Dünyanın müzakirə etdiyi 6 saatlıq iş modeli: 8 saatlıq rejim tarix olur?
22:34 SosialDünyada əmək bazarında baş verən dəyişikliklər, texnologiyaların sürətli inkişafı və iş mühitində insan amilinə verilən önəmin artması iş vaxtının təşkili ilə bağlı yeni yanaşmaları gündəmə gətirib. Ənənəvi olaraq uzun illərdir tətbiq olunan 8 saatlıq iş günü modeli bir çox ölkələrdə yenidən müzakirə olunur və onun alternativləri araşdırılır. Bu alternativlər arasında ən çox diqqət çəkən məsələlərdən biri isə 6 saatlıq iş günü modelidir. Dünyanın müxtəlif ölkələrində aparılan pilot layihələr, elmi araşdırmalar və korporativ təcrübələr göstərir ki, iş saatlarının azaldılması hər zaman məhsuldarlığın aşağı düşməsi demək deyil. Əksinə, bir sıra hallarda daha qısa iş günü işçilərin motivasiyasını artırır, psixoloji gərginliyi azaldır və onların həm iş, həm də şəxsi həyat arasında daha sağlam balans qurmasına imkan yaradır. Müasir dövrdə iş həyatının intensivləşməsi, rəqəmsal texnologiyaların inkişafı və işçinin daim əlçatan olmasının gözlənilməsi əmək bazarında yeni problemlər yaradıb. Bir çox insan gün ərzində saatlarla işləməsinə baxmayaraq, yorğunluq, diqqət dağınıqlığı və peşəkar tükənmişlik sindromu ilə üzləşir. Xüsusilə pandemiyadan sonra məsafədən və hibrid iş modellərinin geniş yayılması iş saatlarının effektivliyi məsələsini daha da aktuallaşdırıb. Mütəxəssislər hesab edirlər ki, iş yerində keçirilən uzun saatlar hər zaman yüksək nəticə ilə müşayiət olunmur. Əmək məhsuldarlığının əsas göstəricisi iş yerində keçirilən vaxt deyil, həmin vaxt ərzində görülən işin keyfiyyəti və səmərəliliyidir. Məhz bu səbəbdən bir sıra ölkələrdə iş vaxtının qısaldılması ilə bağlı eksperimentlər həyata keçirilir. Bu təşəbbüslərin əsas məqsədi əmək məhsuldarlığını qorumaqla yanaşı, işçilərin rifahını yaxşılaşdırmaq, onların ailələrinə, şəxsi inkişaflarına və sağlamlıqlarına daha çox vaxt ayırmasına şərait yaratmaqdır. Əmək münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr fonunda 6 saatlıq iş günü modeli yalnız iqtisadi deyil, həm də sosial məsələ kimi qiymətləndirilir. Bu model işçinin həyat keyfiyyətinin yüksəldilməsi, psixi sağlamlığının qorunması və iş-həyat balansının təmin olunması baxımından mühüm alət kimi təqdim edilir.
Maraqlıdır, Azərbaycan hazırda xidmət və istehsalat sektorunda belə bir keçidə hazırdırmı? Daha az işləyib eyni nəticəni almaq mümkündürmü? Bu model hansı sahələrdə reallaşa bilər?
"Son illər dünyada 6 saatlıq iş günü modeli getdikcə daha çox müzakirə olunan və əmək bazarının gələcəyi ilə bağlı debatlarda tez-tez gündəmə gətirilən mövzulardan birinə çevrilib. Bunun əsas səbəbi işçilərin rifahını artırmaq, onların psixoloji və fiziki sağlamlığını qorumaq, iş-həyat balansını daha effektiv şəkildə təmin etmək və nəticə etibarilə daha məhsuldar iş mühiti yaratmaq istəyidir. Müasir dövrdə texnologiyanın sürətli inkişafı, iş proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşma iş saatlarının səmərəliliyi ilə bağlı yeni yanaşmaların ortaya çıxmasına səbəb olub. Bu baxımdan uzun saatlar işləmək hər zaman yüksək məhsuldarlıq demək deyil və bəzi hallarda iş vaxtının azaldılması daha yaxşı nəticələr verə bilər. Xüsusilə İslandiya, İsveç, Böyük Britaniya və bir sıra digər Avropa ölkələrində bu istiqamətdə müxtəlif pilot layihələr və eksperimentlər həyata keçirilib. Həmin layihələr çərçivəsində bəzi dövlət qurumlarında, özəl şirkətlərdə və müxtəlif təşkilatlarda iş vaxtının azaldılmasının nəticələri araşdırılıb. Əldə olunan nəticələr isə kifayət qədər maraqlı və diqqətçəkici olub. Bir çox hallarda işçilərin işdən məmnunluq səviyyəsinin yüksəldiyi, onların özlərini daha enerjili hiss etdikləri, iş stresinin və tükənmişlik sindromunun azaldığı müşahidə edilib. Eyni zamanda bəzi müəssisələrdə məhsuldarlığın əvvəlki səviyyədə qaldığı, hətta müəyyən hallarda daha da artdığı qeyd olunub".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında İnsan resursları üzrə mütəxəssis və təlimçi Nigar Təmrazova deyib: "Ancaq vacib bir məqamı vurğulamaq lazımdır ki, bu ölkələrin böyük əksəriyyəti tam şəkildə və ölkə miqyasında 6 saatlıq iş modelinə keçməyib. Daha çox müəyyən şirkətlərdə, ayrı-ayrı təşkilatlarda və ya məhdud müddətli pilot proqramlar çərçivəsində sınaqlar aparılıb. Bu səbəbdən əldə edilən nəticələri bütün iqtisadiyyat və bütün əmək bazarı üçün universal model kimi qəbul etmək düzgün olmazdı. Hər bir ölkənin iqtisadi strukturu, əmək bazarının xüsusiyyətləri, biznes mühiti və iş mədəniyyəti fərqli olduğundan, eyni model müxtəlif ölkələrdə fərqli nəticələr verə bilər. Pilot layihələrin nəticələri göstərib ki, bəzi sahələrdə işçi məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb, işçilərin motivasiyası yüksəlib, işdən ayrılma halları azalıb və ümumi iş mühiti daha sağlam xarakter alıb. Bundan əlavə, bir sıra təşkilatlar işçilərin daha qısa müddətdə daha fokuslu işlədiklərini və vaxtdan daha səmərəli istifadə etdiklərini müşahidə ediblər. Lakin digər tərəfdən, xüsusilə xidmət və istehsalat sahələrində bu modelin tətbiqi müəyyən çətinliklər yaradıb. İş prosesinin fasiləsiz davam etməsi tələb olunan sahələrdə iş saatlarının azaldılması əlavə insan resurslarının cəlb edilməsini və bunun nəticəsində əlavə maliyyə xərclərinin yaranmasını zəruri edib. Bu isə hər bir şirkət və ya təşkilat üçün iqtisadi baxımdan əlverişli olmaya bilər. Azərbaycan kontekstinə baxdıqda isə hesab edirəm ki, hazırda bütün sektorlar üzrə 6 saatlıq iş gününə keçid üçün tam hazırlıq mövcud deyil. Ölkə iqtisadiyyatının müxtəlif sahələri fərqli xüsusiyyətlərə malikdir və onların hamısına eyni yanaşmanın tətbiq edilməsi praktik baxımdan çətin görünür. Xüsusilə istehsalat, logistika, səhiyyə, pərakəndə satış və müştəri xidmətləri kimi sahələrdə iş prosesinin fasiləsiz davam etməsi vacibdir. Bu sahələrdə vətəndaşlara və müştərilərə xidmət gün ərzində davamlı şəkildə göstərilməlidir. Bu səbəbdən iş saatlarının azaldılması əlavə növbələrin yaradılmasına, daha çox işçi qüvvəsinin cəlb olunmasına və nəticə etibarilə müəssisələrin xərclərinin artmasına səbəb ola bilər. Bununla belə, bəzi sahələrdə daha çevik və innovativ yanaşmaların tətbiqi mümkündür. Xüsusilə İT, HR, marketinq, təlim, konsaltinq və digər intellektual əmək tələb edən sahələrdə iş vaxtının təşkilinə daha fərqli yanaşmaq olar. Bu sahələrdə əmək məhsuldarlığı çox zaman işçinin iş yerində keçirdiyi saatlarla deyil, ortaya qoyduğu nəticə və yaradılan dəyərlə ölçülür. Buna görə də burada çevik qrafiklər, qısaldılmış iş saatları və nəticəyönümlü idarəetmə modelləri daha effektiv ola bilər. Pandemiya dövründə onlayn və hibrid iş modellərinin geniş yayılması da bu yanaşmanın mümkünlüyünü müəyyən mənada sübut etdi. Həmin dövrdə bir çox təşkilatlar ənənəvi iş üsullarından fərqli modellər tətbiq etməyə məcbur oldular. Təcrübə göstərdi ki, bəzi vəzifələrdə əsas məsələ işçinin ofisdə neçə saat keçirməsi deyil, onun hansı nəticəni əldə etməsi və qarşıya qoyulan hədəfləri nə dərəcədə yerinə yetirməsidir. Bu da iş vaxtı ilə bağlı klassik yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Mütəxəssisin fikrincə, gələcəyin əmək bazarında əsas müzakirə mövzusu 6 saat və ya 8 saat işləmək məsələsi olmayacaq. Əsas məsələ daha ağıllı, daha məhsuldar və nəticəyönümlü işləmək olacaq. Texnologiyanın inkişafı, süni intellektin və avtomatlaşdırmanın geniş yayılması iş proseslərini dəyişdirdikcə, iş vaxtının uzunluğundan daha çox işin keyfiyyəti və əldə olunan nəticələr ön plana çıxacaq. Bu səbəbdən gələcəkdə şirkətlər işçilərin iş yerində keçirdikləri vaxta deyil, onların yaratdıqları dəyərə və əldə etdikləri nəticələrə daha çox diqqət yetirəcəklər. Azərbaycanda da mərhələli şəkildə çevik iş modellərinin tətbiqi mümkündür. Lakin bunun uğurla həyata keçirilməsi üçün həm şirkətlərdə idarəetmə yanaşması dəyişməli, həm əmək məhsuldarlığı yüksəlməli, həm də iş proseslərinin təşkilində daha müasir metodlardan istifadə olunmalıdır. Eyni zamanda işəgötürənlər və işçilər arasında qarşılıqlı etimadın güclənməsi, nəticəyönümlü iş mədəniyyətinin formalaşması və texnoloji imkanların genişləndirilməsi də vacib amillərdən biridir. Yalnız bu şərtlər təmin olunduğu halda çevik iş modelləri və iş saatlarının optimallaşdırılması həm işçilər, həm də işəgötürənlər üçün faydalı nəticələr verə bilər.

Mövzunu şərh edən "HR Hunter" şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, dünyada həm 6 saatlıq iş günü, həm də 4 günlük iş həftəsi modeli ciddi şəkildə müzakirə olunur. Hətta bəzi ölkələrdə iş saatlarının azaldılması və ya 4 günlük iş qrafikinə keçilməsi ilə əmək məhsuldarlığının artırılmasının mümkün olduğu praktiki olaraq sübut edilib. Aparılan təcrübələr göstərir ki, müəyyən sahələrdə işçilər daha az vaxt ərzində eyni həcmdə, bəzən isə daha yüksək keyfiyyətlə iş görə bilirlər. Buna görə də dünya tədricən bu istiqamətə doğru hərəkət edir. Azərbaycanda isə bu məsələnin özünəməxsus xüsusiyyətləri var. Məsələn, dövlət sektorunda belə bir keçidin həyata keçirilməsi üçün ilk növbədə qanunvericilik bazasında dəyişikliklər edilməli, müvafiq qərarlar qəbul olunmalıdır. Bu proses mərhələli şəkildə aparılmalı və iş saatlarının tənzimlənməsi ilə bağlı yeni mexanizmlər hazırlanmalıdır.
Mütəxəssisin sözlərinə görə, özəl sektorda vəziyyət bir qədər fərqlidir. Burada iş qrafikinin müəyyənləşdirilməsi əsasən müəssisələrin öz qərarından asılıdır. Lakin şirkətlər bir-biri ilə sıx əməkdaşlıq etdikləri və fəaliyyətlərini qarşılıqlı əlaqə əsasında qurduqları üçün bu sahədə radikal dəyişikliklərin tətbiqi asan deyil. Məsələn, əgər əksər müəssisələr 8 saatlıq iş rejimi ilə fəaliyyət göstərirsə, 6 saatlıq iş qrafiki ilə işləyən bir şirkət günün qalan hissəsində tərəfdaşlarına və ya müştərilərinə lazımi xidmət göstərə bilməyə bilər. Bu isə müəyyən hallarda müştəri itkilərinə və digər təşkilati çətinliklərə səbəb ola bilər. Məhz buna görə də hazırkı mərhələdə ölkə üzrə tam və kütləvi şəkildə 6 saatlıq iş qrafikinə keçid real görünmür. Bununla belə, Azərbaycanda artıq 6 saatlıq iş rejimi ilə fəaliyyət göstərən müəssisələr də mövcuddur. Həmin müəssisələr öz iş prinsiplərini və fəaliyyət mexanizmlərini elə qurublar ki, digər şirkətlərlə əməkdaşlıq zamanı hər hansı ciddi problem yaranmır və iş prosesinin səmərəliliyi qorunub saxlanılır.
Səidə Ramazanova