" yanaşması qalmaqdadır. Bu isə rejissorun konservatorluğundan xəbər verir. Uşaqsa, -"Mənə dərs keçmə, məni oyuna sal. Mənim dərk eləməyimə yardımçı ol"-deyir.
Bir çox hallarda tamaşalar uşağı yox, valideyni razı salmağa hesablanır. Və ya, uşağa balaca adam kimi baxılır və s... Halbuki, uşaq emosional olaraq böyüklərdən daha mürəkkəbdir.Onlar, teatra tez bağlanar, tamaşanı telefonla müqayisə etmirlər.
-Uşaq teatrının gələcəyini necə görürsünüz? Gənc aktyorlar üçün hansı imkanlar artırılmalıdır?
- Utopik görünmək istəmirəm. Uşaq teatrlarının gələcəyi var... amma bu gələcək öz-özünə gəlməyəcək. O, sistemli yanaşma və sağlam mühit tələb edir. Sağlam mühit ifadəm doğru anlaşılmaya bilər. Teatra (xüsusən də Uşaq teatrlarına) ikinci dərəcəli yanaşmanı nəzərdə tuturam.
Dünya tendensiyası göstərir ki, bu gün ən cəsarətli rejissorlar uşaq teatrına gəlir, çünki uşaq teatrlarında eksperiment, yenilik etmək daha çox mümkündür. Və mən deyərdim ki, bu tələb olunur... Bu tendensiya Azərbaycanda da qaçılmazdır. Dörd divarın arasında çapalayan (eksperimentlərdən qorxan) teatrlardan cana doyan rejissorlar hamısı uşaq teatrlarına üz tutacaq...
Təbii ki, bunlar mənim proqnozlarımdır. Və mən bu proqnozların reallaşacağına əminəm...
-Azərbaycan mədəniyyətində uşaq teatrının rolu və əhəmiyyəti barədə ictimaiyyətə hansı mesajı vermək istərdiniz?
- Uşaq teatrları demək, gülmək, əylənmək üçün deyil, uşaqları gələcəyə hazırlayan bir məkandır. Yaxşını pisdən, pafosu reallıqdan, yalanı həqiqətdən ayırmağı uşaqlar ilk dəfə teatrda öyrənirlər.
Münasibətə gəlincə isə...Uşaq teatrına investisiya sabaha investisiyadır. Bu fikir yetkililər tərəfindən qəbul olunduğu zaman Azərbaycanda uşaq teatrlarının inkişafı bütün standartlara cavab verəcək...
İngilis rejissoru Declan Donnellanchr("39")ın bir sözü var. O deyir,-"Teatr həyatın bir hissəsi deyil. Əksinə, həyat teatrın bir parçasıdır..."
Uşaq teatrları yalnız bir sənət sahəsi deyil, gələcəyin mədəniyyətini, düşüncəsini və duyğularını formalaşdıran bir məktəbdir. Hər səhnəyə çıxan uşaq, hər gördüyü obraz, hər yaşadığı duyğu onun həyatına iz qoyur, onu estetik və mənəvi cəhətdən zənginləşdirir. Teatr, televiziya və ekranın sürətli, hazır dünyasına qarşı uşaqlara düşünməyi, yaratmağı, hiss etməyi öyrədən nadir yerlərdən biridir. Bu səbəbdən uşaq teatrına göstərilən diqqət yalnız bugünün uşaqları üçün deyil, sabahın mədəniyyət daşıyıcıları, düşünən, hiss edən və yaradıcı vətəndaşları üçün edilən bir sərmayədir. Gələcək nəsillərin incəsənətə sevgisi, milli dəyərlərə hörməti və yaradıcılıq bacarığı, uşaq teatrlarının səhnəsində atılan hər addımda formalaşır.
Zeynəb Mustafazadə