Kişi - HEKAYƏ
25 Dekabr 2012 14:24 MədəniyyətMƏNZƏRƏ SADIQOVA
Kişi sükan arxasında qıvrılırdı. Bir gözü tıxacda, bir gözü mobilinə gələn sms-lərdəydi. Evdə anasının halı xarab olmuşdu. Təcili ona dərman çatdırmalıydı. Qayğısı tək bu olsa, dərd yarıydı. Kişinin bütün əzaları üsyana qalxmışdı. Sevdiyinin yanında olmaq istəyirdi. Bir əli sükanda onun nömrəsini yığmağa başladı. Səsini duyunca sevindi. Sanki ruhuna rahatlıq süzüldü. Sevdiyinin elə məlahətli, elə şaqraq, elə gümrah səsi varıydı ki... Anındaca qayğılarını unutdu. Zarafata başladı: - Qonağın var.
- Aaa yox, televizorun səsidir.
- Görürsən, yenə fikrimi tutmadın. Deyirəm qonağın var.
Dəstəkdəki səs üşənən kimi oldu: - Doğrudaan?.. Mən o qədər də qonaqpərvər deyiləm.
- Mənə bir balınc versən yetər. Qıvrılıb yataram.
- Yooox. Olmaz!
- Onda sən aşağı düşərsən. Maşında gecələyərik.
- Bu hardan çıxdı??
Qadının heyrət və çaşqınlıq dolu səsində naz da varıydı. Bu da Kişinin qulağından yayınmadı. Ürəyinə ümid doldu: "Razılaşacaq. Məni sevir! Əvvəl-axır qovuşmalıyıq da."
Yol bir az açılmışdı. Maşının sürətini artırdı. O qədər ruhlanmışdı ki, daha heç nəyin fərqində deyildi. Nə Sevdiyinin etirazlarını qavramırdı, nə də istəklərinin indiyə qədər aralarında olan sərhədi keçdiyini anlamırdı. Ya da anlamaq istəmirdi. Kişinin canı yanırdı. Və bu yanğını ancaq Sevdiyinin yanında söndürə bilərdi. O, yaman cəsarətlənmişdi. Çətini əsas mətləbini açıncaya qədər idi. İndi daha dil boğaza qoymurdu.
- Anamın təzyiqi qalxıb. Ona dərman çatdırım gəlirəm. Bilirsən nə geyin? İstəyirəm əynində qəşəng gecə paltarı olsun. Penuarın var? Ağ rəngdə. Sən hazırlaş, mən indicə qayıdıram. 20-25 dəqiqəyə sizdəyəm.
Təəccübdən donan qadından qəribə bir səs çıxdı. O an qadının obrazı səsdən ibarət idi. Üzü görünməsə də səsi bütün emosiyalarını büruzə verirdi. Həyəcanlı və çaşqın qadın eşitdiklərinin alt qatdakı mənasına varınca onu həya təri bürüyürdü. Və sükan arxasında olan Kişi kilometrlərcə uzaqdan bunu duyurdu. Duyduqca da xoşhal olurdu. Çoxdankı tanışlıqdan, xoş-beşdən sonra nəhayət mətləb üstünə gələn Kişinin kefi durulmuşdu. Romantik aşiqlər kimi zümzümə edir, mahnı oxuyur, şeir deyirdi. Qadına olan istəyini çox özünəməxsus formada izhar edirdi.
Get-gedə sürəti 90-a, 100-ə, 120-yə qaldıran Kişi sevdiyi iki qadının yanına tələsirdi. Öncə anasını rahatlamalıydı. Sonra Sevdiyinin yanına getməliydi. İctimai məzmunlu görüşlərinə son verərək bu gecə yeni başlanğıca imza atacaqdı. O, bundan əmindi. Şəhərin o başından bu başına bütün yolu Sevdiyi ilə söhbətləşən Kişi evlərinə çatanda darvazanın ağzındaca hələlik sağollaşdı. Qaçaraq anasına baş çəkdi. Oğlunun təlaşını görən ana gülümsündü. Onun gəlişimi tez effekt verdi, gətirdiyi dava-dərmanmı, bilinmədi. Ana yatağında dirsəkləndi. Ev əhli də rahat nəfəs alıb hərə öz işinin dalınca getdi. Ana-oğul söhbəti fiziki ağrıları yavaş-yavaş unutdururdu yataqdakı qadına. Az sonra ana iynənin təsirindən mürgülədi. Oğul da yuxarıya, öz otağına qalxdı. Dərhal Sevdiyinə zəng etdi.
Qadının bütün etirazlarına rəğmən Kişinin "gələcəyəm!" qətiyyəti onu - Kişinin Sevdiyini çıxılmaz duruma salmışdı. Zəng səsindən diksindi. Elə bildi qapıdı. Sövq-təbii üst-başına baxdı. Ürəkaçan görkəmdə deyildi. Kişinin təkidlə verdiyi romantik sifarişlərdən sonra qadın yenilik kəşf etmişdi: onun kişi qarşısına çıxası gecə geyimi yoxuydu. Ərindən ayrılandan sonra heç bu haqda düşünməmişdi. Yetərincə qazanırdı, yaxşı yaşayırdı. Amma... qadın gözəlliyinə gözəllik qatan gecə geyimi yox idi! Heç ipək xalatı da yoxuydu. Ev idman geyimlərilə doluydu. Kişi ilə münasibətində çox da dərinə getmək fikrində olmayan qadın hər halda onu öz evində ilk dəfə ağırlayacaqdı və bu prosesdə ev xanımına oxşamaq istəyərdi. Kişinin yolboyu davam edən nəğməli monoloqunu dinlədikcə qadın ürəyində bu məsələni götür-qoy etmişdi. O an qadının paltar seçimi lap Hamletin "olum, ya ölüm?" dilemmasına, Çernışevskinin "nə etməli?" sualına dönmüşdü. O həm romantikliyi, həm də ciddiliyi özündə ehtiva edən bir geyim axtarırdı. Heç nə tapmaq şansı olmadığını görüb bərk məyus olmuşdu ki zəng gəldi. Pərt halda qapıya doğru istiqamətlənən qadın birdən hiss etdi ki, zəng otaqdan gəlir. Kişinin həyəcanlı səsi dəstəyi bürümüşdü. Şükür ki hələ öz evindəydi. Ailə qayğıları onu elə ağuşuna almışdı ki!.. Sanki az öncə Sevdiyinə dediyi sözləri, vədləri, tələbləri... unutmuş durumdaydı.
- Necəsən, anam bir az rahatladı. İndi yatır. İstəyirsən sənin üçün skripka çalım.
Az keçməmiş skripkanın səsi otağı başına götürdü. Qadın telefonun selektrini açmışdı və çalınan musiqi yanındaymış kimi səslənirdi. İfada bir az alətə yadırğama da vardı. Amma olsun. Yenə də maraqlıydı. Musiqini dinlədikcə fikirlərini nizama salmağa çalışan qadın bərk yorulduğunu hiss etdi. Gərilmişdi. "Kaş, heç gəlməsə..." - düşüncəsi beynindən keçən kimi bu fikirdən də xoşlanmadı. Təzadlı duyğular selində çırpınan qadın başa düşdü ki, şüurlu surətdə istəməsə də, şüuraltında yavaş-yavaş görüş əhvalına köklənirmiş. Kişinin zorla gəlmək istəməsi onun da işinə yarayırmış. Çünki cəmiyyətdə qazandığı ciddi qadın imici ilə və bu xasiyyətlə kimsəni xoşluqla yaxına buraxmayacaqdı. O ancaq ilk gəncliyində qadın olmuşdu və o zaman da qandığı buydu ki, qadınlıq yaxşı evdarlıqdan ibarətdir. Vəssalam. On ildən çoxuydu kişisiz yaşayırdı. Ev üçün kişi missiyasını da, qadın missiyasını da özü yerinə yetirirdi.
Skripkanı əlindən yerə qoyan kimi Kişi şeir oxumağa başladı. Özününkülər, özgəninkilər... Klassik poeziya, müasir lirika... Tanınan-tanınmayan şairlər, aşıqlar... Sevən, həsrət çəkən, vüsala yetən-yetməyən... Bu axşam hamısı Kişinin "otağındaydı" və onun diliylə danışırdı. Misralardan, beytlərdən məhəbbət yağırdı.
Əyləncəli poeziya dəqiqələrinə telefonun o başından eşidilən çağırış ara verdi. Kişi üzrxahlıq edib aşağıya - anasının yanına düşdü. O, yerinə gətirə bilməyəcəyi təkliflə qadının dünyasını alt-üst etdiyinin fərqində deyildi. Getməyi çox istəsə də, evdən ayrıla bilmirdi. Vurnuxa-vurnuxa qalmışdı. Belə bir situasiyada evdəkilərə nə desin, necə çıxsın?.. Allah eləməmiş, birdən o gedəndən sonra vəziyyət gərginləşsə... Məsələnin bu tərəfi qadının da ağlına gəlmiş və onu qorxutmuşdu: "Allah qorusun, birdən peşmançılıq yaşansa, ömrüm boyu mən qalaram günahkar durumunda. Gəlməsin, istəmirəm." Amma Kişi hələ də gedəcəyinə ümidliydi.
O az sonra daha böyük təlaşla otağına qayıtdı və avtomatik olaraq barmaqları nömrəni yığdı. Kişinin canı yanırdı. Və bu yanğını musiqi qanadlarında, poeziya atəşində söndürməyə çalışdıqca daha da alovlanırdı. İdrakın diktəsi onu evdə oturub anasının sağlıq durumuna şəxsən nəzarət etməyə çağırırdı. Ürəyi isə başqa məntiqlə çırpınırdı. Bədəninin hər zərrəsi Sevdiyinə doğru can atırdı. Kişi telefonu əlindən yerə qoymağa qorxurdu. Elə bilirdi ki, dəstəyi yerə qoyan kimi araya dağlardan sədd çəkiləcək. Əslində məsafə etibarilə bir-birindən çox uzaqdaydılar. Naəlac qalan Kişi Sevdiyi yanındaymış kimi davranır, onu və özünü əyləndirməyə çalışırdı. Sevdiyi üçün çalıb-oxuduqca ona elə gəlirdi ki, birlikdədirlər.
Gecə yarı olmuşdu. Saat üçü keçmişdi. Bundan sonra getmək müşkül məsələydi. Qadın da yorulmuşdu. Səhər ikisi də işə gedəcəkdi. Yatıb dincəlmək lazım idi. Amma zaman Kişi üçün dayanmışdı. Və dünya deyilən yerdə iki qadın qalmışdı: biri anası, biri sevdiyi. Bu gecə sevgili olacaqdılar. Olammadılar. Kişi reallığa təslim olmaq istəmirdi. Ümidini üzmürdü. Sevdiyinə qovuşacağına inanırdı. Arada ustad sənətkarların vallarını oxutdu. Muğamata, segaha dair fikirlərini bölüşə-bölüşə qadını dinləməyə məcbur edirdi. Hisslərini ram edəmmədiyini görəndə pianonu dilləndirməyə başladı. Dili də dinc durmurdu:
- Səhər işə getmə. Tezdən sizdəyəm.
- Elə şey olmaz. Mühüm görüşlərimiz var. Vacib sifarişçilərimiz gələcək.
- Onda ... zəngləşərik. Hə, indi de görüm, bu parça hansı simfoniyadandır?
- ...
- Belə sadə şeyləri də bilmirsən, özün də deyirsən ziyalıyam, - zarafatyana gülən Kişi əslində bir növ qadının könlünü almağa çalışırdı. Pianonun səsi aşağı mərtəbədə yuxulamış ananı oyatdı: "Ey böyük Allah, möhlət ver, bunu da evləndirim, sonra canımı al!" nisgili ixtiyar qadının qəlbindən qopdu.
...Nəhayət, sağollaşa bildilər. Kişinin halı hal deyildi. Beyni uğuldayırdı. Bir daha anasına baş çəkdi. Kritik anlar arxada qalmışdı. Təzyiq stabilləşmişdi. Qalxıb yatağına uzandı. Qeyri-ixtiyari taleyini düşündü. Yaşamağı, bu dünyada doyunca qalmağı, həyatdan kam almağı elə çox istəyirdi ki!.. Kişinin səhhətində ciddi problemi vardı. Xəstəliyi həyati təhlükə daşıyırdı. O üzdən evlənmirdi. "Kimsəni körpə uşaqla yarı yolda buraxıb getmək istəmirəm" ,- deyirdi anasına. Elə bu məntiqlə də tay-tuşu olan qızlarla məsafəli davranırdı. Bir az da özündən müştəbehliyi vardı. Ona elə gəlirdi ki, hansısa subayla oturub-dursa, o qız yapışıb qalacaq yaxasında. Əslində buna cəhd edənlər də yox deyildi. Çünki cavan qızlara nə lazımdı ki? Ev var, maşın var, vəzifə var, pul var...
Kişi dəqiq bilirdi ki, göstəricilərinə görə onunla maraqlananlar arasında SEVƏN yoxdur. O isə sevgi axtarırdı. Öləcəyini düşünüb üzüldükcə, həyatdan nakam köçməmək üçün yollar arayırdı. Ölümündən sonra da bu həyatda yaşamaq istəyirdi. Sıx-sıx xatırlanmaq istəyirdi. Dalınca yanan, üzülən, əzab çəkən, həsrətdən alovlanan bir qadının olmasını istəyirdi. Rəsmi nikahına alacağı qadını gözüyaşlı qoyub getməyə qıymayan Kişi qeyri-rəsmi eşq yaşayacağı bir qadına bütün bu əzabları yaşatmağı rəva görürdü. O özü də anlamadan (bəlkə də şüurlu surətdə) qurbanlıq quzu axtarırdı. Və axtardığını bu qadının timsalında tapmışdı: "Bu qadın vəfalıdı. Məni unutmaz. Bu qadın namusludu. Məni başqasına dəyişməz."
Əslində Kişini evlənməkdən çəkindirən hiss daxilində gizlənmiş eqoizm idi. O qorxurdu ki, öləndən sonra arvadı ərə gedər. El-obanın qarşısında bunu özünə, adına rəva görəmmirdi. Qeyri-rəsmi münasibət saxladığı qadının isə ona aid olduğunu kimsə bilməyəcəkdi. Min bir oyuna girib özünü sevdirmişdi. Məqsədi bu qadını xoşbəxt etmək deyildi. Onun sevgiyə susamış qəlbindən özünə məhəbbət donu biçmək idi. Amma özü haqda yüksək fikirdə olduğundan əsl niyyətini özünə də etiraf etməyə çəkinirdi. Əsas budu ki, qadına ərki vardı. Ona güvənərək son aylarını məsud yaşamaq istəyirdi.
Səhər adi qaydada qalxıb işə yollandı. Gün ərzində bir dəfə də olsun qadını aramadı. Bu minvalla bir həftə keçdi. Kişi qadına münasibətində heç bir məsuliyyət hiss etmirdi. Daha doğrusu, məsuliyyətdən qaçırdı. Sanki "o axşam" heç yaşanmamışdı. Günlər aya döndü. İl dəyişdi. Kişi susurdu. Günlərin birində yenə şıltaqlığı tutanda götürüb işdən qadına zəng etdi və heç bir şey olmamış kimi zarafata başladı. "O axşam"dan sonrakı sükutu özünə qarşı təhqir kimi qəbul edən qadın həvəssiz və soyuq danışırdı. Bunları vecinə almayan Kişi isə zarafatı zarafat üstə yağdırırdı. Yenə görüş eyhamı vururdu. Qadını çox istədiyini və özünün də istəndiyini deyirdi.
Beləcə, telefon zəngləriylə məhdudlaşan iki il də ötdü. Nəhayət, qarlı bir qış günündə qovuşdular. Yenə qadını qəfil yaxalamışdı, evə çatıncayadək mobili əlindən yerə qoymadığı üçün qadın macal tapıb özünə əl gəzdirə bilməmişdi. Kişi bu əməlini hünər bilirdi, qadını makiyajsız, təbii həyat rejimində yaxaladığını görüb sevinirdi. Bu da bir növ onun təcrübəsizliyindən irəli gəlirdi. Hər halda qadına bir az vaxt versə, pis olmazdı.
Kişi çox həyəcanlanmışdı. Neçə illər həsrətində olduğu qadına qovuşmaq onu silkələmişdi. Bəzi məsələlərdə əzazilliyi olsa da, Kişi insan idi və insana məxsus zəifliklər ona da yad deyildi. Elə ilk görüş axşamındaca sirrin üstü açıldı. Məlun xəstəlik onu "satdı". Kişi qürurunu əzən, onu varından yox eləyən xəstəliyi hamıdan cidd-cəhdlə gizlətsə də, məhrəm münasibətdə bulunduğu qadından gizlədəmmədi. İkisinin də qəlbi göynəyirdi. Qadın məhəbbət və şəfqət mələyinə çevrilmişdi. Aralarında qəribə bir aura yaranmışdı. Sevinc, məyusluq, müdhiş ağrı qarşısında acizlik, utanc hissi, qürur, qorxu, yaşamaq eşqi... hamısı bir birinə qarışmışdı. Həyatda illər-aylar deyil, bir gün də artıq qalmaq üçün bütün fiziki-mənəvi-psixoloji potensialını səfərbər edən Kişi xəstəliyə yenilmişdi.
Bundan sonra hər necə davransa, qadın onu qınamayacaqdı. Anlamağa çalışacaqdı. Sevəcəkdi. Əzizləyəcəkdi. Uca tutacaqdı. Ölümünə yanacaqdı. Allaha asi düşəcəkdi. Ölüb sevdiyinə qovuşanacan heç bir kişiylə iltifat qurmayacaqdı. Bircə anlığa özünü büruzə verən xəstəlik Kişinin bir ömürlük arzusunu həll etmişdi. Amma Kişi bunu qüruruna yedizdirəmmirdi. İlk görüşün ardını laqeydlik müşayiət etdi. Yenə saymazlıq. Yenə sükuta bürünmüş aylar. Əvvəlki mehribanlığın, ilıq axşam zənglərinin, ərkyana məsləhətləşmələrin yerini dərin boşluq tutmuşdu. Təsadüfən rastlaşmasalar, Kişinin onu arayıb-axtaracağı yoxuydu. Bəzən maşınları yolüstü rastlaşanda Kişi qadının yanından yel kimi sürüb keçərək sanki ona "Səni heç görmürəm!" mənasında meydan oxuyurdu. Halbuki qadının avtomobilini əla tanıyırdı və hər gün şəhərin küçələrində şütüdükcə gözü hər yerdə onun maşınını axtarırdı. Kişi gözə görünmədən Sevdiyinə uzaqdan baxmağı çox xoşlayırdı, daim onunla maraqlanırdı, nə etdiyindən xəbər tuturdu, yerində olub-olmadığını yoxlamaq üçün işinə zəng edərək susurdu. O, qadını ağrıtdığını, incitdiyini, üzdüyünü bilirdi və bundan xüsusi həzz alırdı. Aralarındakı münasibət Kişinin səbatsızlığı ucbatından xəstəhal bir əlaqəyə çevrilmişdi. Və həmin əlaqə yaxşı heç nə vəd etmirdi.
...Arabir görüşürdülər. Arabir deyəndə ki, fasilə aylarla ölçülürdü. Qadın onu ürəyindən ata bilmirdi. Nanəcibliyinin səbəbini az-çox bildiyindən, güzəştə gedirdi. Ərindən ağzı yanmışdı. Sevdi də yarımadı. Daha bundan sonra həyatına üçüncü bir erkəyi daxil edəsi deyildi. "Cəhənnəmə ki...", - deyə fikirləşirdi. İl yarım da belə keçdi.
Kişi dolğun həyat sürürdü. İşində-gücündəydi. Ona rəm atan qızlarla da görüşməyə başlamışdı. Bir dəfəlik eşq macəraları yaşayırdı. Dissertasiya yazdırırdı. Elmi ad almağa çalışırdı. Maşınını təzələyirdi. Karyerasında irəliləyirdi. Dostlarıyla görüşürdü. Xeyirə-şərə yarayırdı. Bir sözlə, kənardan baxana qətiyyən xəstə təsiri bağışlamırdı. Qadın da məəttəl qalmışdı. Bir tərəfdən, ömrünün yarıda kəsilməməsi üçün gecə-gündüz Allaha dua etdiyi bu insanın yaşadığını gördükcə sevinirdi. Digər tərəfdənsə özünə qarşı ögey münasibətin səbəbini anlayammadığı üçün ürəyində ona qəzəblənirdi. Qadın aciz qalmışdı. Kişi hələ də onu sevirdi. Amma "qadını sevəndə adama əzab verir" düşüncəsiylə inadla uzaqlaşırdı. Qadının əzablarını vecinə almırdı. Daha bayramlarda da yada salmırdı Sevdiyini. Bunu "güclü kişi" olmaq kimi dəyərləndirirdi. Özü üçün orijinal yol seçmişdi: yalnız kefinə düşəndə iltifat edib zəng vurardı. Onda da giley-güzar eşidən kimi bəhanə tapıb danışığı yarımçıq kəsərdi. Qəddarlığından zövq alırdı. "Mən nə istəsəm nail olaram..." düşüncəsinə özünü yaman inandırmışdı.
Kişi müntəzəm müalicə altındaydı. Yaşamaq uğrunda mübarizəsini bir an belə dayandırmırdı. Xarici ölkələrdəki növbəti müayinələrdən birində möcüzə gerçəkləşdi. O, tamam sağalmışdı. Həyati təhlükə sovuşmuşdu. Şad xəbəri əzizlərinə çatdırdı. Vətənə döndükdən sonra qadınla görüşməyə dəfələrlə təşəbbüs etdi. Aralarında soyuqluq olsa da, bu xəbəri onunla paylaşmağı özünə borc bilirdi. Sevdiyi isə onu yaxına buraxmırdı. Deyəsən, özünü qorumaq fikrindəydi. Kişi qadını anlayırdı. Axı, hər görüşdən sonra ona cəhənnəm əzabı yaşadırdı. Aylarla susur, yüz səksən dərəcə dönürdü. Məntiqə sığmayan bu davranışı Sevdiyi üçün əsl tapmacaydı. Kişinin sükutu qadını əzirdi. Ruh düşkünlüyü girdabında boğurdu. Yarpaq kimi həyatdan qoparırdı. Taleyin axarında rüzgara sovururdu. Kişi isə ürəyində qadınçün darıxsa da, zahirən büruzə vermirdi. Arada distansiya saxlayırdı. Çünki Sevdiyinə sıx bağlanmaqdan qorxurdu.
Nəhayət, görüş baş tutdu. Sevdiyinə iki müjdəsini birdən verdi Kişi: Xəstəliyə qalib gəldiyini bildirdi. Və evlənəcəyini söylədi. Alicənab qadın elə şad oldu ki!.. Dualarını qəbul etdiyi üçün ürəyində Allahına şükürlər etdi. Həmin gün onlar sevgilidən daha çox iki möhkəm dost kimiydilər. Çox mehriban ayrıldılar. Arada ruha qida verən bir istilik yarandı. Yenə əvvəllərdəki kimi tez-tez zəngləşib xəbərləşirdilər. Belə getsə, yaşadıqları sivil dünyada sivil formada ayrılan azsaylı azərbaycanlılardan olacaqdılar. Amma bircə həftədən sonra mehribanlığın yerini soyuq rəsmiyyət və kobudluq tutdu. Hər şey o qədər qəfil və əsassız baş verdi ki, qadın yenə bu duruma hazırlıqsız yaxalandı. Kişinin içində iki kişi yaşayırdı: biri qadını sevirdi, o biri qadından nəyinsə qisasını alırdı. Qadın qisas məsələsini başa düşmüşdü. Amma nəyin qisası olduğunu anlayammırdı.
Günlərin birində qadına dəvətnamə gəldi. Kişi onu toyuna çağırırdı. İlk reaksiyası sevinc oldu. Qadın bu xəbəri çoxdan gözləyirdi və özünü həmin duruma hazır sanırdı. Amma yanılmışdı. Qadınlıq heysiyyəti tapdanmışdı, qüruru əzilirdi. Qadın ta başlanğıcdan bilirdi ki, kişinin ailəsi oğullarının boşanmış gəlinlə evlənməyinə razı olmaz. Çünki toy-düyün məsələlərində el-obanın rəyini əsas tutanlardan idilər. Sən demə, bir şeyi bilmək başqa, onu yaşamaq başqaymış. Xəbəri eşidəndən bəri canı yanırdı. İçdən qovrulurdu. Toya gedib-getməyəcəyini müəyyənləşdirə bilmirdi. Kişi isə həyatından və qərarlarından məmnun idi. Qalib ədayla gülümsünürdü: "Qoy gəlib görsün. Yanıb töküləcək. Yansın daa... biri də bizimçün yanmalıdır... Bəlkə rəqsə də dəvət etdim. Qoy toyun bəyi ilə oynayıb özünü gəlin rolunda hiss etsin. O da belə kam alsın." Kişi qadından o axşamın qisasını alırdı. Xəstəliyinin üzə çıxdığı axşamın. Sirrini ona bağışlaya bilmirdi.
...Toy gözəl keçdi. Şən, təmtəraqlı. Gəlin o qədər xoşbəxt idi ki, Bəyin gözünün qapıda qaldığını sezmədi. Bütün toyu qadının gəlişini gözləyən Bəy evə çatan kimi xəlvət bir guşə tapıb Sevdiyinə zəng etdi: "Sən niyə mənim toyuma gəlmədin?.." Yuxulu-yuxulu rabitəsiz sözlər mızıldanan qadının mürgülü şüuru öncə sorğunun tonundakı çalara kilidləndi: amiranəydi, yoxsa təlaşlıydı?.. Çözəmmədi. Sonra bu darmacalda aranması faktı beynini qurcalamağa başladı: sönmüş ocaqdakı axırıncı közərtimi idi, yoxsa qor tutmağa hazır qığılcımmı? Biləmmədi.
29 dekabr 2011