Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib
15:11 Sosial27 iyul 2026-cı il tarixində "Yeni Klinika"da Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" adlı tədbir keçirilib. Cəmiyyətdə orqan donorluğu mədəniyyətini təşviq etmək, qaraciyər xəstəliklərinin profilaktikası barədə əhalini düzgün məlumatlandırmaq və sağlam həyat tərzi vərdişlərinə diqqət çəkmək məqsədilə təşkil olunan tədbir rəsmi açılış nitqləri ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova çıxış edərək orqan nəqlinin tibbi, hüquqi və sosial aspektdən vacibliyini vurğulayıblar.
Rəsmi hissədən sonra proqram sahə mütəxəssislərinin maarifləndirici məruzələri ilə davam edib. Tədbirdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova "Donor ol, həyat bəxş et", transplantasiya üzrə koordinator İntizar Məmmədova "Qaraciyər Transplantasiyası: Yeni Həyata Açılan Qapı", həkim-dietoloq Gülnar Abdullayeva "Qaraciyərin qorunmasında qidalanmanın rolu", infeksionist Səxavət Xəlilli "Hepatit B", həkim-rezident Gülnar Hüseynova isə "Alkoqolla əlaqəli qaraciyər xəstəliyi" mövzularında çıxış edərək dinləyicilərə ətraflı məlumat təqdim ediblər.
Təqdimatların ardından iştirakçıların mövzu üzrə məlumatlılıq səviyyəsini dəyərləndirmək məqsədilə maarifləndirici sorğu keçirilib və interaktiv sual-cavab sessiyasında ekspertlər qonaqların suallarını cavablandırıblar. Tədbir iştirakçılar və mütəxəssislər arasında səmimi fikir mübadiləsi və ünsiyyətin davam etdirildiyi kofe fasiləsi ilə yekunlaşıb.

