Neftin qiymətlərinə təsir edən amil təkcə tələb-təklif deyil- ÖZƏL
7 Yanvar 15:58 İqtisadiyyatTəəssüf ki, qiymət formalaşması prinsiplərini, ona təsir göstərən amilləri, hər bir amilin təsir dərəcələrini, istifadə olunan modelləri, təhlil metodlarını bilmədidikdə qiymətlərlə bağlı proqnozlaşdırma, səbəb-nəticə amili, mövcud və ya gözlənilən trenddəki gözlənilən qiymət aralıqlarını da proqnozlaşdırmaq mümkün olmaz.
Hər bir məhsulun qiymətinin formalaşması həmin məhsulun kateqoriyası, qiymətin hansı bazarda formalaşmasından asılıdır. Məsələn, daxili bazarda istehsal olunan məhsulların qiymət formlaşması fərqli, daxili bazarda idxal olunan məhsulların qiymət formalaşması isə tamamilə digər amillərə bağlıdır. Qlobal birjalarda ticarət olunan məhsullarda fərqlidir, qlobal bazarlarda birjadankənar ticarət olunan hər hansı məhsulda isə tam başqadır.
Məsələn, qızılın 4500 dollara qədər qiymətində təsir edən amillər içərisində inflyasiya da var. Amma 4500-dən yuxarı qiymətlərdə inflyasiya amili aradan qalxır. (ona görə də qızıl 4500 dollar ətrafında artım sürətini zəiflətdi, müəyyən düzəlişlər (geri çəkilmələr) oldu və gözləmə mövqeyinə keçdi. Çünki, təsir amilləri dəyişdi). 3600-3700 dollardan etibarən qiymətlərdə isə qızıl-zinət əşyalarına qlobal təlabat azalmağa, əvəzində sikkə/külçəyə təlabat artmağa başladı. Amillər dəyişdikcə həmin amillərin təsir dairələri də dəyişir. Bu amillərin təsir faizlərinin müəyyənləşdirilməsi dataların əlçatanlığı baxımından asandır. Bundan sonrakı mərhələdə qızılın qiymətinə təsir göstərən əsas amillər FED-in faiz endirimləri, geosiyasi vəziyyət, Çinin ABŞ istiqrazlarını satıb qızıl alışlarını davam etdirib etdirməməsi (bu ciddi şəkildə təqib olunur və Çinin hansı addım atacağı sual altındadır) və sair amillərdir. Son fikrimi bir az açmaq üçün qeyd edim ki, 2026-cı ilin ortalarına ABŞ-nin 12 trilyon dollarlıq borcunun vaxtıdır. Təbii ki, uzadılacaq. Amma eyni investorlar, yoxsa yeni investorlar olacaq? İlin ortasında qızılın qiymətinə təsir edəcək amillərdəndir. Bütün amilləri sayıb yazını uzatmaq istəmirəm.
Daxili bazardakı əsas strateji məhsulların qiymətlərinin formalaşması, proqnozları ilə bağlı mövzu başqadır. Burada müəyyən obyektiv və subyektiv, o cümlədən kadr məsələlərinə yanaşma, səmərəlilik və sair maraqların olması səbəbindən qiymət formalaşması və proqnozları ilə bağlı işlər yarımçıq qaldı. Bununla bağlı geniş və acı həqiqətləri əks etdirən bir yazı hazırlamışam. Bu yaxınlarda diqqətinizə çatdıracam.
Keçək neft məsələsinə. Neftin qiymətlərinə təsir edən yeganə amil tələb-təklif amili deyil. Birjada spot qiymətlərin formalaşmasına təsir edən amillərin təsir dərəcələri ilə futureslərlə ticarət olunan əmtəələrin qiymətlərinə təsir amilləri və onların dərəcələri fərqlidir. Kiçik iki qeyd. Hazırda embarqolar və son 4-5 ay ərzində baş verənlər fonunda tankerlərdə on milyonlarla barel neft gözləyir. Venesuela 30-50 milyon barel nefti ABŞ-yə ixrac etmək məsələsində razılaşdı. Neftlə bağlı məsələlər çoxdur, lakin hələlik bu qədərilə kifayətlənək.
Venesuela, İran və Liviya neftinin bazara çıxarılmaları üçün ən potensial neft olması və səbəbləri, Trampın tələsməsinin iqtisadi və siyasi səbəbləri, ən yaxın vaxtlarda bununla bağlı addımların atılacağı ilə bağlı proqnozlar 2025-ci ildə ən azı 10 yazımda təkrarladığım fikirlər olduğu üçün deməli ən azı hazırda baş verənlər sürpriz və şok hadisələri deyil. Yəni, qiymətə təsir edən amillərdə ciddi dəyişikliklər yoxdur. Proqnozları da təkrarlamaq istəmirəm. Çünki, 2024-cü ilin sonlarında və 2025-ci ilin əvvəllərindən başlayaraq 2025-ci il və sonu üçün proqnozlarımı, 2025-ci ilin son 6 ayı ərzində isə 2026-cı il üçün proqnozlarımı paylayşdığım yazılarımdan oxuyan oxuyucular bunları bilir.
Məsələ nəyisə deyib, nəyisə deməməyimdə deyil. Məsələ əslində hansısa şok hadisəsinin olub-olmayacağı ilə bağlı deyil. Ölkələri düşündürən və narahat edən məsələ şok hadisəsinin dərəcəsi və hansı istiqamətdən gələcəyi ehtimallarını düzgün hesablamaq və düzgün hazırlıqdır. Nə üçün istiqamətlər dedim? Çünki, gözlədiyin istiqamətdən aldığın 300-400 kq-lıq zərbə sənə heç nə etməz. Amma düzgün ehtimal etmədiyin, yəni gözləmədiyin istiqamətdən aldığın 100 kq-lıq zərbə mənfi mənada həlledici olar. Əgər düzgün ehtimal etmədiyin istiqamətdən aldığın zərbə 400-500 kq-lıq zərbədirsə, bu halda nəticə barədə deyəcək bir söz qalmır. Hazırlığa gəlincə isə. Məsələ, bir şok hadisəsi ilə bağlı deyil. Məsələ, bir iqtisadi şok hadisəsinin tətiklədiyi digər şok hadisələrinin ard-arda kumulyativ effektlərinə hazırlıqlı olmaqdır. Risk menecmentdə stres testlərin 4 növü var. İkisini qeyd edim. Ən böyük zərər metodu və zəncirvari domino effekti. Hansının olacağı Sizcə aydın deyil?
2026-cı ildə qlobal böhran olacaq, bütün ölkələr zərər görəcək fikirləri hələlik öz təsdiqini tapmayıb və əsassızdır. Əksinə, neft və enerji idxal edən ölkələr bir çox iqtisadi problemlərini həll edəcəklər. Məsələn, Avropa İttifaqı ucuz neft qiymətləri fonunda qənaət etdikləri vəsaitlərin bir hissəsini silah alışı və hərbi xərclərin artırılmasına, Ukraynaya dəstəyə, dünən imzalanan təhlükəsizlik qarantiyası fonunda yeni hərbi hissələrin saxlanmasına və sair yönəldəcək. Qərb öz arasında müəyyən fikir ayrılıqlarına malik olsa da, ümumi müəyyən etdikləri trenddə konkret cızılmış plan əsasında hərəkət edirlər və o trendə qarşı çıxan ölkələrə qarşı da eyni mövqedədirlər.
Aşağıda ABŞ Xəzinədarlıq Katibi Bessent`in "Çin dünyaya qarşı" vurğusu ilə Çinin ixrac siyasəti və münasibətləri əhatə edən 3 dəqiqəlik kəskin çıxışını diqqətlə dinlədikdə məsələ daha da aydınlaşır.
Nəhayət, bütün bunların fonunda Ölkə Prezidentinin son müsahibəsində struktur dəyişiklikləri, səmərəlilik, kadr məsələləri, kadr seçimində yaş və digər amillər deyil, ləyaqət prinsipinin önə çəkilməsi, məmurun ona göstərilən etimadı doğrultması, vəzifəsinə uyğun vizyon sahibi olması və səsləndirdiyi digər fikirlərin aktuallığı daha aydın görünür!
Elman Sadıqov
İqtisadçı ekspert