Əzim Əzimzadənin xatirə muzeyinin açılışı keçirildi

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi.

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi.

Olaylar.az bildirir ki, xatirə muzeyinin direktoru İradə Əzimzadə qonaqları salamladı və muzeyin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir: "Hazırda muzey təmirdən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açır. Mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin yaradıcılıq xəzinəsini gələcək nəslə çatdırmaq bizim borcumuzdur".

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Əzim Əzimzadə Azərbaycan rəssamlıq məktəbində böyük iz qoymuş şəxsiyyətlərdən biridir. XIX əsrin sonu - XX əsrin əvvəlində milli təfəkkürün formalaşmasında "Molla Nəsrəddin" jurnalı ilə birlikdə çalışaraq təsviri sənətimizin inkişafında mühüm xidmətlər göstərib.

Əbülfəs Qarayev xatirə muzeyinin təmirini yeni düşüncə və yanaşmanın müfəssəl forması kimi səciyyələndirdi: "Binanın birinci mərtəbəsi ziyarətçidə xoş təəssürat yaradır. Ziyarətçi yeni tikilinin içərisində olduğunu hiss etmir. Muzeyin tərtibatı rəssamın yaşadığı mühiti dolğunluqla əks etdirir".

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısının tapşırığı ilə respublikada aparılan quruculuq işləri, eləcə də rayon ərazisində təmir və abadlıq işləri barədə məlumat verdi. Rayon ərazisində mədəniyyət ocaqları, abidələri sayının çox olduğunu diqqətə çatdıran A.Əsgərov buradakı mədəni istirahət məkanları sırasında Ə.Əzimzadənin xatirə muzeyinin əhəmiyyətli yeri olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimiv və Xalq rəssamı Arif Hüseynov təsviri sənətimizdə Ə.Əzimzadən məktəbi ilə bağlı fikirlərini bölüşdülər. 

Çıxışlardan sonra açılışı bildirən rəmzi lent kəsildi və qonaqlar muzeyin təmirdən sonrakı vəziyyəti ilə tanış oldular. Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31