Professorun məsuliyyəti, sahibkarın maskası- ÖZƏL
10:17 Sosial"Portuqaliya tarixində iqtisad professoru António de Oliveira Salazarın baş nazir təyin edilərkən "Bəs tələbələrimə nə deyəcəyəm?" dediyi barədə məşhur bir cümləsi var. Bu ifadənin simvolik mənası güclüdür: akademik üçün ən böyük məsuliyyət vəzifə deyil, tələbə qarşısında daşıdığı mənəvi öhdəlikdir. Bu gün isə bəzən tam əks mənzərə ilə qarşılaşırıq". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Bəzi sahibkarlar universitet auditoriyalarında "uğur hekayələri" danışır, zəhmətdən, riskdən, gecə-gündüz çalışmaqdan, "sıfırdan zirvəyə" yüksəlməkdən bəhs edirlər. Tələbələr onları uğurun canlı nümunəsi kimi dinləyir, alqışlayır, hətta özlərinə ideal seçirlər.
Lakin zaman keçir. Hüquq-mühafizə orqanlarının araşdırmaları, məhkəmə qərarları və ya rəsmi məlumatlar göstərir ki, həmin "uğur hekayəsinin" arxasında bəzən dövlət vəsaitinin mənimsənilməsi, vergidən yayınma, korrupsiya və ya digər qanun pozuntuları dayanıb.
Belə olan halda ortaya çox ciddi bir sual çıxır: Əgər sərvət zəhmətin deyil, ictimai resursların qanunsuz mənimsənilməsinin nəticəsidirsə, onda auditoriyada danışılan hekayə uğur hekayəsidir, yoxsa saxta mif?
Universitet auditoriyası reklam meydanı deyil. O, dəyərlərin formalaşdığı məkandır. Burada yalnız pul qazanmağın deyil, pulu necə qazanmağın da əhəmiyyəti var. Çünki iqtisadiyyat yalnız mənfəət haqqında elm deyil; o, həm də etibar, məsuliyyət və ictimai rifah haqqında elmdir.
Tələbələrə milyonlar qazanmağın yollarını öyrətmək olar. Amma onlara milyonları vicdanla qazanmağın yollarını öyrətmək daha vacibdir. Əks halda auditoriyada formalaşan ideal belə olur: "Nəticə varsa, vasitənin əhəmiyyəti yoxdur." Halbuki sağlam iqtisadiyyat tam əks prinsip üzərində qurulur. Uzunömürlü biznes etibarla yaşayır. Etibar isə qanunlara riayət, şəffaflıq və sosial məsuliyyət üzərində qurulur. Saxta uğur hekayələri qısa müddət heyranlıq yaratsa da, həqiqət üzə çıxanda onlar gənclərdə yalnız məyusluq və dəyərlərə inamsızlıq yaradır.
Universitetlər auditoriyaya dəvət etdikləri şəxslərin təkcə maliyyə göstəricilərinə deyil, ictimai nüfuzuna, etik davranışına və peşəkar reputasiyasına da diqqət yetirməlidirlər. Çünki tələbələr yalnız deyilən sözləri deyil, danışanın həyatını da öyrənirlər. Dostum Samir Həsənovun biznes fəlsəfəsini bir cümlə ilə ifadə etmək olar: "Sərvət sahibkarı varlı edə bilər, amma yalnız ləyaqət onu nüfuzlu edə bilər."