İslamı və müsəlmanı hədəfə gətirən dörd əsas şərt hansılardır?- ÖZƏL

"Son dövrlər dünyanın bir çox ölkəsində müsəlmanlara, məscidlərə qarşı hücumların və təhqirlərin şahidi oluruq. Əlbəttə ki, bu cəhdləri müəyyən mənada sivilizasiyalar, xüsusən də xristian aləmi ilə İslam dünyası arasında gedən qlobal ideoloji-siyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirmək olar". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "İslama qarşı sərt münasibət təkcə xristian aləmində deyil, Hindistan, Myanma və buddizmin geniş yayıldığı bəzi ölkələrdə də daha sərt formada müşahidə olunur. Eyni zamanda, Çində uyğur müsəlmanlarının saxlanıldığı düşərgələr və dini fəaliyyətə tətbiq edilən məhdudiyyətlər də uzun müddətdir beynəlxalq müzakirə mövzusudur. Əgər Qərbdə bu qarşıdurma daha çox ideoloji və siyasi müstəvidə aparılırsa, Asiyada, digər regionlarda müsəlmanlara qarşı daha sərt, açıq və kütləvi cinayətlərlə özünü göstərir.

Bununla yanaşı, İŞİD, Əl-Qaidə, Taliban, "Boko Haram", "Əş-Şəbab" və digər radikal silahlı qrupların fəaliyyəti nəticəsində İslam dini uzun illər terror və radikalizm kontekstində təqdim olunaraq beynəlxalq aləmdə mənfi imic qazanıb. Ancaq İslamın beynəlxalq nüfuzunun zəifləməsinin əsas səbəbi daha çox bəzi müsəlman dövlətlərinin dini siyasi məqsədləri üçün alətə çevirməsi və onun ideoloji baza kimi təqdim olunması nəticəsində İslamın radikallaşdırılmasıdır. İslam daxilində cərəyanların, təriqətlərin ideoloji müxtəlifliyi, barışmazlığı və qarşıdurması da ciddi çəkiyə malikdir. Məhz bu siyasət İslamın dünya miqyasında təhlükə mənbəyi kimi qəbul edilməsinə əsas yaradıb.

Bu baxımdan İranın teokratik rejiminin yürütdüyü siyasətin xüsusi rolu var - qısası, İslamın siyasiləşdirilməsi. Yeri gəlmişkən, yəhudi dövləti də teokratik rejimlə idarə olunan siyasi quruluşdur. Nəticə etibarilə, İslamın beynəlxalq aləmdə nüfuzdan salınmasına təsir edən dörd əsas amili qeyd etmək olar. Birincisi, digər sivilizasiyaların İslamla ideoloji və geosiyasi rəqabəti və bu rəqabətin informasiya və təbliğat müstəvisinə keçməsi.

İkincisi, həm İslam dünyasının daxilində, həm də xarici qüvvələrin təsiri ilə meydana çıxan və dəstəklənən radikal terror təşkilatlarının fəaliyyətinin İslamla eyniləşdirilməsi və daxili dini cərəyanların, təriqətlərin ideoloji qarşıdurması.

Üçüncüsü, İslamın siyasiləşdirilməsi, dinin dövlətlərin geosiyasi maraqlarının və qarşıdurmalarının alətinə çevrilməsidir.

Dördüncüsü isə İslamın iqtisadi gəlir bazası kimi, biznes layihəsinə çevrilməsidir.
Məhz bu dörd amil İslamın beynəlxalq aləmdə nüfuzunun zəifləməsinə, onun radikalizm və təhlükəsizlik problemləri ilə eyniləşdirilməsi, nəticə etibarilə İslamı beynəlxalq hədəfə çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31