“İlk qazancımla atamla bazara getdim” VIDEO
Mənsum İbrahimov: “Uşaq vaxtı həmişə Bakıya gedən yolda olan təpənin üstünə çıxıb mahnı oxuyanda düşünürdüm ki, kaş bu yolla şəhərə gedəydim”
16 Avqust 2013 16:15 Mədəniyyət"Olaylar"ın "Bizim Qonaq" layihəsinin həmsöhbəti Xalq artisti, xanəndə Mənsum İbrahimovdur. Səbrli və təmkinli olmağı ilə həmişə həmkarlarından seçilən Mənsum İbrahimov elə uğurlarını da bu yolla əldə etdiyini söyləyir: "Peyğəmbərimiz də deyib ki, dözümlü, səbrli və iradəli insan hər zaman həyatda hər şeyə nail olub. Səbrsiz insan isə həyatda heç vaxt nəyəsə nail ola bilmir". Onun bu qədər təmkinli olmasına yaratdığı ecazkar səsin də təsiri danılmazdır. Xalq artisti ilə müxtəlif mövzularda söhbətləşdik. Söhbətimiz çox maraqlı alındı. Xalq artisti quzu otarmasından, fəhlə kimi işləməsindən, o dövrün tələblərindən, gəlin-qaynana münasibətlərindən danışdı.
-Mənsum bəy, öncə uşaqlıq təəssüratlarından danışaq. O illəri necə xatırlayırsınız? Bizi xəyalən də olsa Qarabağa aparın...
-Uşaqlığım Ağdamda keçib. Doğulduğum kənd çox gözəl bir yerdə yerləşirdi. Kəndimizin ətrafındakı meşə isə Soltan adlanırdı. Tarixi meşə idi. Bir zamanlar bu meşə xan qızı Natəvan tərəfindən salınmışdı. Çoxlu meyvə, palıd, saqqız ağacları da var idi. Meşənin yanında 90 metr hündürlüyü olan Soltan təpəsi vardı. Rəvayətə görə Sultan Süleymanın səfəri zamanı əsgərləri tərəfindən bu təpə düzəldilib. Uşaq vaxtı bu təpənin üstünə çıxıb-düşmək bizim üçün çox çətin idi. Balaca olduğumuzdan təpə bizə əlçatmaz, çox böyük görünürdü. Kəndimizin yanında bir Xasın çayı da vardı. Kəndimiz çox mənzərəli idi. Böyüdüyüm obada meşə, çay-hər cür mənzərə vardı. Kənd uşağı olmuşam. Belə uşaqların dünyagörüşü daha geniş olur. Bir quzumuz var idi. Uşaqlarla gedib quzunu otarardıq. Qarabağda hər iki nəfərdən birinin səsi vardı. Hamımız oxuyurduq. Biri meşədə, biri təpənin üstündə oxuyurdu. Səs-səsə verib hamımız ifa edirdik. Uşaqlığım çox maraqlı keçib. Novruz bayramı gələndə hamımız birgələşib hazırlıq görür, yumurta döyüşdürür, müxtəlif oyunlar oynayırdıq. Kəndimizdə çox böyük mədəniyyət evi də vardı. Bayram ərəfələrində böyük sənətkarlarımız Əbülfət Əliyev, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Arif Babayev, Əlibaba Məmmədov kəndə gəlirdi. Onların bir konsertini belə buraxmazdım. Toy məclislərimiz də maraqlı keçirdi. Bizdə toylar üç gün olurdu. Üç gün ərzində səhər saat ondan gecə birədək toy davam edirdi. Bu məclislərdə padşahlar da olurdu. Padşah lap başda əyləşərdi. Məclis iki yerdən ibarət idi: yemək və musiqi üçün ayrılan məkandan. Qarabağ toyları çox ağır keçirdi. Yaradıcı adam üçün bütün bunlar, doğulduğu mühit çox önəmlidir... Bir vaxt baxıb gördüm ki, artıq mən də oxuyuram.
-Nə vaxtdan peşəkarcasına ifa etməyə başladınız?
-Uşaq vaxtlarından oxuyurdum. Məktəb illərində də konsert və toylara dəvət alırdım. Hərbi xidmətə gedənədək artıq Qarabağda kifayət qədər tanınmışdım. Rusiyada hərbi xidmətimi başa vurduqdan sonra düşündüm ki, mən nə qədər toylara gedəcəyəm ki? Təhsil də almalıydım. Həmişə nə istədiyimi bilmişəm. İnsan həyatda nə istədiyini biləndə hər şey onun üçün rahat olur. Nəyi necə edəcəyimi dəqiqləşdirib Bakıya təhsil arxasınca gəldim.
-Uşaqlıq təəssüratlarından danışdıq. Bəzən valideynlər övladlarına istədikləri bir şeyi almayanda onların qəlbinə toxunmuş olur. Uşaq o yaşlarda maddi problem nədir deyə anlamır da. Olubmu ki siz də nəsə istəmisiniz, amma valideynləriniz bunu sizə almayıb?
-Uşağın qəlbindən çox şey keçir. Təbii ki, hər bir uşaq kimi mənim də istəklərim olub. Və elə olub ki, valideynlərimin buna gücü çatmayıb. Onlar sadə insanlar idi. Amma mən anlayışlı uşaq olmuşam, başa düşmüşəm ki, valideynimin buna gücü çatmaya bilər. Çünki özümüz də işləyib zəhmət çəkirdik və bunun nə demək olduğunu anlayırdıq. Buna görə hər şey istəmirdik. Uşaq vaxtı böyük velosipedimin olmasını istəyirdim. İmkan yox idi deyə velosiped ala bilmirdik. Sonralar bu istəyimi reallaşdırdım.
-Böyüdüyünüz ailədən, valideynlərinizdən danışaq...
-Çoxuşaqlı ailə olmuşuq. Yeddi qardaş, iki bacı.Atam da çox sadə, bölgədə özünəməxsus nüfuzu olan bir insan idi. Təsərrüfatçı idi. İşinin də peşəkarı olub. Gözütox, qayğıkeç biri idi. Çox xüsusiyyətlərimə görə atama oxşamışam. O, həmişə mənimlə fəxr edərdi. Anam da təmkinli, mehriban, xoşxasiyyət bir insan idi.
-Yəqin ki cəmiyyətdə qazandığınız hörmət də də valideynlərinizin böyük payı var...
-Bu gün cəmiyyətdə qazandığım hörmət də valideynlərimin mənə verdiyi tərbiyənin məhsuludur. Uşaq valideyni tərəfindən tərbiyəni necə alırsa o cür də formalaşır. Valideyn necədirsə övlad da o cür olacaq. Uşağa onu-bunu eləmə deməklə tərbiyə vermək olmaz. Gərək valideyn özü də övladı üçün ideal şəxs olsun. Valideyn kimdirsə, övlad da onun sürətidir.
-İlk çörək pulunuzdan danışaq.
-Orta məktəbi bitirib hər hansı məktəbə daxil olmaq üçün iş stajı lazım olurdu. Buna görə gərək ki hardasa işləyəsən. İstehsalatda işləmədən heç kəsi məktəbə qəbul etmirdilər. Kəndimizin yaxınlığında yol idarəsi var idi. Orada işə düzəldim. Aylıq 90 manat məvacib alırdım. Təxminən 6 ay fəhlə kimi işlədim. Bundan başqa toylara da gedirdim. Artıq bu yolla da qazanc əldə edirdim.
-İlk qazancınızı nəyə xərclədiniz?
-İlk qazancımı atama verdim. O vaxt qazandığım 90 manat kənddə böyük pul hesab edilirdi. Atamla bazarlığa gedib həmin pulu xərclədim. Amma ilk pulumu qazandıqda özümün də bir statusumun olduğunu başa düşdüm. İşləyərək evə pul gətirirdim.
-Olubmu ki, ehtiyac içində olub bir başqa sahədə də işləmisiniz?
-Kənd camaatı necə yaşayırdı biz də elə yaşayırdıq. Əlavə bir işdə işləməyə ehtiyac olmurdu. Toylara getsəm belə həmişə düşünmüşəm ki sənətimin mütəxəssisi olum. Lap ağlım kəsəndən mən bunu dərk etmişəm. Uşaq vaxtı Arif Babayevlə Zeynəb Xanlarovanın ifa etdiyi "Leyli və Məcnun"a həsədlə baxırdım. Mən də bu böyük sənətkarlarımız kimi operada Məcnunu ifa etmək istəyirdim. Uşaq vaxtı həmişə Bakıya gedən yolda olan təpənin üstünə çıxıb mahnı oxuyanda düşünürdüm ki kaş bu yolla şəhərə gedəydim. Bakıya təhsil dalınca gələndə də məqsədim ürəyimdə qalaqlanan arzuları həyata keçirtmək idi.
-Həyat yoldaşınızla necə münasibət qurmusunuz? Yəqin ki o dövrün tələblərinə görə öncədən görüşə bilməmisiniz...
-Mən kənddə böyümüşəm. Həyat yoldaşımla da eyni kənddən olmuşuq. Bir məktəbdə təhsil almışıq. O məndən iki sinif aşağı idi. Uşaqlığımız da birgə keçib. Amma o vaxt indiki kimi deyildi. Qarabaq bölgəsi idi. Kənddə insanlar arasında bir pərdə var idi. O vaxtlar heç ailə həyatı quracaq cütlüklər görüşməzdilər də. Indiki kimi telefon da yox idi. Həm də ki kənd yerində bir pərdə var idi. O hissi yaşamışıq. Amma təbii ki birdən-birə hər şeyi asanlıqla əldə etməmişik. Xanımımla öncələr görüşümüz olmayıb. Artıq hərbi xidmətdən qayıtdıqdan sonra o Bakı Dövlət Universitetində təhsil alırdı. Onunla görüşüb danışdıq. Artıq 26 ildir ki həyat yoldaşımla bir damın altında yaşayırıq. Dörd övladımız var, çox da xoşbəxtik. Hər kəsə belə xoşbəxt ailəyə nəsib olmağı arzulayıram.
-O dövrdə böyümüsüz. Bəlkə də bir çoxları kimi siz də zamanın bəzi tələbləri ilə ayaqlaşmaq istəməzsiz. Zəmanə dəyişib. İndiki gənclərin ailə qurmazdan öncə görüşməsinə necə baxırsınız?
-Dövr başqadır. O zaman qızla oğlanın görüşməsinə normal baxmazdılar. Amma artıq zəmanə dəyişib. İnsanların düşüncə tərzləri də fərqlidir. O dövrdə desəydilər ki, hər kəsin cibində bir telefonu olacaq, hamıya nağıl kimi gələrdi. Artıq internet əsrində yaşadığımız üçün bunlara normal baxıram. Əgər insanlar internetin xəstəsi deyilsə, ondan asılı hala düşməyiblərsə bu zaman heç bir problem yaranmaz. Hər kəs internetdən istifadə edir. Amma məsələ kimin nəyə görə bu şəbəkəyə daxil olmasındadır. Faydalı bilgilər, xəbərlər əldə etməklə yanaşı bir çoxları da boş vaxt keçirtmək üçün internetdən, sosial şəbəkələrdən istifadə edir. İnternetdən faydalı məlumatlar əldə etmək üçün yararlandıqda hər şeyə normal baxmaq olar. İnternet zamanın tələbidir.
-O dövrlərdən söz saldıq. Öncələr ailə həyatı quracaq cütlüklər öncədən görüşməzdi. Əksər hallarda valideynlərinin məsləhəti ilə ailə qurardılar. Amma belə olduğu halda da bu cür ailələrin böyük əksəriyyəti xoşbəxt olurdu. Zəmanə dəyişib...İndi öncədən bir-birlərini tanımasından asılı olmayaraq bu gün bədbəxt ailələrin sayı artır. Siz bunun səbəbini nədə görürsüz?
-O zamanlar insanların dünyaya çıxışı məhdud idi. Həm də ictimai qınaq var idi. Məsələn, kənddə birinin yası düşəndə 40 gün televizoru açmır, toy etmirdi. Hadisələrin belə sürətlə axarı hər şeyi dəyişdirdi. Müharibələrin başlaması insan ölümlərini də adiləşdirdi. Artıq boşanmalar da adi hal alıb. Amma öncələr kənddə biri boşanada heç kəs ona yaxşı baxmazdı. Təbii ki ağsaqqal sözü də üstün tutulardı. Artıq zəmanə dəyişib, hər şey ucuzlaşıb. İnternetin də bu baxımdan təsiri məncə danılmazdır. Bu gün sosial şəbəkədə tanışan cütlüklər nigaha daxil olur. Mən bunu normal saymıram. Ola bilər ki bu cür qurulan 100 ailədən biri xoşbəxt və nümunəvi olsun. Sosial şəbəkədə tanış olub ailə həyatı qurmaq lotereya oynamaq kimi bir şeydir.
-Bu gün qurulan ailələrin xoşbəxt ola bilməməsində daha çox kimi günahkar hesab etmək olar?
-Məncə daha çox tərəflər günahkar olur. Amma valideynlərin də müdaxiləsini inkar etmək olmaz. Gəlin qaynana yanında olanda istər-istəməz ailəyə müdaxilə olur. Gəlinin yeni mühitə öyrəşmasi üçün müəyyən zaman tələb olunur. Amma valideyn yanında olanda istər-istəməz problemlər yaranır. Bu da valideynin qısqanclığı ilə əlaqədardı. Səhv olarkən müdaxilə olmalıdı. Amma müəyyən pərdə çərçivəsində ki qurulan ailəyə də zərər dəyməsin. Hər səhvi böyütmək olmaz.
-İctimai qınaq deyilən bir şey də var. Bəzi hallarda bu qınaq lazımi məqamda olur. Amma bəzən də bu cür qınaqlar bədbəxtliyimizə yol açır...Məsələn birinin qızı boşana bilmir ki, sabah cəmiyyət onu və valideynlərini qəbul edə bilməyəcək. Boşanmayanda isə hər gün telekanallardan izlədiyimiz bədbəxt olaylar baş verir...
-Heç kəs belələrini qınaya bilməz. Bu hər birimizin başına gələ bilər. Heç kəs ailəsinin dağılmasını istəməz. Bəzən görürsən ki, gözlənilməz hadisələr baş verir, tərəflər çıxış yolunu boşanmada görür. Ömür-gün yoldaşı deyirsənsə gərək ki sona qədər ailə həyatı qurduğun şəxslə birgə addımlayasan. Heç kəs övladının əzab çəkməsini istəməz. Düzdü problemlərin yaranmasında digər səbəblər də rol oynaya bilər. Məsələn insanların sosial problemləri və s.
Gənclərin sözlərinin bir-birinin boğazından keçməməsi də problem yaradır. Onlar bir-birlərinə rəqib kimi yox, ömür-gün yoldaşı gözü ilə baxmalıdır. Hər iki tərəf bir-birini anlaması üçün güzəştə getməyi bacarmalıdır. Söz-söhbətsiz ailə olmur ki. Olur da insan əsəbləşəndə bəzən istəmədiyi bir sözü deyir. Bir az dözümlü olmaq lazımdır. İnsanlar çox səbrsizdir. Bugünki arzuolunmaz olayların baş verməsinin əsas səbəbi də elə səbrsizlikdən qaynaqlanır. Peyğəmbərimiz də deyib ki dözümlü, səbrli və iradəli insan hər zaman həyatda hər şeyə nail olub. Səbrsiz insan isə həyatda heç vaxt nəyəsə nail ola bilmir. Dözümlülük olduqda o ailənin də ömrü uzun olur.
-Gənclərin davranışı necə, sizi qaneə edirmi?
-Dünyada gedən proseslər bizə də təsirsiz ötüşmür. Gənclərimizin saç düzümündən geyimlərinə qədər avropalaşdığını görə bilərik. Bunu təbii sayıram. Biz də dünyanın bir hissəsiyik. Xarici ölkələrlə də gediş-gəlişimiz var. Hər dövrdə zəmanə adamları özlərini indiki gənclərdən fərqləndirərək o yaşlarda elə olmadığını deyirdilər. 20, yüz, min il əvvəl də yaşlı nəsil gənc nəsildən gileylənib. Gənclər Avropadan götürülən eybəcərlikləri daha çox tətbiq edirlər. İstərdim ki gənclərimiz daha çox Avropanın müsbət keyfiyyətlərini mənimsəsin. Gənclərlə çox təmasdayam. Buna görə tam əminliklə deyə bilərəm ki Azərbaycanın çox gözəl gəncləri var. Dünyanın hansı ölkəsinə getməyimizdən asılı olmayaraq savadlı tələbələrimizi görüb fərəh hissi keçiririk.
-Cəmiyyətdəki bu cür qlobal problemlərin əsas kökü nədən qaynaqlanır?
-İnsanın savadı artıdca cəmiyyətdə hər şey düzəlir, öz yoluna düşür. Problemlərin böyük əksəriyyəti savadsızlıqdan, cahillikdən yaranır.İnsan savadsız olanda onunla danışmaq da çətin olur. Ona görə hesab edirəm ki, savadlı insanlar çoxalsa cəmiyyətimiz daha yaxşı olacaq. Bu gün ölkəmiz də çox gözəlləşib. Xarici ölkələrdən heç də geri qalmırıq. Amma insanların təmizliyə, gözəlliyə qarşı belə biganə, hörmətsiz münasibətini görmək çox pisdir. Dənizkənarı bulvarda gəzən ananın əlindəki zibili yerə tulladığını görüb təəssüf edirsən. Axı bu gözəllik bizim üçün yaradılıb. Buna görə də insanların savadlanmasına ehtiyac olduğunu düşünürəm. Necə olur ki, evimizi səliqəli saxlayırıq, amma evdən kənarda istədiyimizi edirik?
Nigar Məhərrəm
P.S. Ardı var... Növbəti sayda xanəndənin sənəti və digər məsələlərə münasibəti haqda danışacağıq.