İsrailin qərarı ətrafında yeni mübahisə: Erməni Patriarxlığı Azərbaycanı hədəf göstərdi- ÖZƏL

Qüds Erməni Patriarxlığı İsrail parlamentinin gündəliyindən qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin çıxarılmasını tənqid edib. Patriarxlıq iddia edib ki, Azərbaycanın bu prosesə təsiri narahatlıq doğurur. Daha əvvəl "Haaretz" qəzeti də rəsmi Bakının təzyiqindən sonra İsrailin bu məsələ üzrə prosesi dayandırdığını yazmışdı.

Qüds Erməni Patriarxlığının bu açıqlaması Azərbaycan-İsrail münasibətlərinin hansı səviyyəyə çatdığını göstərir? Bu iddialar bölgədə diplomatik münasibətlərə və İsrailin gələcək qərarlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Bəzi ölkələrdə olduğu kimi İsraildə də erməni lobbisi aktivdir və əsasən indiki Ermənistan hakimiyyətinin siyasəti ilə hələ barışmayıb. İsraildə də Qüds Erməni Patriarxlığı əsasən daşnakyönümlü mövqe tutur və fantastik "boyük Ermənistan" xülyası üzərindən sərsəm açıqlamalar verir. Amma bu kimi cəhdlərin Ermənistan hakimiyyətinin mövqeyinə ciddi təsir edəcəyinə inanmıram. İsrail və Azərbaycan arasında normal münasibətlər var və qondarma soyqırımı iddiası ilə bağlı da etirazlara rəğmən İsrail geri addım atdı. Erməni Patriarxlığı İsraili suşlamaqla əslində Türkiyə və Azərbaycana qarşı bu ölkəni təhrik etməyə cəhd edir. Erməni Patriarxlığı əslində Türkiyə - İsrail münasibətlərinin gərginləşməsində maraqlıdır və ona görə də belə təxribatçı bəyanatlar verib bir növ şantajçı mövqeyini ortaya qoyur. Lakin Azərbaycan və İsrail arasındakı diplomatik münasibətlərin sayəsində qondarma erməni soyqırımı məsələsi gündəlikdən çıxarıldı. Bu kimi nailiyyətlər əslində Azərbaycan dövlətinin diplomatik qələbələrindən sayılmalıdır. Çünki sözü gedən məsələnin İsrail gündəliyində təsdiq olunması bu ölkənin qardaş Türkiyə ilə də münasibətlərini daha da gərginləşdirə, prosesləri mürəkkəbləşdirə bilərdi. Erməni Patriarxlığının bu cür sərsəm açıqlamaları müəyyən mənada İsrailə də sərf edir ki, Türkiyə ilə  bağlı gərginlik dərinləşsə erməni təsirini də əsas gətirib mövzunu yenidən gündəmə gətirsin və təsir variantı kimi istifadə etsin. Lakin öz təbii halında isə İsraildəki erməni lobbisi və Patriarxlığı İsrailin mövqeyinə heç bir təsir göstərə bilməz. İsrailin bu kimi mövzulardakı gələcək qərarlarının istiqamətini isə əsasən Türkiyə ilə bağlı proseslər müəyyən edəcək. Patriarxlığın sözü gedən açıqlaması təxribat xarakterlidir və regionda diplomatik münasibətlərə heç bir ciddi təsir göstərə bilməz".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31