“Kişi evə gələn kimi “pult”u əlinə alaraq kanalı dəyişir”

“Mövzu evdar xanımları maraqlandırırsa bu serialı kişilər evdə olmayanda yayımlamaq lazımdır”

"Bizim Qonaq" layihəsinin budəfəki həmsöhbətləri "Pərvanələrin Rəqsi" serialının qruluşçu rejissoru Rövşən İsax, ikinci rejissor Vüqar Əmirov, bu heyətlə yaxın günlərdə çəkilişləri başlayacaq "Sonuncu Fəsil" serialının ssenaristi Əyyub Qiyasdı. Müsahiblərimizlə Azərbaycan serial və kinosunun durumu, problemləri haqda danışdıq. İşinin məsuliyyətini hər zaman dərk edən, bir çox hallarda buna görə özü-özünü sorğu sual edən Rövşən İsax müsahibəyə maraqlı əhvalatla başladı: "Həyat yoldaşımla ailə həyatı quranda o elə bilirdi ki, mənim nəsə prbolemim var. Öncələr bu haqda mənə heç nə deməmişdi. Həmişə güzgüyə yaxınlaşanda özüm-özümə sual verib cavablandırırdım. Xanımım da elə bilirdi ki, mən dəli olmuşam".

-İlk öncə serial sahəsindəki problemlərdən danışmaq istərdim. Demək olar ki, rejissoru olduğunuz serialın yayımından öncə teleməkanda ciddi yerli məhsul yox idi... Ciddi serialın çəkilməsinə nə maneə olurdu?

-R.İ: Bir serialla Azərbaycanda nə ssenarist, nə də ki aktyor yetişə bilməz. Əlbəttdə ki ciddi serialın ərsəyə gəlməsi üçün maddi baza yetərli deyildi. Bu da serialların çəkilməsinə problem yaradan amillərdən biridir. Biabırçı filmlər bütün dünyada çəkilir. Məsələn, "Zəif Amerika" filmi çox uğursuz filmdir. Dünən, bu gün, sabah da belə filmlər çəkiləcək....Bizim sənət subyektivliyi sevir. Mən ifaçıyamsa gərək şair nəsə yazsın, bəstəkar ona bir nəğmə qoşsun, mən də oxuyum. Film-serial sahəsi də bir-birinə belə bağlıdır. Peşəkar adlandırdığımız kimlərsə ola bilər ki, serial sahəsində müvəffəqiyyətsizliyə uğrasın. Heç kimin bu qədər uğur gözləmədiyi birisi isə ola bilər ki, daha yaxşı serial çəksin.

-Ə.Q: Təhsil aldığım institutun yanında bir kitab mağazası var idi. Azərbaycana gətirilən ən gözəl, seçmə kitablar məhz bu mağazaya gətirilirdi. Ənvər adlı bir tanışım var idi. Hansı kitabdan söz salırdın o haqda danışırdı. Bütün kitablar haqda məlumatlı idi. Elə olurdu ki, kitab gələn kimi alıb bir saat içində onu oxuyub bitirirdi. Sonradan onun kitabın ön səhifəsində olan məlumatı oxuyaraq bu haqda ümumi danışdığı məlum oldu...Kino-serial sahəsində də ümumi danışanlar var. Qiymət yalnız ekranda nümayiş etdirilən əsərə verilir. Bu gün hamı serial-film çəkmək istəyir. Bu sahəyə gələrkən şöhrəti, maddiyatı düşünənlər də az olmur. Amma uğurlu əsəri fədakarcasına bu işi görənlər ərsəyə gətirə bilir. O kəslər ki, çəkiliş meydançasında alnından-dabanınadək su içində olur.

-Tamaşaçılar bir çox hallarda Azərbaycanda çəkilən serialların ssenarilərinin Türkiyə seriallarından oğurlandığını deyir...

-Ə.Q: Türklər də serial çəkərkən hansısa ölkənin ənənəsindən yararlanıb. Bu sənətdə digər dövlətlərin ənənəsi önəmlidir. Bununla belə əbədi mövzular var: sevgi, xəyanət. Bunu dəyişdirmək mümkün deyil. Ssenarinin təkrarlanmaması isə təqdimatdan asılıdır. Peşəkar rejissorlar gördüyü hər şeyi özlərinin fərqli düşüncə tərzlərinə uyğun təqdim edirlər. Qeyri-peşəkar və istedadsızlar isə izlədikləri hər hansı serial, ya filmin "kopya"sını çıxardır. Plagiatlıqda yaradıcılıq vacib amil deyil.

-Diqqətdən kənar qalan mövzulara da toxunmaq olar. Məsələn, tarixi mövzulara. Artıq Türkiyə də bu ənənədən bəhrələnir...

-Ə.Q:  "Muhteşem Yüzyıl"da dekorasiyanı dəyişərək mövzunu olduğu kimi saxlasaq nə görəcəyik? Ailə-məişət problemləri. "Muhteşem Yüzyıl"ın mövzusu ailə-məişət zəminində qurulub.

-V.Ə: Hər bir ölkənin öz tarixi var. Sabah biz də tariximizə müraciət edib bu mövzuda serial çəkə bilərik. Amma bu o demək deyil ki, biz plagiatlıqla məşğul oluruq. Bu yaxınlarda Türkiyə telekanallarında "Aramızda Qalsın" adlı serialın yayımlanacağı haqda anons getdi. Biz türklərdən oğurlayırıqsa, onlar da bizdən oğurlayır.

-R.İ: "Pərvanələrin Rəqsi" serialının çəkilişi başlamazdan öncə bir neçə dəfə müsahibə vermişəm. Hər dəfə jurnalistlər aktyorlarımızın türklər kimi oynaya bilməməsindən, rejissor və ssenaristlərimizin də onlar kimi iş ərsəyə gətirə bilməməsindən gileylənirdi. Mən keçmişimlə öyünən insanam. 70-ci illərdə türklərdə elə filmlər çəkilirdi ki, o zaman Azərbaycanda "Tütək səsi", "Axırıncı aşırım" kimi maraqlı filmlər ekranlaşdırılmışdı. Bir anın içində hər şeyin üstündən xətt çəkib demək olmaz ki, bizim aktyorlar oynaya bilmir. "Pərvanələrin Rəqsi" ekranda yayımlandıqdan sonra çoxlarının "bizdə necə də məharətli aktyorlar var" deməsini eşitdikdə çox sevindim. İkinci Dünya müharibəsinin incəsənətə faydası çox oldu. Bütün ölkələr müharibə mövzusunda filmlər çəkməyə başladı. Bilirsiniz necə, ümumbəşəri mövzulara hər zaman tələbat var. Təəssüflər olsun ki, jurnalistlərimizin böyük qismi harda bişməsindən asılı olamayaraq boşqab uzadır ki, mənə də bir çömçə verin. Serial məişət problemindən, insan faktorundan kənara çıxa bilməz. İşdən yorğun-arğın gəlib ekran qarşısnda əyləşən şəxsə dərin fəlsəfi və psixoloji yüklə dolu bir seriala baxmaq əlbəttdə ki çətin olar. Dörd uşaq anası Zəhra ana da küftə bişirə-bişirə bu seriala baxmayacaq. Onun üçün Mustafa ilə gənc qızın sevgisi haqda çəkilən serial daha maraqlı olacaq. Serial auditoriyanın marağına hesablanmalıdır. Rusiyada və bir çox ölkələrdə formalaşan ənənəyə görə prodakşınlar telekanallara layihə verərək serialın mövzusu və hədəf auditoriyası haqda məlumat təqdim edirlər. Əgər mövzu evdar xanımları maraqlandırırsa bu serialı kişilər evdə olmayanda yayımlamaq lazımdır. Çünki kişi evə gələn kimi "pult"u əlinə alaraq kanalı dəyişir. Amma bizdə tərsinədir. Serialın mövzusu qadınların maraq dairəsində olsa da ekran əsəri kişilər evə gəldiyi vaxtda yayıma başlayır. Evə gedəndə 5 kişi mənə yaxınlaşıb deyirsə, 25 qadın da həyat yoldaşıma yaxınlaşaraq serialı çox bəyəndiyini deyir. Biri deyir ki, yoldaşından öyrən gör 48-ci seriyanın sonu necə olacaq. Burda hər hansı təkrarçılıq və plagiatlıqdan danışmaq olmaz. (Zarafata salaraq: "Əgər səmimiyətimə inanmırsızsa o zaman yazıda mütləq qeyd edin ki, bax bu qəndi götürüb and içdi. Bu qənd haqqı mən bir seriala da baxmamışam). "Guney-Kuzey", "Aşk və Cəza", "Ay tutulması"nın bir neçə seriyasını izləmişəm. Ona görə baxmışam ki, görüm bu serial necə çəkilir. Birinci dəfə baxanda serial mənə çox gülünc gəlmişdi. İki nəfər danışır, söhbətin şirin yerində kadr kəsilərək başqası ilə əvəzlənir. Xeyli müddət keçdikdən sonra yarıda qalan dialoqun davamı göstərilir. Əvvəl kadrın yarıda kəsilərək digəri ilə əvəzlənməsi mənə gülünc gəlirdi. Sonra başa düşdüm ki, bunun qanunu belədir. Adını qeyd etdiyim seriallara da hansısa məqamlara nəzər yetirmək üçün baxmışam. Amma şəxsən bu seriallar mənim diqqətimi heç vaxt çəkməyib. Məqsədim tamaşaçıya maraqlı olan mövzunu ekrnalaşdırmaqdır. Bu mövzuya türkün, ya rusun müraciət edib-etməməsi məni maraqlandırmır.

-Çəkilən seriallar maarifləndirmə funksiyasını necə, yerinə yetirə bilirmi?

-R.İ: Düşünürəm ki, 21-ci əsrdə efirdən kiməsə dərs keçmək gülünc bir şeydir. Mənə elə gəlir ki, biz kifayət qədər maarifləndiririk. "Pərvanələrin Rəqsi" serialında tamaşaçıya adam aldatmağın, uşağı ərköyün böyütməyin, qızı zorla kiməsə ərə verməyin zərərlərini göstərmiş olduq. Maarifləndirmək budursa biz bunu edirik. Mənə elə gəlir ki, hər bir rejissor çəkdiyi ekran əsərində tamaşaçını maarifləndirir. Kimisi birbaşa, kimisi isə dolayı yolla maarifləndirməyə üstünlük verir. Şəxsən mən də dolayı yolla maarfləndirməyə üstünlük verirəm ki, tamaşaçı baxanda deməsin ki, efirdən ona ağıl öyrədirəm.

-Ə.Q: Sənətdə hər hansı mesaj və ideya olmadan uğura imza atmaq çətindir. Məsələn, "Əhməd haradadır" filmi təqdim olunanda ekran əsərinin heç bir ideyasının olmadığı söylənildi. Müəllifdən filmin ideyası haqda soruşduqda o ssenarinin əsasında xoşbəxt həyat ideyasının dayandığını dedi. Çəkilən ekran əsərindən hərə özünə lazım olan dərsi alır. Amma qarşına məqsəd qoyasan ki, mən sırf maarifləndirmə məqsədi ilə bunu çəkirəm, o zaman heç nə əldə etmək mümkün olmayacaq. Maarifləndirmə məqsədini qoyub müəllimlik etmək artıq serial işi olmayacaq. Hazırda da yeni serialın çəkilişlərinə hazırlaşırıq. Məqsədimizi, əsas missiyamızı da müəyyənləşdirmişik.

-R.İ: Mənə elə gəlir ki, maarifləndirmə üçün əsas amil odur ki, ekran önündə əyləşərkən orda özmüzü, ya hansısa tanışımızı görə bilək. "Pərvanələrin Rəqsi" serialında Orxan rolunu canlandıran akyor İlqar Cahangir bir dəfə bizə başına gələn maraqlı hadisələrdən birini danışdı. Metro stansiyalardan birinin önündə dayanarkən cavan oğlan maşını İlqarın qabağında saxlayaraq onun "Pərvanələrin Rəqsi"serialındakı böyük oğlu canlandıran aktyor olub-olmadığını soruşub. Oğlan İlqara deyir ki, atası evdə ondan Orxanı tanıyıb-tanımadığını soruşur. Ata seriala baxarkən Orxanın yerində öz oğlunu görüb. Deməli həmin oğlan da Orxan kimi nəsə səhv hərəkət edərkən vaxt qazanmaq üçün bəhanə uyduraraq sualı eşitmədiyini deyir. Serialda hərə birini öz obrazında görür. Bu zaman serial qəhrəmanları tərəfindən atılan addımlardan hansının düzgün, ya yanlış olduğu göstərilir.

-Bəzi seriallarda kriminal tipli mövzulara da geniş yer ayrılır. Nədənsə bu zaman cinayət törətməyin zərərləri yox, onu necə törədə bilməyin təbliğatı tamaşaçıya çatdırılır. Qan, bıçaq və s bu kimi elementləri görə bilərik.

-Ə.Q: Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli də bu fikri səsləndirdi ki, telekanallarda narkomaniya və kriminal təbliğ olunur. Gün ərzində telekanallardan istənilən sayda bu tip xəbərlər eşidirik. Məsələn, 30 dəqiqəlik xəbər proqramının 12 dəqiqəsi kriminal tipli məlumatlara həsr olunur. Serialda söhbət narkomaniyanı təbliğ etməkdən getmir. Mən narkomaniyanı təbliğ edirəm deyə önəmli epizodu vermirəmsə də olmur. Bununla yanaşı narkotikin yaradacağı fəsadlar da göstərilməlidir. Məsələn, narkomanın övladının dünyaya şikəst kimi gəlməsi, özünü bu vasitədən asılı vəziyyətə düşməsini də çatdırmaq olar. Mənfi qəhrəmanları da canlandırmaq lazımdır. Tamaşaçı ətrafında belələrini görərək ürəyindəki tikanı çıxartmaq istəyir. Narkomanı, oğrunu qulduru da göstərmək olar. Amma təqdimatı düzgün seçmək lazımdır

-V.Ə: Təqdimat çox önəmlidir. Biz narkomaniya ilə bağlı ssenarini ekranlaşdırarkən bunun fəsadları haqda da məlumat verməliyik. Digər mövzularda da həmçinin.

-"Pərvanələrin Rəqsi" serialının sonunda Aytənin intihar xəbəri eşidildi. Amma heç bir görüntü verilmədi...

-Ə.Q: İntihar səhnəsinin bu tərzdə çatdırılması Rövşən İsaxın peşəkarlığının göstəricisidir. Rövşən intihar səhnəsini daha duyğusal çatdırmaq üçün gözəl bir səhnə də çəkə bilərdi.

-O zaman efirdə yayımlanan bəzi seiallar, ya qısa sujet xəttlərində kriminal olayların bu qədər açıq şəkildə göstərilməsini, onun təbliğini rejissorun qeyri-peşəkarlığından irəli gələn amil hesab edə bilərik. Bu gün bəstəkar olub rejissorluq edənlər də az deyil...

-R.İ:( Gülür)  Bu gün həkim də rejissor olmaq istəyir. Azərbaycan dilini təmiz bilməyən şəxslər ssenarist olmaq istəyir. Bu sənət həqiqətən də çox məsuliyyətli bir işdir. Elələri rejissor olmaq istəyir ki, soruşsan heç bu sözün "R" hərfindən belə xəbəri olmaz. İşini bilməyənlər hər sahədə var.

-Ə.Q: Hər sahədə qeyri peşəkarları görə bilərik. İstər mədəniyyətdə olsa, istərsə də bir başqa sahədə.

Nigar Məhərrəm

P.S. Ardı var...Növbəti sayda həmsöhbətlərimizin kino, uşaq film və serialları sahəsindəki durumla bağlı maraqlı fikirlərini öyrənəcəksiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31