Muğam üzərində rəqs quran Saçar… VIDEO

Toronto Universitetinin doktorantı, azərbaycanlı xoreoqraf, Muğamla rəqs hərəkətlərini sistemləşdirən araşdırıcı Əlirza Saçar Zərif Bakıda olarkən "Olaylar"la danışıb. Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. 1970 _ ci ildə Tehranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb və bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali rəqs təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza Azərbaycan xalq rəqslərini Əlikram müəllimdən öyrəndiyini söyləyir.Bir ildən sonra Kanadaya qayıdan həvəskar rəqqas Toronto Universitetinin incəsənət fakültəsinin rəqs şöbəsinə daxil olub, bakalavr, magistratura və doktorantura təhsili alıb. Əlirza Saçar Zərif hazırda həmin universitetdə Mərkəzi Asiya xalqlarının rəqslərini, daha doğrusu Azərbaycan qadın rəqslərini tədris edir. Əlirza Saçar Zərif Kanadanın York Universitetinin professoru, "Saşar Zərif" rəqs teatrının, "Coşqun" akademiyasının, Kanada rəqs axtarışları məktəbinin yaradıcısıdır. O, "Sülh üçün rəqslər" festivalının təməlini qoyub, 30-a yaxın ölkədə rəqs üzrə ustad dərsləri verib. 11 illik araşdırmalarına görə Kanadada dövlət mükafatına layiq görülüb. Araşdırıcı həm də rəqs sahəsindəki axtarışları əsasında video materialların yer aldığı elektron kitabın müəllifidir. Kitab 2013-cü ildə ictimaiyyətə təqdim olunacaq. Bu sənətdən söz düşəndə Əlirza xoreoqraf peşəsinin özəllikləri haqda belə deyir: ."Sənət heç kəsə məxsus deyil, axar su kimidir, onunla hər kəs istədiyi kimi ünsiyyət qura bilər. Mən rəqsə əyləncə, ritual kimi yox, yaddaş kimi baxıram. Bütün həyatımızın yaddaşı bədənimizdə hifz olunur. Bu da hərəkətlərdə görünür, üzə çıxır. Xoreoqrafiya səhnədə əyləncə yaratmaqla, formalar üzərində çalışmaqla məzmunu inkişaf etdirməkdir. Amma bir çox məktəbdə rəqs yalnız forma kimi başa düşülür. Kanada çoxmillətli ölkədir. Fərqli mədəniyyətlərin içində çalışmaqla həm öz dəyərlərimizi qoruyur, həm də digər millətlərlə ortaq nöqtələrimizi aşkar edib bilgimizi bölüşürük". Əlirza deyir ki, Bakıya sevgi ona uşaqlıq illərindən aşılanıb, qərib nənəsi sayəsində vətənə məhəbbət özü ilə birgə böyüyüb: "Məni nənəm saxlayıb. O, yurdundan ayrı düşmüşdü, həsrətlə yaşayırdı. Mənə danışdığı nağıllar, öyrətdiyi rəqslərlə xəyalən Bakıya, İçərişəhərdəki evimizə gəlirdik, nənəm ifaçı, mən tamaşaçı kimi. Hansı otaqda kimin toyudur, kimlər gəlib, nə geyinib, ata evdədir, ya yox - bütün detallar təsvir edilirdi tamaşamızda. Bu, nənəmə hava-su kimi lazım idi, çünki çox darıxırdı, qəribsəyirdi. Qoca idi nənəm, elə oturduğu yerdən, əlləri, gözləri, qaşları ilə rəqs edirdi, mənə də ayaq hərəkətlərini öyrədirdi. Bir insan olurduq, rəqs edirdik. Birlik, vahidlik, vəhdət hissi mənə o vaxtdan doğmadır. Sənət mənə əyləncə kimi təqdim edilmədi. Vətənim xəyalımdakı Bakı olub. Bura hər gəlişimdə nənəmin yaddaşındakı, xatirələrindəki Bakını axtarıram. İçərişəhərdəki toylar, bayram mərasimləri, orucluq ayının sevinci... Amma ordakı evimizi indiyə qədər tapa bilməmişəm". 2004-cü ildən rəqs hərəkətlərinə muğam üzərindən quruluş verməyə başlayan xoreoqraf yenə Bakıya üz tutub. O, muğamın yalnız səhnə musiqisi deyil, canlı bir məşq olduğunu düşünür: "Muğam həyatın bir parçasıdır. Fikir əruzla, məzmun musiqi ilə gəlib. Əməl isə rəqsdə özünü göstərir. Bu, üçlük ansamblıdır. Musiqi ilə şeiri canlandıran rəqsdir. Çünki musiqi və şeir hiss və fikirdir, rəqs isə həm də məkandır. Rəqs daxildəki yaddaşı oyada bilirsə, yaşantıdır. Dırnaqüstü, akrobatik hərəkətlər müvəqqəti, keçicidir". Xoreoqraf muğamla rəqsin sintezinin hər iki sənətin inkişafına xidmət etdiyini düşünür. O, elə ilk gündən muğam üzərində rəqs axtarışlarına tanınmış sənətçi Alim Qasımovla başlayıb. Yəni ilk rəqs ifasını Alim Qasımovla birgə 2004 _ci ildə Gənc Tamaşaçılar Teatrında səhnəyə qoymuşdu. Hazırda onlar Kanadada birgə konsert verməyə hazırlaşırlar. Muğam üzərində rəqsin təqdimatı dekabrın 21-də Toronto şəhərində baş tutacaq. Əlirza Bakıda olduğu zaman Elçin Musaoğlunun çəkdiyi "Göydən üç alma düşdü" filmində həmin danışdığı əhvalatla bağlı filmə çəkilibdir.Bu filmdə o içəri şəhərdə nənəsinin danışdığı evi axtarır.Bu film də 21 dekabrda Torontoda keçirilən teatr rəqsləri festivalı ərəfəsində göstəriləcək.

Qeyd edək ki o 2004_ci ildə İngiltərə mələkəsi Elizabetin Almas Medalına layiq görülübdür.Bu adresdən onun Alim Qasımovla Torontodakı yeni işlərinin anonsunu görə bilərsiz. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31