Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir -Vüqar Rəhimzadə
19:41 SiyasətAzərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri ölkələri, xalqları bir araya gətirərək hər zaman xalqlar və dövlətlər arasında yeni körpülərin qurulmasına, bağlantıların yaradılmasına geniş imkanlar təqdim edir. Prezident İlham Əliyevin elə bir çıxışı, mətbuata elə bir müsahibəsi yoxdur ki, Azərbycanın malik olduğu üstünlüklər sırasında xüsusi yer tutan coğrafi mövqeyindən, ondan səmərəli istifadəsindən, ən əsası tranzit imkanlarından bəhs etməsin. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Ümumiyyətlə, ölkəmiz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparır. İnfrastruktur müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilir. Əvvəldə də qeyd etdiyimiz kimi, çünki yüklər artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan Çini Avropa ilə birləşdirən Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas əlaqələndirici və həlledici coğrafi mövqeyə malik, aparıcı dövlətdir. Ölkəmiz bu marşrut üzrə nəqliyyat axınını təmin edir, Xəzər dənizində logistikanı gücləndirir və beynəlxalq tərəfdaşlarla birgə mühüm layihələr həyata keçirir. Coğrafi körpü kimi dəyərləndirilən Orta Dəhliz Asiya ilə Avropa arasında ən qısa və etibarlı quru-dəniz keçidini təmin edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, daim bu reallıq əsaslı şəkildə vurğulanır ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yarandı. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə ölkımizin dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan daha vacib rol oynayır.
Vüqar Rəhimzadə vurğulayıb ki, logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm amilinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bu reallıqlar həm beynəlxalq qurumların hesabatlarında, həm də qarşılıqlı səfərlər fonunda keçirilən görüşlərdə, liderlərin mətbuata bəyanatlarında, beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışlarında xüsusi qeyd edilir. Təkcə son zamanlarda dinamikliyi ilə diqqətdə olan qarşılıqlı səfərlər zamanı müzakirə edilən mövzulara diqqət yetirsək bağlantı məsələsinin prioritetliyini aydın şəkildə görərik. Belə ki, iyul ayının əvvəlində ölkəmizdə işgüzar səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatında bildirdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik.
Prezident İlham Əliyev bu günlərdə Almaniyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə, bu ölkənin Federal Kansleri Fridrix Merts ilə mətbuata bəyanatında da əlaqələrin inkişafında bağlantıların və tranzit imkanlarının rolunu xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Göründüyü kimi, Azərbaycanın coğrafi mövqeyi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində öz sözünü deyir. Eyni zamanda, Azərbaycanın yeni körpülərin qurulması ilə bağlı çağırışı yalnız əməkdaşlıq əlaqələrində deyil, həmçinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində, yeniləşdirilməsində öz təsdiqini tapır.
Millət vəkili bildirib ki, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin əsaslı şəkildə təbliğində əhəmiyyətli rol oynayan, zəngin mənbəyə çevrilən IV Şuşa Qlobal Media Forumunda da Azərbaycanın tranzit ölkə kimi malik olduğu imkanlar geniş müzakirə edildi və bu fonda diqqət Azərbaycan ilə Çin arasında regional əlaqənin gücləndirilməsinə və Orta Dəhlizin inkişafı sahəsində gələcək əməkdaşlıq üçün yeni imkanlara yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, Orta Dəhlizə gəldikdə, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən, Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu Dövlət proqramlarının, Milli Prioritetlərin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yüklərin cəlb olunması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin uğurlu icrasında öz əksini tapir. Bir daha təsdiqləndi ki, qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi, yüksək texnologiyaların geniş tətbiqi ilə xarakterizə olunan müasir beynəlxalq ticarət sistemləri bütövlükdə milli iqtisadiyyatın, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, bu vəzifələrin uğurlu icrasını inkişaf etmiş nəqliyyat şəbəkəsi olmadan təsəvvür etmək mümkün deyil. Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün nəqliyyat infrastrukturlarının müasirləşdirilməsi, logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması, həmçinin nəqliyyatda təhlükəsizliyin gücləndirilməsi tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Qlobal trendlərin yaxından izlənilməsi və görülən tədbirlərin bu trendlərə uyğunlaşdırılması ilə Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə nail olmaq, etibarlı, təhlükəsiz, səmərəli və regional sistemlərə inteqrasiya edilmiş tranzit nəqliyyat şəbəkəsi ilə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində həyata keçirilən beynəlxalq yükdaşımaların aktiv iştirakçısına çevrilmək hədəfini reallaşdırmaq olar.