Əkbər Qoşalı: “Trampın açıqlaması Tehrana verilən növbəti siyasi ismarıcdır” – ÖZƏL
11:17 SiyasətABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelada baş verənlərə bənzər proseslər İranda da yaşanır, lakin insanların bunu görmədiyini iddia edib. O, İranın təzyiq altında olduğunu söyləyərək, rəsmi Tehranla danışıqların davam etdiyini və ölkənin davranışından asılı olaraq ABŞ-nin siyasətinin dəyişdiyini vurğulayıb.
"ABŞ Prezidenti Donald Trampın son açıqlamaları Vaşinqtonun Tehrana yönəlik siyasətində yenə də təzyiq və dialoqu paralel aparmaq xəttini əsas götürdüyünü göstərir. "İranın davranışından asılı olaraq siyasətimizin dəyişməsi" fikri nəyi ifadə edir? - Bu, əslində Tehrana verilən siyasi ismarıcdır: ABŞ danışıqlardan imtina etmir, bununla belə güzəştlərin də yalnız konkret addımlar qarşılığında mümkün olacağını nümayiş etdirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Trampın İran-Venesuela müqayisəsi isə daha çox siyasi-psixoloji təsir yaratmağa hesablanmış ritorikadır. Hər iki ölkə uzun illərdir ABŞ sanksiyalarının hədəfində olsa da, onların geosiyasi çəkisinin eyni olmadığını bilirik. Venesuela əsasən bölgəsəl siyasi-iqtisadi böhran örnəyi kimi çıxış edir, İran isə Yaxın Şərqin təhlükəsizlik arxitekturuna, enerji bazarlarına və qlobal güc dəngəsinə həm birbaşa həm dolayı təsir göstərən aktordur. Bu baxımdan, analoji müqayisə müəyyən oxşarlıqları əks etdirsə də, geosiyasi gerçəklik etibarilə tam əsaslı sayıla bilməz.
"Trampın açıqlamalarında əsas ismarıc Tehranı Karakas ilə eyniləşdirməkdən daha çox, Tehrana ABŞ-nin strateji seçimlərinin hələ də onun davranışından asılı olduğunu nümayiş etdirməkdir. Tehrandan fərqli olaraq Karakasda iş bir başqa cür axın etmişdir. Beləliklə, Vaşinqtonun yaxın dönəmdə də Tehrana qarşı "təzyiq altında diplomatiya" xəttini davam etdirmək niyyətindən xəbər verir", - deyə yazar əlavə edib.
Səidə Ramazanova