Gümrüdəki Rusiya bazasının taleyi sual altına düşür: İrəvan nə planlaşdırır?- ÖZƏL

KTMT Ermənistanı səs hüququndan məhrum etdikdən sonra diqqət Gümrüdəki 102-ci Rusiya bazasına yönəlib. Mirzoyan İrəvanın bazanın taleyini müzakirəyə hazır olduğunu desə də, danışıqlar hələ başlamayıb. İrəvan çıxarılmasını tələb etmir, Moskva da çıxmaq istəmir. Amma baza artıq qaz qiyməti ilə bağlı bazarlığa çevrilir-İrəvan qaz bahalaşarsa, bazaya görə ödənişi artırmağı düşünür. Gümrüdə rus əsgərinin gənci təhqir etdiyi video isə narazılığı artırıb. Baza 2044-cü ilədək qalmalıdır, amma statusuna yenidən baxılması regionun güc balansına təsir edə bilər.

Bəs Ermənistan 2044-cü ilədək qüvvədə olan müqaviləyə yenidən baxaraq 102-ci bazanı Rusiya ilə qaz qiymətləri və digər iqtisadi məsələlər üzrə sövdələşmə alətinə çevirə bilərmi? Rusiya belə bir şərtlə razılaşmasa, Gümrüdəki hərbi mövcudluğunu qorumaq üçün hansı siyasi və iqtisadi addımları ata bilər?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

"
Aydın məsələdir ki, Ermənistanla Rusiya arasında KTMT və digər təşkilatlarla bağlı fikir ayrılıqları mövcuddur. Ermənistan Rusiyanın orbitindən uzaqlaşmaq istəyir və bunu əyani şəkildə göstərir. KTMT-də səsvermə hüququndan məhrum olunan Ermənistan, əlbəttə ki, 102-ci hərbi bazanın da ölkədən çıxarılmasını istəyir. Yəqin ki, bundan başqa halları da müşahidə edəcəyik. Bu, bir dəfəyə veriləcək qərar deyil, tədricən həyata keçiriləcək prosesdir. Ermənistan bununla Avropaya inteqrasiya prosesini sürətləndirməyə çalışacaq.

Əgər dövlətlər arasında münasibətlər gərginləşərsə, bu tip müqavilələrin ləğv edilməsi və ya onlara yenidən baxılması məsələsi gündəmə gələ bilər. Ermənistanın Rusiya ilə bütün əlaqələrini birdəfəlik kəsəcəyini düşünmürəm. Ona görə də 102-ci hərbi baza ilə bağlı məsələ hələlik gündəmdə deyil. Amma zamanla bunun da baş verəcəyini düşünürəm".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31