ADDIM – ADDIM ATILAN MƏTİN ADDIMLAR
21 Oktyabr 2022 10:10 MədəniyyətAzərbaycan - İtalyan tarixi əlaqələrinin əvvəlləri antik dövrlərə gedib çıxır. Ticari, siyasi, dini rabitə saxlayaraq Şərq - Qərb ayırım qütblərinin fəsadsızlaşdırılması işində müstəsna əhəmiyyətə malik olub. Asiyadan Avropaya, Avropadan Asiyaya rahat keçid, əlaqələrin möhkəmliyindən çox asılı idi. Hun imperatoru Attilanın Roma papası ilə ünsiyyəti, onun italyan qızı ilə izdivacı da bizim rabitələrə təsirsiz keçməyib.
Orta yüzilliklərdə də bu əlaqələr davamediciliyini saxlayıb. Xüsusilə, Roma ilə Arranşahlıq (Albaniya) xristiyan çevrəsində sıx əlaqə saxlanılıb.
Azərbaycan klassik ədəbiyyatında işlənən "Rum" toponimi əvvəllər konkret Roma şəhərini, daha sonralar tamam Avropanı bildirirdi. Şeyx Nizami Gəncəvi "Həft peykər" dastanında sasani hökmdarı Bəhram şah üçün Rumdan gətirilən gəlinə də xüsusi yer ayırıb. Bəhramın anası Azərbaycan türkü olduğu üçün ona "türkzad" deyirdilər. Cümə axşamı səndəl ağacı rəngli günbəzli sarayda Yupiterin hökm etdiyi Rum (İtalyan) gözəli Bəhram şaha öz xalqının nağılını danışır. Tərcümələrin əksəriyyətində "Rum" sözünü "Bizans" kimi tərcümə ediblər. Bizans dövlətin adıdıdır, xalqın yox. Şeyx Nizami Gəncəvinin uzaqgörən cahanşümul zəkası ilə xalqlarası ünsiyyəti böyük vəchlə tərənnüm edib. Romada Nizaminin heykəlinin qoyulması da təsadüfi sayılmamalıdır, bu xalqlararası sıcaq ünsiyyətin XXI yüzillikdə də davam etməsinin gözəl göstəricisidir.
İtalyan nücəbası ilə siyasi qohumluq əlaqələri də tariximizdə yaşanıb. Azərbaycana gələn italyan səyyahların qeydləri mötəbər ilkin elmi qaynaqlar cərgəsindədir. Venesiya dojluğunun Osmanlı - Səfəvi qarşıdurmasınındakı rolu müxtəlif arxivlərdə qorunan tarixi sənədlərdə, tədqiqat əsərlərdə gün işığına çıxarılıb.
Orta yüzil italyan kəşfiyyatçı-səyyahların qeydləri indi qiymətli bir tarixi sənəd kimi çox böyük əhəmiyyətə malikdir. Azərbaycan xalqının ictimai-siyasi-mədəni-elmi sferası ilə bağlı, ilkin məqsədindən asılı olmayaraq, itmiş hesab etdiyimiz kitab və sənədlərin Vatikan saxlanclarında qorunması təqdirəlayiq faktdır.
XX yüzilliyin əvvəllərindən Azərbaycan opera solistlərindən Şövkət xanım Məmmədovanın, Murtuza Məmmədovun (Bülbülün) İtaliyaya gedib müvəffəqiyyətlə təhsil almaları, orada kamil vokalçı kimi püxtələşmələri mədəniyyətimizin əhəmiyyətli tarixi nəticəsi sayılmalıdır.
İtalyan dili Azərbaycanda geniş anlaşılmasa da, ürəkləri oxşayan zərif və nəcib musiqiləri hər bir azərbaycanlı üçün ləziz havacatdır. Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasında 50 ildən artıq bir müddətdə, Azərbaycan Milli Konservatoriyasında da 10 ildən ziyadə zamanda bu dil tədris edilməsinə və keçən müddətlərin xeyli çox olmasına baxmayaraq, İtalyan dilini öyrənmək üçün dilimizdə heç bir dərslik yazılmamışdı.Müəllim və tələbələr, əsasən rusdilli dərslik , lüğət və danışıq kitabçalarından istifadə etməkdəydilər. Azərbaycandilli orta məktəblərin əksəriyyətində Rus dilinin tədrisdən çıxarılması rusdilli mühitin daralmasına səbəb oldu. İnersiya ilə gələn ənənəvi əcnəbi dil öyrətmə metodikasında çətinliyin yaranması dilimizdə dərslik yazılması zərurətini ortaya qoydu.
"İtalyan dili, addım-addım" dərsliyi ilk dəfə Azərbaycan Milli Konservatoriyasının Humanitar fənnlər kafedrasında müzakirə edilib nəşrinə xeyir-dua verilərək 2019-cu ildə "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində çap edildi. Dərsliyin ərsəyə gəlməsi tədris işini yüngülləşdirmə ilə bərabər, həm də Azərbaycan - İtaliya mədəni əlaqələri tarixində önəmli səhifədir.
"İtalyan dili, addım-addım" dərsliyinin müəllifi, Azərbaycan Milli Konservatoriyasında 2014-15-ci tədris ilindən müəllim kimi çalışan Ləman xanım İsmayılovadır.
Ləman İsmayılova Nazim qızı, 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini də bu şəhərdə aldıqdan sonra 2008-2012 - ci illərdə Azərbaycan Dillər Universitetinin "Tərcümə, italyan dili" fakültəsində bakalavr və 2013-2015 -ci illərdə isə magistratura pillələri üzrə təhsil almış və təhsilini Qırmızı Diplomla uğurla başa vurmuşdur. Təhsil aldığı müddətdə universitetin "Dil və ədəbiyyat" adlı elmi məqalələr məcmuəsində "Müasir İtalyan Ədəbiyyatı və Alessandro Barikko", "A. Barikkonun "Okean-Dəniz" əsərinin tərcüməsi zamanı xüsusi adların transliterasiyası" adlı məqalələri çap olunmuşdur. Bundan əlavə, ADU-nun və İtaliya səfirliyinin təşkil etdiyi tədbirlərində də fəal iştirak etmişdir. Daha sonra italyan dili biliklərini və dünyagörüşünü daha da artırmaq üçün İtaliyanın Peruca şəhərində yerləşən "Università per Stranieri di Perugia" yəni, Xaricilər üçün Peruca Universitetində ixtisasartırma kursları keçmiş və sertifikatlarla təltif olunmuşdur. Müəllimlik fəaliyyətinə başlamazdan əvvəl müxtəlif sahələr üzrə italyan dilinin tərcüməçisi kimi xidmət göstərmişdir.
Ləman xanım gənc mütəxəssis kimi işinin vurğunu və tədris etdiyi dilin kamil bilicisidir. İfaçılıq fakültəsinin Milli vokal ixtisasında təhsil alan tələbələr böyük həvəslə İtalyan dilini Ləman xanımdan öyrənirlər. Müəllimlərə İtalyandilli musiqi mətnlərinin dilimizə tərcümə olunmasında da o, mütəxəssis köməyini əsirgəmir.
"İtalyan dili, addım-addım" dərsliyinin İtalyan dilindən elmi redaktoru Azərbaycan Dillər Universitetinin baş müəllimi Dilşad Pənahova, Azərbaycan dilindən elmi redaktoru Bakı Dövlət Universitetinin filologiya elmləri doktoru , professor Zemfira Şahbazovadır.
Azərbaycan dilində nəşr olunmuş bu ilk dərslik kitabı əsasən , İtalyan dilini həm sərbəst , həm də müəllim dəstəyi ilə öyrənmək istəyən azərbaycandilli öyrəncilər üçün nəzərdə tutulub. Dərslikdə əcnəbi dili öyrənmə metodikasının bütün tələblərinə yüksək səviyyədə riayət olunmaqla bərabər, əlavə olaraq canlı ünsiyyət saxlamaq üçün xüsusi dialoq mətnləri də verilib. İtalyan dilində olan beynəlxalq musiqi terminlərinin tərcüməsi, İtalyanca - Azərbaycanca minimum lüğətin verilməsi bu dilə marağı və mənimsənmə səviyyəsini qat-qat artırır.
Təlabat geniş olduğu üçün dərslik 2021-ci ildə yenidən nəşr edildi. Kitabdan İtalyan dili tədris olunan orta ümumtəhsil məktəblərində və ali məktəblərin birinci kurslarında əsas material kimi istifadə oluna bilər. Həmçinin, italyan dili öyrədilən xüsusi kurslarda da bu kitabdan geniş yararlanmaq mümkündür.
Ləman İsmayılova yaradıcılıq işini həvəslə davam etdirərək yeni layihələr üzərində çalışır. Düşünürük ki, bu layihələr, kitablar dilöyrənmə tədrisini asanlaşdırmaqla bərabər, həm də dillərarası rabitənin, millətlərarası ünsiyyətin möhkəmlənməsində aktiv rol oynayacaq.
HACI FİRUDİN QURBANSOY
