Kriminal

Prokuror "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə cəza istəyib

18 Sentyabr 2017 16:47

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 25-də davam etdiriləcək.

Mənzildən 12 min manatliq qizil aparıblar

18 Sentyabr 2017 15:55

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

İmtahanda zəif nəticə göstərən qız özünü öldürdü - GƏNCƏDƏ

18 Sentyabr 2017 14:05

Dünən Gəncə şəhərində məktəbli qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Şəhərin Təbriz küçəsində yaşadığı evdə özünü asaraq həyatına son qoyan 15 yaşlı Gülçin Qəmbərli 16 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, sentyabrın 15-də ilk dərs günündə iştirak edib. Lakin dünən səhər məktəb rəhbərliyi şagirdləri şəhərdə keçiriləcək marafona apararkən Gülçinin gəlmədiyi məlum olub. Xəbər gəlib ki, yeniyetmə qız intihar edib. İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.

“Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18 Sentyabr 2017 13:02

Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim Rəşid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, E.İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə verilmiş ittiham edilir. O, 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. E.İsmayıllı İsmayıllı rayonunda vəzifəli şəxslərdən biri haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

Akif Çovdarovun vəkili məhkəmədə çıxış edir

18 Sentyabr 2017 12:55

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını yekunlaşdırıb. O, çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. Sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışa başlayıb. O, A. Çovdarovun təqsirsiz olduğunu deyib. Hazırda proses davam etdirilir.

Qaradağda iki nəfər bıçaqlanıb

18 Sentyabr 2017 12:42

Bakının Qaradağ rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. Nəticədə iki nəfər bıçaq yarası alıb. Məlumata görə, paytaxtın Qaradağ rayonu ərazisində 1993-cü il təvəllüdlü Emil Əhmədov və 1993-cü il təvəllüdlü Rəvan İsgəndərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır, baş verən hadisənin səbəbləri araşdırılır.

Bakı sakinindən silah-sursat götürülüb

18 Sentyabr 2017 12:38

Bakı şəhər sakinindən “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsparovdan “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Kürdə batmış uşağın meyiti on gündən sonra tapıldı

15 Sentyabr 2017 16:03

On gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb. O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbərinin oğlu HƏBS EDİLDİ

15 Sentyabr 2017 15:41

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib. Bu barədə  Səbail Rayon Məhkəməsindən bildirilib.     Məlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru" markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda biznesmen arvadı ölməmək üçün falçıya 20 min verdi - Məhkəmə

15 Sentyabr 2017 14:20

İş adamı Barat Abdullayevin məhkəməyə verdiyi arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.  Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Vəlican Rəcəbov ifadəsində deyib ki, Səkinə İsmayılovanı ekstrasens kimi tanıyıb. Səkinə İsmayılovanın Şəlalə adlı rəfiqəsini də tanıdığını deyən şahid bunları söyləyib: "Mən nişanlımla ayrılmışdım. Şəlalə ilə Səkinə məni aldadıb nişanlımla barışdıracağımı dedilər. Buna görə 1500 manat pul vermişəm".

Mənzildən oğurluq edən qadın saxlanıb

15 Sentyabr 2017 13:51

Xaçmaz rayonunda mənzildən oğurluq edən qadın tutulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərdən birindən 1000 ABŞ dolları və 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Əfsanə Alışova tutulub.

Keçmiş məhkumdan marixuana götürülüb

15 Sentyabr 2017 13:19

Samux rayon sakinindən 478 qr marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Həzrətovdan 478 qram marixuana götürülüb.

Akkumlyator oğrusu yaxalanıb

15 Sentyabr 2017 13:18

Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də və 9-da rayon ərazisindəki 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Xəqani Mehdiyev tutulub.