“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatr sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.
30 Aprel 2019 14:59 MədəniyyətAprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan "Birpərdəli pyeslər" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatr sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Müsabiqə barədə ətraflı məlumat verən mədəniyyət nazirinin birinci müavini deyib ki, "Birpərdəli pyeslər" müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunub. Müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləmək, tamaşaçıların mənəvi-estetik zövqünün formalaşması üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir. Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, 2016-cı ilin Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.
Vaqif Əliyev bildirib ki, müsabiqəyə təqdim olunmuş əsərlər tanınmış mədəniyyət xadimlərindən ibarət müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilib.
Müsabiqə komissiyasının gəldiyi ümumi nəticəyə müvafiq olaraq I yeri "Payız meşəsində vals" pyesi ilə Firuz Mustafa, II yeri "Ölümə gedən" pyesinə görə Cavid Zeynallı, "Al çobanyastığı ləçəkləri" pyesinə görə Sevinc Nuruqızı III olub. I yer üzrə qalibə 2000 (iki min), II yerin sahibinə 1500 (bir min beş yüz) və III yerin qalibinə isə 1000 (bir min) manat məbləğində pul mükafatı və Mədəniyyət Nazirliyinin diplomu nəzərdə tutulub.
Daha sonra Vaqif Əliyev qaliblərə mükafatları təqdim edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, müsabiqədə uğur qazanmış əsərlər toplu şəklində çap olunacaq və xalq teatrlarında səhnələşdiriləcək.
Qalib müəlliflər çıxış edərək müsabiqənin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.