Qaz qiymətləri kəskin qalxacaq: Avropanı xilas edəcək model hansıdır? – ÖZƏL

İqtisadçı Bella Bəşirova: "Avropa bankları neft-qaz qadağalarını ləğv etməyə məcburdur" 

"Equinor" şirkətinin baş direktoru Anders Opedal "Reuters"ə açıqlamasında bildirib ki, Avropa bu payız qaz anbarlarını hədəflənən 80 faizlik səviyyəyə çatdıra bilməyəcək. Buna səbəb qlobal bazardakı gərginlik və Asiyadan gələn güclü rəqabətdir. Hazırda anbarların doluluq həddi cəmi 54 faiz təşkil edir ki, bu da son 15 ilin ikinci ən aşağı göstəricisidir. Opedal vurğulayıb ki, anbarlarda ehtiyatın azlığı səbəbindən Avropa bu qış bazar qiymətlərinin kəskin dalğalanmasına qarşı daha həssas və müdafiəsiz olacaq.

"Avropada qaz anbarlarının son illərin ən aşağı göstəricilərindən birinə enməsi enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaratmaqdadır və belə bir şəraitdə Avropa İttifaqının yalnız yaşıl enerji siyasətinə arxalanmasının kifayət etmədiyi bir daha özünü göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Bella Bəşirova deyib. İqtisadçı bildirib ki, bərpa olunan enerji mənbələrinin inkişafı strateji baxımdan düzgün istiqamətdir, lakin bu keçid dövründə təbii qaz hələ də etibarlı keçid yanacağı kimi öz əhəmiyyətini qoruyur.
Mövcud vəziyyət Avropa banklarının və maliyyə institutlarının neft-qaz layihələrinə tətbiq etdikləri maliyyə və investisiya məhdudiyyətlərinə yenidən baxmalarını zəruri edə bilər və düşünürəm  məcburdular.

İqtisadçı qeyd edib ki, əgər enerji təhlükəsizliyi ilə iqlim hədəfləri arasında balans qorunmasa, qış aylarında həm qiymətlərin kəskin artması, həm də enerji çatışmazlığı riski yüksələcək. Buna görə də müəyyən yumşalmaların və strateji layihələrin maliyyələşdirilməsinə daha çevik yanaşmanın şahidi ola bilərik. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin illərdir səsləndirdiyi mövqe bu gün öz aktuallığını daha aydın nümayiş etdirir. Prezident dəfələrlə vurğulayıb ki, ənənəvi enerji mənbələrinə investisiyaların süni şəkildə məhdudlaşdırılması gələcəkdə qlobal enerji böhranına səbəb ola bilər. Bugünkü vəziyyət göstərir ki, yaşıl enerjiyə keçid mərhələli şəkildə həyata keçirilməli, enerji təhlükəsizliyi isə heç bir halda risk altına atılmamalıdır.

"Azərbaycan bu prosesdə Avropa üçün etibarlı enerji tərəfdaşı olaraq xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz həm təbii qaz ixracını artırır, həm də yaşıl enerji layihələrini paralel şəkildə inkişaf etdirir. Bu, enerji keçidinin ən optimal modelidir. Hesab edirəm ki, Avropa İttifaqı qarşıdakı dövrdə daha praqmatik siyasət yürüdəcək və enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında daha real tarazlıq yaratmağa çalışacaq", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31