Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə görüş keçirilib

Məsələ ilə bağlı məlumat redaksiyamıza Partiyanın Mətbuat xidmətindən verilmişdir.

Məlumatda bildirilir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 6 iyun tarixində Partiyanın sədri Hafiz Hacıyev ilə görüşmüşdür.

Görüş zamanı region və dünyada müşahidə olunan tendensiyalarla yanaşı ölkənin daxili siyasi həyatında baş verən əlamətdar dəyişikliklər, siyasi proseslərin demokratikləşməsi və sağlam münasibətlərin bərqərar olunmasına xidmət edən dövlətin təşəbbüsləri, siyasi dialoq sayəsində əldə olunmuş vacib nailiyyətlər və digər məsələlər ətrafında söhbət aparılmışdır.

Vurğulanmışdır ki, ölkədə sağlam əməkdaşlıq mühitinin mövcudluğu bilavasitə ali siyasi iradənin təcəssümüdür və mövcud istiqamətdə atılan bütün təşəbbüslər siyasi partiyalar tərəfindən aktiv şəkildə dəstəklənir. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan ictimaiyyəti siyasi partiyaların sərbəst fəaliyyəti və inkişafı üçün ötən müddət ərzində görülmüş müxtəlif səpgili işlərin canlı şahididir.

Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra cəmiyyətdə yaşanan milli birliyin bundan sonra da qorunmasında siyasi partiyaların aktivliyi xüsusi olaraq vurğulanmışdır.

İnformasiya məkanında vaxtaşırı şəkildə yaşanan təxribatları və qərəzli yanaşmaları tənqid edən Partiya sədri mövcud məsələdə də hər zaman dövlətin yanında olduğunu bildirmişdir. Məsuliyyətsiz demaqogiyanın yalnız qərəz və məkrli niyyətlərin məhsulu olduğunu qeyd edən H.Hacıyev rəhbərlik etdiyi Partiyanın dövlətçilik ənənələrinin və milli birliyin qorunması uğrunda mübarizədə bütün resurslarını səfərbər etməyə hazır olduğunu vurğulamışdır.

Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli mənafelərin qorunması yolunda Müasir Müsavat Partiyasına uğurlar arzulamışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31