“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib

28 iyul 2026-cı il tarixində "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi (DSD İB) "Dənizçi şəhid ailələri ilə iş" layihəsi çərçivəsində ikinci tədbirini keçirib.

DSD İB-nin Analitik-İnformasiya Bölməsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan tədbir Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının akt zalında baş tutub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə Xəzər Dəniz Neft Donanmasının şəhid dənizçi ailələri, müharibə iştirakçıları və əməkdaşları ilə yanaşı, Donanmanın rəis vəzifəsini müvəqqəti icra edən Azər Qasımov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Elman Nəsirov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə, eləcə də Donanmanın rəhbər heyəti, veteran dənizçilər, gəmi kapitanları və digər qonaqlar iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan DSD İB-nin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, Xəzər Dəniz Neft Donanmasının əməkdaşları Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərində - 1988-ci il meydan hərəkatında, 20 Yanvar hadisələrində, Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq nümunələri göstəriblər.
Faiq Balabəyli şəhid dənizçilərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən də danışaraq qeyd edib ki, dənizçilərin təşəbbüsü ilə 10-dan çox şəhidin adı Donanmanın gəmilərinə verilib və bu istiqamətdə digər tədbirlər də həyata keçirilir.


Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsini müvəqqəti icra edən Azər Qasımov çıxışında dənizçi şəhid ailələrini, müharibə iştirakçılarını və qonaqları salamlayaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb.
Deputatlar Elman Nəsirov və Vüqar Rəhimzadə, həmçinin ekspert Fuad Hüseynzadə çıxışlarında layihəni yüksək qiymətləndirərək bildiriblər ki, bu təşəbbüs dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.


Tədbirdə çıxış edən Xəzər Dəniz Neft Donanmasının idarə rəisinin birinci müavini Məqsəd Fərhadov, baş mühəndis Mahir İsgəndərov, qrup rəhbəri Natiq Hümbətov və digər natiqlər ASCO-nun şəhid ailələri və qazilərə göstərdiyi davamlı dəstəkdən bəhs edərək DSD İB-nin həyata keçirdiyi layihəni təqdir ediblər.


Veteran dənizçi, təqaüddə olan gəmi kapitanı Asif Orucov isə çıxışında vaxtilə birlikdə çalışdığı şəhid İsgəndər Xankişiyev haqqında xatirələrini bölüşüb. O, şəhidin adını daşıyan "İsgəndər Xankişiyev" gəmisinin xüsusi hazırlanmış şəklini şəhidin bacısı Çimnaz Əsədovaya hədiyyə edib.
Şəhid ailələri adından çıxış edən şəhid Oqtay Vəliyevin həyat yoldaşı İradə Vəliyeva, şəhid İsgəndər Xankişiyevin bacısı Çimnaz Əsədova və şəhid İlyas Hüseynovun nəvəsi, məktəbli Mədinə Hüseyn Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, ASCO-ya və DSD İB-yə təşəkkürlərini bildirərək öz təklif və arzularını səsləndiriblər.
Qeyd edilib ki, "Dənizçi şəhid ailələri ilə iş" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.


Sonda layihə rəhbəri bildirib ki, layihə çərçivəsində dənizçi şəhid ailələrinin sosial, hüquqi və mədəni maarifləndirilməsi istiqamətində nəzərdə tutulan bütün tədbirlər ardıcıl şəkildə icra olunacaq.


Tədbir xatirə şəkillərinin çəkilməsi və iştirakçılara hədiyyələrin təqdim olunması ilə başa çatıb.
Tural Balabəyli
DSD İB-nin layihə üzrə Analitik-İnformasiya Bölməsinin rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31