Üç lider, üç fərqli maraq: Şençjen görüşünün pərdəarxası- ÖZƏL
19:56 Siyasət"Şençjendə Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında keçiriləcək üçtərəfli görüş beynəlxalq münasibətlər sistemində yeni siyasi koordinatların müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşün 1945-ci il Yalta konfransı ilə müqayisə edilməsi müəyyən mənada simvolik məna daşısa da, tarixi paralelləri müasir geosiyasi reallıqlarla eyniləşdirmək düzgün olmazdı. Yalta konfransında İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizamın əsas konturları müəyyənləşdirilirdi. Bugünkü dünya isə daha mürəkkəb, çoxmərkəzli və qarşılıqlı maraqların toqquşduğu siyasi sistemdir. Hindistan, Yaponiya, Avropa İttifaqı və digər güc mərkəzlərinin mövcudluğu üç dövlətin bütün dünya üzrə siyasi qərarları öz aralarında bölüşdürməsini mümkünsüz edir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bununla belə, Şençjen görüşünün əhəmiyyətini kiçiltmək də olmaz. ABŞ, Rusiya və Çin dünyanın ən böyük hərbi-siyasi və iqtisadi güc mərkəzləridir. Onların münasibətlərində yaranacaq hər hansı yeni anlaşma beynəlxalq təhlükəsizlik arxitekturasına təsirsiz ötüşməyəcək. Burada əsas məsələ üç liderin ortaq maraqlarının nə qədər uzlaşmasıdır. Vaşinqton Çinlə texnoloji və iqtisadi rəqabətdə üstünlüyünü qorumağa, Moskva Qərbin sanksiya təzyiqini zəiflətməyə, Pekin isə beynəlxalq sistemdə özünün strateji mövqelərini genişləndirməyə çalışır. Ukrayna məsələsi bu maraqların ən mürəkkəb toqquşma nöqtəsidir. Rusiya müharibənin nəticələrini öz geosiyasi mövqelərinin möhkəmləndirilməsi istiqamətində istifadə etmək istəyir. ABŞ isə Avropadakı təhlükəsizlik balansını və özünün beynəlxalq nüfuzunu nəzərə almaq məcburiyyətindədir. Çin üçün isə Ukrayna böhranı həm Qərbin diqqət və resurslarını bölüşdürən, həm də Pekinin Rusiya ilə münasibətlərində strateji manevr imkanları yaradan amildir. Buna görə də Çinin müharibənin dayandırılmasına prinsipial şəkildə qarşı olduğunu söyləmək doğru deyil. Ancaq Pekinin Moskvanı öz maraqlarına zidd ciddi güzəştlərə məcbur edəcəyini gözləmək də real görünmür.
Çinin mövqeyi daha çox strateji səbir və praqmatizm üzərində qurulub. Pekin müharibənin genişlənməsində maraqlı deyil, çünki bu, qlobal iqtisadi sabitliyə və beynəlxalq ticarətə mənfi təsir göstərir. Digər tərəfdən, Rusiya ilə münasibətlərin qorunması, ABŞ-nin diqqətinin Avropaya yönəlməsi və Qərbin resurslarının müxtəlif istiqamətlərdə bölünməsi Çin üçün müəyyən üstünlüklər yaradır. Bu baxımdan Pekinin sülh çağırışları ilə faktiki geosiyasi davranışları arasında fərqlər mövcuddur.
Əsas ziddiyyət ondan ibarətdir ki, ABŞ və Rusiya Ukrayna məsələsində mümkün razılaşma axtarsalar belə, onların təsəvvür etdiyi sülhün şərtləri bir-birindən ciddi şəkildə fərqlənir. Çin isə bu prosesdə həm vasitəçi obrazını qorumağa, həm də özünün strateji maraqlarını təhlükəyə atmamağa çalışacaq. Ən vacibi, Ukraynanın iştirakı olmadan onun gələcəyini müəyyənləşdirmək beynəlxalq hüquq və dövlət suverenliyi prinsipləri ilə ziddiyyət təşkil edir.
Şençjen görüşü yeni Yalta olmayacaq. Müasir dünyanın siyasi və iqtisadi strukturu üç dövlətin bütün beynəlxalq münasibətlər sistemini öz aralarında bölüşdürməsinə imkan vermir. Ancaq bu görüş böyük güclərin bir-birinin qırmızı xətlərini müəyyənləşdirdiyi, mümkün kompromislərin sərhədlərini yoxladığı mühüm diplomatik platformaya çevrilə bilər. Əslində, əsas məsələ dünyanın üç lider tərəfindən bölüşdürülməsi deyil, onların rəqabət və əməkdaşlıq arasında hansı yeni tarazlığı müəyyənləşdirəcəyidir. Bu tarazlığın nəticələri isə görüş masasında təmsil olunmayan çoxsaylı dövlətlərin gələcəyinə də təsir göstərə bilər".
Zeynəb Mustafazadə