ADMİU-nun əsas tədris korpusunun açılışı
5 May 2017 09:56 MədəniyyətMədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında Respublikanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib.Təhsil naziri Mikayıl Cabbarov və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə məlumat veriblər.
Universitetdən "Olaylar" - a bildirilib ki, Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - Rəssamlıq, Kulturologiya, Musiqi sənəti, Kino və televiziya, Teatr sənəti fakültələri var.
Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"ndə yaradılan şəraitlə də maraqlanıb. Universitetdə kitabxana-informasiya mərkəzinin fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Kitabxanada Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab yer alıb. Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan "SABAH" qrupları da fəaliyyət göstərir.
Korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Təmirdən sonra tədris korpusu ən müasir işıq, səs və ən müasir avadanlıqlar ilə təchiz edilən səhnə, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir.
Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva Universitetə fəaliyyətində uğurlar arzulayıb.