Uşaqlarımızı necə qoruyaq? — İtkin düşmə hallarının pərdəarxası və qabaqlayıcı addımlar

Uşaqların təhlükəsizliyinin təmin olunması, onların hər cür təhlükədən qorunması hər bir cəmiyyət üçün ən vacib məsələlərdən biridir. Lakin azyaşlıların itkin düşməsi ilə bağlı baş verən hadisələr bu məsələnin yalnız ailədaxili məsuliyyət deyil, eyni zamanda ictimai və sosial problem olduğunu bir daha ortaya qoyur. Son günlər Azərbaycanda uşaqların itkin düşməsi ilə bağlı yayılan məlumatlar valideynlərin narahatlığını artırmaqla yanaşı, azyaşlıların gündəlik həyatlarında qarşılaşa biləcəkləri riskləri və onların təhlükəsizliyinin nə dərəcədə təmin olunduğunu yenidən müzakirə mövzusuna çevirib. Noyabrın 2-də Xırdalan şəhərində yerləşən yaşayış kompleksindən çıxaraq itkin düşən 12 yaşlı Mələk İmanovanın iki gün sonra tapılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bundan əvvəl, bu ilin iyul ayında Bakının Zığ qəsəbəsində 11 və 8 yaşlı bacı-qardaşın itkin düşməsi də diqqət mərkəzində olub. Hər iki hadisə ilə bağlı uşaqların tapılması barədə məlumat verilsə də, belə halların təkrarlanması problemin mahiyyətinə daha geniş aspektdən yanaşmağı zəruri edir. Ötən il ölkədə 18 yaşadək 155 nəfərin itkin düşmüş şəxs kimi qeydə alınması isə məsələnin ayrı-ayrı hadisələrlə məhdudlaşmadığını, sistemli diqqət və qabaqlayıcı tədbirlərə ehtiyac olduğunu göstərir. Uşaqların itkin düşməsi hallarının arxasında müxtəlif səbəblər dayana bilər. Bəzən bu, azyaşlıların təhlükəni düzgün qiymətləndirə bilməməsi, bəzən ailədaxili münasibətlər, sosial mühit və ya digər amillərlə əlaqəli ola bilər. Bununla belə, hər bir hadisənin özünəməxsus xüsusiyyətləri olduğundan səbəblər araşdırılmadan ümumiləşdirilmiş nəticələrə gəlmək doğru deyil. Əsas məsələ isə uşaqların təhlükəsizliyini yalnız hadisə baş verdikdən sonra axtarış tədbirləri ilə təmin etməyə çalışmaq deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını almaqdır. Digər tərəfdən, uşaqların təhlükəsizliyi məsələsində valideynlərin, təhsil müəssisələrinin və aidiyyəti dövlət qurumlarının üzərinə düşən məsuliyyət də xüsusi əhəmiyyət daşıyır.

Bəs uşaqların itkin düşməsi hallarının qarşısını almaq üçün hansı mexanizmlər gücləndirilməlidir? Valideynlər övladlarının təhlükəsizliyini təmin etmək üçün gündəlik həyatlarında hansı məqamlara diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Olaylar.az-a danışıb. Psixoloqun sözlərinə görə, valideynlər ilk növbədə uşaqlarına güvən və güvənsizlik hisslərini, emosiyalarını başa salmalıdırlar. Çünki insan tanış olmadığı situasiya, emosiya və ya davranışla qarşılaşdıqda, məntiqi olaraq necə reaksiya verəcəyini, nə edəcəyini və necə davranacağını bilməyə bilər. Bu səbəbdən valideynlər tərbiyə prosesində bu mövzuya mütləq yer ayırmalıdırlar. Uşaqlar müxtəlif situasiyalarla qarşılaşdıqda hansı davranışın təhlükəli, hansı münasibətin isə normal olmadığını ayırd edə bilməlidirlər. Onlara özlərini narahat hiss etdikləri vəziyyətlərdə necə davranmalı olduqları, kimdən kömək istəyə biləcəkləri və hansı hallarda həmin mühitdən uzaqlaşmalı olduqları izah edilməlidir. Burada əsas məqsəd uşağı qorxu içərisində böyütmək deyil, əksinə, onun təhlükəni tanımaq və düzgün qərar vermək bacarığını formalaşdırmaqdır. Daha sonra valideynlər uşaqlarının ətraf mühitini mütləq şəkildə müşahidə etməlidirlər. Uşağın kimlərlə, hansı xarakterə malik uşaqlarla dostluq etdiyinə diqqət yetirməlidirlər. Çünki uşağın formalaşmasında onun ünsiyyətdə olduğu insanların, xüsusilə də yaxın dostlarının davranışları mühüm rol oynayır. Uşaqlar ətraflarında gördükləri davranışları mənimsəyə, müəyyən ifadə və münasibət formalarını öz həyatlarında tətbiq edə bilərlər. Buna görə də valideynlər övladlarının dost çevrəsini tanımalı, onların kimlərlə vaxt keçirdiyini və bu münasibətlərin uşağa necə təsir göstərdiyini müşahidə etməlidirlər. Bəzən valideynlər belə düşünürlər ki, hansısa uşağın tərbiyəsiz olduğunu əsas gətirərək öz övladlarını ondan uzaqlaşdırmaq həmin uşağa qarşı haqsızlıq olar. Lakin uşağın ətrafında davranışlarına nəzarət edə bilməyən, təhqiramiz və söyüş xarakterli ifadələr işlədən, tərbiyəsi ilə bağlı ciddi problemləri olan uşaqlar varsa, öz övladlarının onlarla dostluq etməsini məsləhət görmürəm. Çünki həmin uşaqların mənfi davranışları sizin övladınıza da təsir göstərə bilər. Valideynlər bu məsələdə həssas davranmalı, övladlarının kimlərlə ünsiyyət qurduğunu və həmin münasibətlərin onların davranışlarında hansı dəyişikliklərə səbəb olduğunu nəzərə almalıdırlar. Burada söhbət uşağın sosial münasibətlərini məhdudlaşdırmaqdan və ya onu digər uşaqlardan təcrid etməkdən getmir. Əsas məsələ onun sağlam ünsiyyət mühitində böyüməsinə diqqət yetirmək, mənfi təsirlərin qarşısını vaxtında almaqdır.

Psixoloq bildirib ki, valideynlərin uşaqlarına münasibətdə nəzarət və mühafizə yanaşması da düzgün qurulmalıdır. Uşaq hiss etməməlidir ki, anam və atam bütün günü məni izləyir. Burada söhbət uşağın arxasınca düşüb onu daim izləməkdən getmir. Nəzarət daha düzgün və düşünülmüş şəkildə həyata keçirilməlidir. Çünki həddindən artıq nəzarət uşağın valideynlərindən uzaqlaşmasına, bəzi məsələləri onlardan gizlətməsinə və özünü sərbəst ifadə etməkdə çətinlik çəkməsinə səbəb ola bilər. Valideynlər elə münasibət formalaşdırmalıdırlar ki, uşaq qarşılaşdığı hər hansı problem, narahatlıq və ya təhlükəli vəziyyət barədə çəkinmədən onlara məlumat verə bilsin. Uşaq bilməlidir ki, başına xoşagəlməz hadisə gəldikdə və ya hansısa şəxsin davranışından narahat olduqda valideynlərinə müraciət edə bilər. Bu baxımdan valideynlə övlad arasında etimadın formalaşması xüsusi əhəmiyyət daşıyır. Bu nəzarət uşağın telefon istifadəsini də əhatə etməlidir. Müasir dövrdə uşaqların ünsiyyətinin və gündəlik fəaliyyətinin əhəmiyyətli bir hissəsi rəqəmsal mühitlə bağlıdır. Buna görə də valideynlər övladlarının telefondan necə istifadə etdiyinə, kimlərlə ünsiyyət saxladığına və virtual mühitdə hansı məzmunlarla qarşılaşdığına diqqət yetirməlidirlər. Bu məsələdə də nəzarət qadağalar üzərində deyil, uşağın təhlükəsizliyinin təmin olunması və düzgün istiqamətləndirilməsi üzərində qurulmalıdır. Eyni zamanda, sinif yoldaşları ilə münasibətlərinə diqqət yetirilməli, uşaq məhəlləyə çıxırsa, oradakı dostları və ünsiyyətdə olduğu uşaqlar da tanınmalıdır. Valideyn övladının məktəbdə, dərsdənkənar vaxtlarda və gündəlik həyatında kimlərlə münasibət qurduğundan xəbərdar olmalıdır. Onun davranışlarında, əhvalında və ünsiyyətində baş verən dəyişiklikləri də müşahidə etmək vacibdir. Bəzən uşaqlar qarşılaşdıqları problemləri birbaşa ifadə etməsələr də, davranışları ilə müəyyən narahatlıqları büruzə verə bilərlər. Buna görə də valideynlər övladlarının gündəlik həyatına biganə qalmamalı, onların münasibətlərində və davranışlarında baş verən dəyişikliklərə diqqətlə yanaşmalıdırlar. Hətta qohum-əqrəba arasında, o cümlədən öz doğma bacı və qardaşlarının uşaqları ilə övladınızın münasibətlərini də müşahidə etməlisiniz. Onların bir-biri ilə necə davrandığına, münasibətlərinin hansı səviyyədə olduğuna diqqət yetirmək vacibdir. Çünki uşağın təhlükəsizliyi ilə bağlı diqqət yalnız məktəb, küçə və ya yad insanlarla ünsiyyət çərçivəsində məhdudlaşmamalıdır. Valideyn uşağın yaxın ətrafında olan insanlarla münasibətlərini də bilməli, onun özünü həmin mühitdə necə hiss etdiyini müşahidə etməlidir. Uşağın kiminlə vaxt keçirməsindən asılı olmayaraq, özünü rahat və təhlükəsiz hiss edib-etmədiyinə diqqət yetirilməlidir. Ümumilikdə, valideynlərin əsas vəzifəsi uşaqları daim nəzarət altında saxlamaq deyil, onlarda təhlükəni tanımaq, düzgün qərar vermək və ehtiyac yarandıqda kömək istəmək bacarığını formalaşdırmaqdır. Bunun üçün valideyn-övlad arasında etibarlı münasibət qurulmalı, uşağın sosial çevrəsi tanınmalı və onun gündəlik həyatına diqqət yetirilməlidir. Uşaq bilməlidir ki, hər hansı çətinliklə qarşılaşdıqda bunu valideynlərindən gizlətməsinə ehtiyac yoxdur və o, hər zaman onlardan dəstək ala bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31