Paşinyan prezident institutunu ləğv edə bilər?-Politoloqdan şərh ÖZƏL
14:54 SiyasətErmənistan prezidenti Vaaqn Xaçaturyanın son vaxtlar gündəmdən kənarda qalması ölkədə müzakirələrə səbəb olub. Müşahidəçilər Paşinyanın yeni Konstitusiya islahatları çərçivəsində prezident institutunu ləğv edə və ya səlahiyyətlərini daha da azalda biləcəyini iddia edirlər.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Ermənistan prezidenti Xaçaturyan zamanında Paşinyanın erməni parlamentindəki "Mülki Müqavilə" partiyasının dəstəyi ilə seçilmiş şəxsdir. Bu müddət ərzində o, Paşinyana loyallığı ilə yadda qalıb, hətta Paşinyan tərəfindən ölkə qanunvericiliyinin pozulduğu hallarda belə, o, hadisələrə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində münasibət bildirməmiş, "susmaq qızıldır" fəlsəfəsi ilə davranmışdır. Ölkədə hakimiyyət və müxalifət və ya iqtidar və Erməni Apostol Kilsəsi ilə münasibətlərdə məlum gərginlik fonunda belə, ictimaiyyət prezidentin hadisələrə münasibəti ilə bağlı hər hansı məlumat əldə edə bilməmişdir. Bu kontekstdə Xaçaturyanın səlahiyyətləri bitmədiyi bir şəraitdə onun əvəz edilməsi Paşinyan hakimiyyəti üçün prioritet məsələ deyil.
Digər tərəfdən, Ermənistanda prezident vəzifəsi siyasi çəkidən daha çox texnoloji xüsusiyyətlərə malik institutdur. O, baş nazirdən sonra ikinci vəzifəli şəxsdir, xalq tərəfindən birbaşa seçkilərlə deyil, parlament tərəfindən seçilir.
Prezidentin parlament tərəfindən seçilməsi üçün erməni parlamentindəki 105 deputatdan 79-nun prezidentliyə namizədi dəstəkləməsi tələb olunur, yəni parlament deputatlarının 4/1 hissəsi. Hazırda Paşinyan parlamentdə belə bir üstünlüyə malik deyil. Səsvermənin ikinci tura keçirilməsi isə deputatlardan 64-nün namizədə dəstək verməsini tələb edir. Parlamentdə 66 deputata malik olan "Mülki Müqavilə" partiyası yalnız bu halda qanunvericiliklə müəyyən edilmiş həddi adlaya bilər. Lakin bu cəhdin belə parlamentdə qarşıdurma, deməli, ölkədə siyasi böhran doğuracağı istisna deyil.
Xaçaturyanın Paşinyan iqtidarı üçün başağrısı olmadığı şəraitdə onun dəyişdirilməsi üçün siyasi gedişlərin ediləcəyi az güman edilir. Erməni mətbuatı onun Artsax ermənilərinin doğma yurdlarını (erməni mətbuatına görə) tərk etdikləri bir şəraitdə Paşinyanın sifarişi ilə susduğunu yazaraq onun baş nazirin əlində oyuncaq olduğunu qeyd etmişdi. Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edən Xaçaturyanın Paşinyanın Azərbaycanla sülhə hesablanmış siyasəti üçün əngəl olmaması da baş naziri məmnun edən ciddi faktor kimi qəbul olunmalıdır.
Prezident vəzifəsinin Ermənistanın Avropaya inteqrasiya kursu götürdüyü bir şəraitdə hüquqi və siyasi anlamda Avropa institutları tərəfindən qəbul edilməyəcəyi amili də Ermənistan hakimiyyətini düşündürür və bu amil də Paşinyanı belə bir siyasi gedişi etməkdən çəkindirməlidir.
Zira bu halda Ermənistan parlamentli monarxiya üslubuna keçən dövlət təsiri bağışlayacaq.
Bütövlükdə isə Ermənistanda prezident vəzifəsinin ləğvi yalnız ölkənin əsas qanununa referendum yolu ilə əlavə və dəyişikliklərin edilməsi kontekstində mümkündür. "Mülki Müqavilə" partiyası parlamentdə konstitusion üstünlüyə (deputat yerlərinin 3/2 hissəsinə) malik olmadığından onun referendum keçirmək üçün qanunvericilik səlahiyyətləri yoxdur. Paşinyan bunun üçün parlamentdəki müxalifətlə iş birliyinə getməlidir ki, bu da müxalifətin korporativ maraqları, habelə geosiyasi faktorlar səbəbindən mümkün deyil. (Söhbət parlamentdə deputatların 3/1 hissəsinin referendumla bağlı layihəni dəstəkləməsindən gedir.) Nəhayət, bir yol da var ki, o da Ermənistanda seçki hüququ olan vətəndaşlardan 200 min nəfərinin referendum təklifini dəstəkləməsindən ibarətdir. Hazırkı prezidentin Paşinyanla iş birliyi şəraitində baş nazirin "stəkanda fırtına" yaratmasına ciddi ehtiyac yoxdur".
Zeynəb Mustafazadə