Azərbaycanın milli maraqları əleyhinə olan qüvvələr fəallaşıblar
Elçin Mirzəbəyli: “Kimlərinsə xəyanət mövqeyində dayanan insanlardan qəhrəman düzəltmək istəkləri baş tutmayacaq”
14 Avqust 2015 15:10 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə artıq hökm elan olunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş etmişdi. Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Leyla və Arif Yunusovların həbsi zamanı canfəşanlıq edən maraqlı dairələr məhkəmə hökmündən də narazı qaldıqlarını bəyan ediblər. Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidinqton Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərində cəfəngiyyat fikirlər irəli sürüblər. Əslində maraqlı dairələr tərəfindən belə fikirlərin səslənəcəyi gözlənilən idi. Çünki, "hüquq müdafiəçisi" Leyla Yunusu həbsdən öncə gizli yolla ölkədən çıxarmağa cəhd edən qüvvələr və onlarla həmrəy olan dairələr öz "alətlərinin" əldən getməsilə sakitcə barışa bilməzdilər. Narahatedici məqam ondan ibarətdir ki, sözügedən şəxslərin "beynəlxalq müdafiəçilərinin" irəli sürdükləri ittihamlar tamamilə əsassızdır. Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, maraqlı dairələrin bu məhkəmə hökmünə irad tutacağı gözlənilən idi. Ancaq bu qüvvələr nəzərə almalıdır ki, Leyla Yunus bütün fəaliyyəti boyu Azərbaycanın dövlət və milli maraqlarına qarşı çıxıb: "Baxmayaraq ki, o, özünü azərbaycanlı hesab edir, amma mən bunu heç cür dilimə gətirə bilmirəm. Çünki damarında Azərbaycan qanı axan insan heç vaxt o mövqedə ola bilməz. Beynəlxalq tədbirlərdə onun çıxışları Ermənistan deputatlarının düşmən mövqeyindən də kəskin idi. Leyla Yunus kimi Azərbaycan vətəndaşı bu dövlətin çörəyini yesin, suyunu içsin və Azərbaycana qarşı düşmən mövqe sərgiləsin. Mütəmadi olaraq milli maraqların müdafiəsi fonunda Leyla Yunusun Azərbaycanda kiçik, primitiv, 5-ci dərəcəli məsələləri qaldırması və ermənilərlə eyni cəbhədə oturub vəhdət təşkil etməsini Azərbaycan ictimaiyyəti qəbul edə bilməz. Azərbaycanın içində Azərbaycanı bu cür təhqir etmək olmaz. Ermənilərlə bir mövqedə çıxış etmək Azərbaycan vətəndaşlığı adına ləkədir. Bu tipli insanlar casus kimi fəaliyyət göstərirlər. Leyla Yunus Azərbaycanın inkişafını istəməyən qüvvələr üçün mükəmməl instrumentdir. O, öz vicdanı qarşısında hesabat verməlidir, əgər vicdanı varsa".
***
Politoloq Elçin Mirzəbəyli bildirib ki, cinayətə yol vermiş istənilən azərbaycanlı üçün məhkəmə prosesinin keçirilməsində qeyri-adi bir şey yoxdur. Leyla Yunus və Arif Yunusun bu günə qədərki fəaliyyətinə "hüquqi" qiymət verənlər, onların Azərbaycanın milli maraqları əleyhinə göstərdiyi fəaliyyəti göz önünə almadan, qrant dəllallığı ilə məşğul olan insanlardan bundan qeyrisini gözləmək mümkün deyildi: "Bu insanlar eyni mərkəzdən idarə olunurlar, uzun illər boyu eyni mərkəzdən maliyyələşdiriliblər, nəticədə ümumi maraqlara sahib olublar. Əslində bu fikirləri Leyla Yunus və Arif Yunusun müdafiəsi kimi dəyərləndirmək və məhkəmə qərarını siyasiləşdirməkdən daha çox konkret şəxslərin öz maraqlarının müdafiəsi kimi dəyərləndirmək lazımdır. Onlar alışıblar ki, Azərbaycanın milli maraqları əleyhinə fəaliyyət göstərməklə vətənini, millətini ayaqlar altına atmaqla, onuncu dərəcəli diplomatların qarşısında qul kimi əyilməklə özlərinin primitiv, bəsit maraqlarını təmin etsinlər. İndiki zamanda da bu yanaşmanın kökündə ortaq maraqlar dayanır". Onun sözlərinə görə, məhkəmə prosesi faktiki olaraq mətbuata tamamilə açıq oldu, şahid ifadələri hər kəsin gözü qarşısında dinlənildi, mövqeyindən asılı olmayaraq bütün mətbuata açıq bir məhkəmə prosesi baş tutdu: "Leyla və Arif Yunusun cinayət əməlləri faktlarla sübuta yetirildi, məhkəmənin hökmü də onların günahkar olmasında hər hansı bir şübhə yeri qoymadı. Bu faktı vicdanı olan istənilən şəxs təsdiqləyə bilər. Bütün bu baş verənlərdən sonra kimlərsə yenidən bu hadisəni siyasiləşdirməyə cəhd göstərəcəksə, bunu yalnız konkret şəxslərin aldığı sifarişlərin nəticəsi kimi qiymətləndirmək olar. Çünki Azərbaycanın milli maraqlarının əleyhinə yönələn bəzi qruplarla, bəzi beynəlxalq təşkilatlarla, o cümlədən, erməni lobbisinin fəal əməkdaşlıq etdiyi təşkilatlarla bu insanların mövqeləri arasında heç bir fərq yoxdur. Azərbaycan cəmiyyəti nəyin baş verdiyinin fərqindədir, ictimaiyyət baş verənləri dəqiq şəkildə dəyərləndirir. Hesab edirəm ki, kimlərinsə xəyanət mövqeyində dayanan insanlardan qəhrəman düzəltmək istəkləri və niyyətləri baş tutmayacaq".
Alim