“Dedi-qodudan uzaq olduğum üçün rahat yaşayıram” - MÜSAHİBƏ

Mənsum İbrahimov: “İmkanım olmadığından metro və avtobusdan istifadə etmişəm”

"Bizim qonaq" layihəsinin qonağı xalq artisti Mənsum İbrahimovla söhbətimizi davam etdiririk. 

(Əvvəli 16 avqust tarixində)

- Mənsum müəllim, əlavə biznesiniz var?

-(Gülür...)Yox, heç bir biznesim yoxdur. Heç buna çalışmıram da. Yaşayışım, dolanışığım öz sənətimdəndir. Nə iş adamıyam, nə də ki bir köşküm var. Bütün qazancım bu sənətdəndir. İstər müəllim kimi, istər xanəndə.  Musiqi kollecində də dərs deyirəm. Nə qədər tələbələrim var. Beynəlxalq Muğam Festivalının ilk və yeganə qranpiri mükafatçısı tələbəm, əməkdar artist Təyyar Bayramovla da çiyin-çiyinə verib birgə çalışırıq. Arzu Əliyeva, Aytən Məhərrəmova, Elməddin İbrahimov və digər tələbələrimin uğuru da mənim sevincimdir. Xarici səfərlərdən, tədbirlərdən və toy şənliklərindən gəlir əldə edirəm. Qazandığım pul ailəmə yetir.

-İctimai nəqliyyatdan da bir o qədər istifadə etmirsiniz...

-Əvvəllər çox istifadə edirdim. Amma sənətkar üçün şəxsi nəqliyyat daha vacibdir ki, lazım olan yerə zamanında yetişə bilsin. Lap əvvəllər imkanım olmadığından metro və avtobusdan istifadə etmişəm. Daha sonra imkan tapıb özümə şəxsi avtomobil aldım.

-Sosial şəbəkə ilə aranız necədir? Bir neçə gün öncə profilinizi gördüm...

- Sosial şəbəkə ilə aram yoxdur. İnternetdə kiminləsə yazışmaq mənlik deyil. Qardaşım oğlu adımdan profil və səhifə açaraq istifadə edir. Bundan başqa mansumibrahimov.com adlı şəxsi saytım da fəaliyyət göstərir. Bu səhifədə mahnılarım, avtobioqrafiyam, səfərlərim, tədbirlərim haqda məlumatlar yerləşdirilir. Ancaq məlumat əldə emək, lazım olan ifalara qulaq asmaq üçün internetə daxil oluram.

-Boş vaxtınızı necə dəyələndirirsiniz?

- Bu aylarda demək olar ki, boş vaxtım olmur. Amma yenə də imkan tapıb dincəlməyə çalışıram. Kitab oxumağa, ailəmlə gəzintiyə çıxmağa üstünlük verirəm. İnternetlə isə demək olar ki, aram yoxdur. Axşamlar yarım saat komputer qarşısında əyləşib dünyada və ölkəmizdə baş verən olaylar haqda ən son məlumatları əldə edirəm.

-Meyxanaya münasibətiniz necədir?

-Meyxana da Azərbaycan mədəniyyətinin bir qoludur. Münasibətim pis deyil. İnsanlar bədahətən söz deyir, bir-biri ilə deyişirlər. Meyxana inkişaf etdikcə bu sənətin də peşəkarları üzə çıxacaq.

-Əfsuslar ki, bu gün meyxana da bəzi ifaçılar tərəfindən tamaşaçılara olduğu kimi təqdim edilmir? Belə deyək, meyxana da get-gedə bayağı janra çevrilir.

-Hər sahədə belədir. Təkcə meyxanada deyil ki. Zaman keçdikcə meyxana ustadları da ələkdən keçiriləcək. Düşünürəm ki, meyxana gələcəkdə Azərbaycan mədəniyyətinin ən gözəl qollarından birinə çevriləcək.

-Deyirlər ki, sakit adamdan qorxmaq lazımdır. Siz də xaraktercə çox sakit, həm də təmkinli birisiniz...

-Əslində çox mülayim insanam. Mövlanənin belə bir sözü var ki, ya olduğun kimi görün, ya da ki göründüyün kimi ol. Məni necə görürsünüzsə evdə də, küçədə də o cürəm. Həmişə də çalışıram ki kiməsə zərərim toxunmasın. Sənət aləmidir də. Bir də görürsən ki kimsə səni qısqanır, sənin yerində olmaq istəyir. Amma hər kəs onu əldə edə bilmir. Bu uğurların qazanılmasında Allahın da insan üçün açdığı yolun rolu var. Əlbəttə ki, insanın zəhməti, ağlı da önəmli amildir.

-Sənət aləmində dedi-qodudan söz düşdü. Yəqin ki, sizi də qısqananlar, gözü götürməyənlər var...Onlara qarşı reaksiyanız necə olub?

-Arxamca danışan insanlara gülüb keçirəm. O qədər məni qısqananlar olub ki. Xüsusilə də sənət adamına qarşı qısqanclıq daha böyük olur. Müəyyən vaxt keçdikdən sonra onlar öz səhvlərini başa düşürlər. Sənət adamına qarşı qısqanclıq hər zaman olacaq. Tələbələrimə də məsləhət verərkən deyirəm ki siz işinizi görün, onsuz da hamı sizi görür. Elə sənətçilər var ki, özləri bir işlə məşğul olmadıqları üçün başqalarını da dedi-qoduya çəkmək istəyir. Yaradıcı insanda harda  o vaxt ki kiməsə cavab verə, ya arxasınca danışa. Qeybətə marağım yoxdur. Çünki belə tərbiyə olunmuşam. Hətta evdə də mənim xasiyyətimə bələd olduqları üçün heç kəs bəyənmədiyi bir insan haqda fikirlərini mənimlə bölüşmür. Həmişə dostlarıma, yaxınlarıma deyirəm ki, kiminləsə nəsə probleminiz varsa sözünüzü ona deyin. Arxaca danışmaq mənim işim deyil. Dedi-qodudan uzaq olduğum üçün rahat yaşayıram. Çünki söz-söhbəti sevən birisi heç vaxt rahat yaşaya bilməz. İnsan paxıl olanda heç vaxt yata bilmir, birinin uğurunu qəbul edə bilmir. Bu yolla da ancaq özünə zərbə vurur, başqasına yox. O adam müəllim işləyə bilər ki, paxıl olmasın. Çünki müəllim hər zaman yeni nəsil, istedad yetişdirir, ona dayaq olub daha da böyük uğurlar qazanmasına kömək edir. Tələbələrim mənim sənət yoldaşlarımdır. Onlarla çiyin-çiyinə çalışıb hər bir uğuruna sevinirəm.

- Keçək sənət aləminə...Öncəki illərlə müqayisədə bu gün Azərbaycan muğamına diqqət və qayğı daha çoxdur. Bəs, bütün bu dəstəklə yanaşı demək olarmı ki, muğamımızın hələ də həllolunmaz problemləri nədir?

-Muğamın bugünki durumu hər birimizi qaneə edir. Heydər Əliyev Fondu da mədəniyyətimizin bu qolunun inkişafına xüsusi diqqət ayırıb. 2005-ci ildən etibarən başlanan muğam televiziya müsabiqələri, beynəlxalq muğam festivalları, layihələri muğamın inkişafına müsbət təsir göstərdi. Mehriban xanımın da bu istiqamətdə atdığı addımlar uğurla nəticələnib. Artıq doğma Bakımızda muğam tədbirlərinə ev sahibliyi etmək üçün Beynəlxaq Muğam Mərkəzimiz də fəaliyyət göstərir. Ən sevindirici hal isə istedadlı gənclərimizin böyük axınla bu sənətə gəlişidir. 10-15 il əvvəl muğam sahəsində böyük boşluq var idi. Həm oxuyanlar az idi, həm də ki təsadüfi insanlar var idi. Muğama diqqət də indiki kimi deyildi. Artıq bütün dövlət tədbirlərində muğam ustadlarına daha çox önəm verilir. Hətta müasir toylarımıza da muğam ustadları dəvət olunur. Bu çox gözəl haldır. Telekanallarda da muğamın tanıtımı yüksək səviyyədə təşkil olunur. Bütün dünya musiqimizin bu ecazkar janrını tanıyır, onu qəbul edir. Muğamımızda bu cür inkişaf heç vaxt olmayıb. Xanəndələrimizin müxtəlif xarici ölkələrə səfərə getməsi, ölkəmizi layiqinə təmsil etməsi əlbəttə ki çox sevindirici haldır.

-Bəzən müsabiqələrdən tanıdığımız gənc ifaçıların sonradan fəaliyyətində passivlik də gözə çarpır...

-Düzdür, bəzən onlarda şöhrətdən başgicəllənməsi yaranır, tənbəlləşirlər. Pul qazanmaq, tanınmaqdan yaranan başgicəllənməsi belə ifaçıların inkişafına müsbət təsir etmir. Amma bunu bütün gənclərə aid etmək olmaz. Elə gənc xanəndələrimiz var ki, Opera və Balet Teatrının, Azərbaycan Televiziyasının solistləridi. Hesab edirəm ki, daha çox əmək sərf edən inkişaf edəcək, az çalışan isə artıq bu fəaliyyətdən kənarda qalacaq.

-Ən çox ifasını bəyəndiyiniz və öz yerinizdə gördüyünüz tələbəniz kimdir?

-Tələbələrimin çoxuna öz davamçım kimi baxıram. Düşünürəm ki, məni əvəzləyə biləcək birinci namizəd Təyyar Bayramovdur. O qısa zaman kəsiyində hər kəs tərəfindən böyük rəğbətlə qarşılanan xanəndə, peşəkar müəllimdir. Arzu Əliyeva, Aytən Məhərrəmova, Elşad Aydınoğlu və digər tələbələrimin də adını çəkə bilərəm.

-Bildiyimə görə, ifa etdiyiniz ilk Məcnunun lent yazısını gizlədirsiniz. O ifanızda nəyi bəyənmirsiniz?

-Əslində bu lent yazısında hər şey qaydasındadır. İstər-istəməz birinci tamaşalarla indikiləri müqayisə edəndə fərqlər ortaya çıxır. Çünki birinci dəfə bu rolu əzbərləyərək ifa etmişdim. O rolu illər keçəndən sonra daha da mükəmməlləşdirdim. İnsan üzərində işlədikcə daha da peşəlarlaşır, o rolu yaşayır. Bir var ki rolu əzbərləyib oxuyursan, bir də var ki onu yaşayırsan. Əsas fərq budur. Ona görə bu lent yazısını aşkara çıxarmıram.

-Bir çoxları sizin Məcnuna qarşı qısqanc olduğunuzu deyir.

-Açığı, heç vaxt özündən razı adam olmamışam. Sadəcə olaraq bu rolu çox sevirəm. Mənim üçün ən ideal obrazlardan bir-iki böyük dahinin yaratdığı Məcnundur.

-Yəqin ki sizin yaratdığınız Məcnunla digər Məcnunlar arasında fərq var...

-Məndən öncə Əbülfət Əliyev, Arif Babayev və bir çoxları Məcnunu özlərinə məxsus tərzdə oxuyub. Bu sənətkarlara qulaq  asaraq öz Məcnunumu yaratmağa çalışmışam. Artıq buna nail olduğumu düşünürəm. 1993-cü ildən etibarən Məcnunu müxtəlif ölkələrdə səfər çərçivəsində ifa edirəm. Əslində səhnəyə də Məcnun kimi çıxmışam. Bu mənim üçün çox önəmli nüansdır. Məhz bu obrazla həyata baxışım da dəyişib. Yaradanımızın həyatda yaratdığı nə varsa onun Məcnunuyam. Musiqimin, bütün sevdiklərimin Məcnunuyam. Fərqliliyə gəlincə düşünürəm ki bunu daha çox tamaşaçı fərqləndirə bilər. O qulaq asan kimi bilir ki, oxuyan Mənsum İbrahimovdur. Çünki özümü kiməsə oxşadıb, onu təlqin etmirəm. Həmişə özüməxsus olmağa çalışmışam. Amma son vaxtlar Məcnunu az ifa edirəm. Daha çox gənclərimizin bu rolu ifa etməsini istəyirəm. Məsələn Səbuhi İbayev, İlkin Əhmədov kimi gözəl Məcnunlarımız var. Artıq Məcnunların sayı da artmaqdadır. Səfərlərlə əlaqədar vaxtım olmadığı üçün Opera və Balet Teatrında Məcnunu ifa etməkdikdə tamaşaçılar zəng edərək mənim ifamı tələb ediblər. Öz tamaşaçı kütləm var. Tamaşaçı üçün Məcnunum nə vaxtadək qəbul edilərsə o vaxtadək oxuyacağam. Burda əsas meyar tamaşaçıdır. Ola bilər ki ifaçının 20 yaşı var, amma heç kəs tərəfindən onun yaratdığı Məcnun sevilmir. Sovet dövründə zallar məcburi olaraq əsgərlər, tələbələr tərəfindən doldurulurdu. İndi zəmanə dəyişib. Tamaşaçı səni bəyənmirsə zalı tərk edib gedir. Tamaşaçı səni sevməzsə konsertə kimi dəvət edə bilərsən? Uzağı bir neçə qohum-əqrəbanı. Bütün zalı bu yolla doldura bilməzsən axı. Bu gün hər şey tamaşaçının istəyindən asılıdır. Məcnunu sevdiyim üçün onu ifa edirəm, başqa heç bir məqsədim yoxdur.

-Gənclərin bu rolu ifa etməsindən danışdınız. Gənc Məcnunlardan daha çox kimin ifasını bəyənirsiniz?

- İlkin Əhmədov və Səbuhi İbayevin ifasını çox bəyənirəm. Onların hər birinin özünəməxsus oxu tərzləri var.

-Təxminən 7-8 il əvvəl muğama dövlət qayğısının ayrılması nəticəsində bu sahəyə diqqətlə yanaşı gənclərin axını da artdı. Muğamımız dirçəldi və öznəməxsus yeri tutdu. Amma nədənsə opera sahəsində bir durğunluq var. Bu gün nədənsə Üzeyir Hacibəyov kimi bəstəkarlar yetişmir.

-Gündə opera yazılmır. Opera neçə illər sonra yaranaraq ortaya çıxır. Son vaxtlar Vasif Adıgözəlovun "Natəvan" operası yarandı. Düşünürəm ki, zamanla hər şey yoluna düşəcək.

-Qastrol səfərlərinizdən, təəssüratlarınızdan danışaq.

-Dünyanın bir çox ölkələrində səfərdə olmuşam. 2008-ci ildə Parisdə Nəzakət Teymurova ilə birgə ifa etdiyimiz "Leyli və Məcnun" insanlar tərəfindən ayaqüstə qarşılandı. 100 ildən sonra 22 yaşlı Üzeyir Hacibəyovun əsərinin dünyanın əsas mədəniyyət mərkəzlərindən hesab edilən Fransada ayaq üstündə qarşılanması təbii ki böyük uğur idi. 2011-ci ildə Kopenhagendə 30 ölkənin iştirak etdiyi Vomeks Festivalına qatılmışdıq. Tədbirin sonunda "Qarabağ şikəstəsi"ni ifa etdik. Danimarkalı jurnalist bayrağımızı əlinə alaraq xalqımızın qarşısında baş əydiyini dedi.

-Bu yaxınlarda Tacikistana da səfər etmişdiniz. Bildiyimə görə, bu ölkədə "Leyli və Məcnun" taciklər tərəfindən sizinlə birgə ifa edilib.

-Səfər çərçivəsində Leyli və Məcnun" opera kompozisiyasını bu ölkənin simfonik orkestrı və xor qrupu ilə birgə səhnədə tədqim etdik. Tədbirin açılışında Tacikistanın mədəniyyət naziri və ölkəmizin səfiri çıxış edərək dəyərli fikirlərini səsləndirdi. "Şəbu Hicran" təsnifi bizim dilimizdə ifa edildi. Fars dilli olan ifaçılar bir həftə ərzində "Şəbu Hicran"ı öyrənmişdilər. Səhnənin arxasında "Şəbu Hicran"ın taciklər tərəfindən doğma dilimizdə ifa edildiyini eşitdikdə çox kövrəldim. 105 il sonra "Leyli və Məcnun"umuzun tacik dilində ifa edilməsi sevindirici hal idi. Nofəl rolunu da taciklər canlandırdı. "Leyli və Məcnun" opera kompozisiyasında tərəf müqabilim Xalq artisi Nəzakət Teymurova idi. Opera kompozisiyanın dirijoru Xalq artisti Yalçın Adıgözəlov, baş rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, tar-kamanda bizi müşayiət edən Əməkdar artistlər Elçin Həşimovla, Elnur Əhmədov olub. Konsert bu ölkənin dövlət telekanalı vasitəsilə də canlı yayımlanırdı. Səfər çərçivəsində bir çox uğurlara imza atdıq. Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Milli Konservatoriyası arasında böyük layihə imzalandı. Bundan başqa tələbə mübadiləsi və bir çox beynəlxalq konfranslarda iştirak etmək üçün müqavilələr imzalandı. Daha sonra "Azərbaycan muğamları"ndan ibarət Xalq artisti Nəzakət Teymurova ilə birgə taciklər üçün ustad dərslərimiz təşkil edildi.

-Son vaxtlar qadın muğam ifaçılarının geyimləri də müzakirə obyektiə çevrilib. Bir çoxları xanəndələrin açıq-saçıq geyinməsindən gileylənir...

-Sözün düzü, muğam ifaçılarımızın açıq-saçıq geyinməsini görməmişəm. Xanəndələr əlbəttə ki səhnədə bu cür amillərə diqqət yetirməlidir. İfaçılar həyatda  sərbəstdilər.

- Toylara da tez-tez gedirsiniz. Daha çox hansı "adət"ləri bəyənmirsiniz?

-Toylarımız ifrat dərəcədə inkişaf edib. Bir çox adət-ənənələrimiz var ki, onlar artıq unudulmaqdadır. Bəzən görürsən ki, toyda heç "Vağzalı" da çalınmır. Səs-küyün çox olması, yeməklərin çox çeşidli olması pis haldır. Hamı bundan narazıdır, amma heç kəs başqasından geri qalmır. Mən bu cür şeylərin əleyhinəyəm. Buna görə övladımın toyunda səsin yüksək olmaması üçün çalğıçıların qarşısına xüsusi səs qurğuları qoyduq. İnsanlar yüksək səsə alışdıqları üçün etiraz etdilər. Toyda səs-küy o həddə çatır ki, insan heç yanındakının salamını belə eşitmir, telefonla danışa bilmir. Toyun başlamasından bir saat sonra foyenin dolduğunu görürük. Hamı içəridəki küydən gileylənir. Əlbəttə ki toyun bu cür "adət-ənənə"lərinin sıradan çıxması üçün insanlar arasında maariflənmə işləri aparılmalıdır.

- Məclis əhlinin muğamın sədası altında oynamasına necə baxırsınız?

-Muğam oynamaq üçün yox, dinləmək üçündür. Bəzən insanlar bunun fərqinə varmır, içkili olub ortada oynayır. Bunu normal qəbul etmirəm.

-Fəridə xanım haqda danışaq.  

-Xanımım ziyalı, ali təhsilli qadındır. Xasiyyətimiz tutuşur. Əks halda 26 il birgə yaşamazdıq.  Fəridə xanım çox fədakar qadındır. O həm də mənim dostumdur. Sənətkarın həyat yoldaşı olmaq çətindir. O ziyalı olduğu üçün onunla ünsiyyət qurmaq asandır.

-Səhnədə müxtəlif leylilər üçün oxumusunuz. Həyat yoldaşınız üçün necə, nə vaxtsa bədahətən ifa etmisinizmi?

-(Gülür) Səhnədə 7 Leylim olub. Hər birinin də fəxri adı var, xalqımız tərəfindən də böyük rəğbətlə qarşılanır. Hər ifamı da xanımıma həsr edirəm. Bir saatlıq vaxtım belə olsa onu ailəmə həsr edərəm. Daha çox öz ailəmlə dincəlirəm. Ailəmə çox bağlı insanam. Hüzuru, rahatlığı onların yanında tapıram. Bir yerə gedəndə də çalışıram ki, onlarla birgə olum.

-Təxminən 10 ay öncə bir körpənin gəlişi ilə ailənizə yeni sevinc qatıldı...Artıq babasınız. Babalıq necə hissdir?

-(Nəvəsindən söz düşəndə çöhrəsində bir fərqli təbəssüm yarandı)Ailəmizə yeni sevinc onun gəlişi ilə əlavə olundu. 10 aylıqdır. Artıq ən gözəl vaxtlarıdır. Ölkə kənarında yaşasalar da hazırda Bakıdadırlar. Adı da Dənizdir. Hamımızın sevimlisidir. O evdədir deyə bacardığım qədər işlərimi daha tez yekunlaşdırıb evə getməyə çalışıram ki onun yanında olum. Baba olmaq çox gözəl hissdir. Hamıya bu hissi yaşamağı arzu edirəm.

                                                                                                                 Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31