İqtisadiyyatın yeni nəfəsi – azad sahibkar, azad bazar, güclü dövlət

İstiqamət: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Müasir dünyada hər bir dövlətin iqtisadi qüdrətini müəyyən edən əsas amillərdən biri azad sahibkarlığın inkişaf səviyyəsidir. Sahibkarlıq sadəcə biznes qurmaq deyil, həm də cəmiyyətin sosial dinamizmini, yenilikçilik ruhunu, iqtisadi müstəqilliyini formalaşdıran mühüm təməl daşıdır. Liberal iqtisadiyyat isə bu prosesi azad bazar prinsipləri, ədalətli rəqabət mühiti və dövlətin dəstəkləyici, lakin müdaxiləsiz rolu ilə təmin edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadi islahatlar sistemində azad sahibkarlığın təşviqi prioritet istiqamətlərdən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin sonlarından etibarən bazar iqtisadiyyatı prinsiplərinə keçid, özəl sektorun formalaşması və sahibkarlara hüquqi təminatların yaradılması istiqamətində mühüm addımlar atıldı. O, dəfələrlə vurğulayırdı: "Azad sahibkarlığın inkişafı güclü iqtisadiyyatın və güclü dövlətin əsas şərtidir."
Bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilərək daha mütərəqqi məzmun kəsb etdi. Ölkədə iqtisadi azadlıqların genişləndirilməsi, dövlət müdaxiləsinin minimuma endirilməsi, rəqabət mühitinin təkmilləşdirilməsi və şəffaf biznes mühitinin yaradılması istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Prezidentin dediyi kimi: "Bizim məqsədimiz güclü dövlət, azad sahibkar və rifah içində yaşayan vətəndaşdır." 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a danışıb. Ekspert bildirib ki, Azərbaycanın inkişaf dinamikasını dörd əsas dövrə bölmək olar:

Birinci dövr müstəqilliyin ilk illərini əhatə edir. Bu, ölkə üçün çox uğursuz bir dövr idi (1991-1994-cü illər): xəzinənin boşalması, xarici müharibə (Qarabağ müharibəsi), daxildə vətəndaş müharibəsi təhlükəsi, çaxnaşmalar və sair.
İkinci dövr 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladı. Yeni dövrün əsas hadisələrindən biri "Əsrin Müqaviləsi"nin imzalanması oldu. Bunun nəticəsində bir sıra xarici və yerli investorlar Azərbaycan iqtisadiyyatına vəsait yatırmağa başladılar. BP, MakDermott, Şevron kimi dünya nəhəngləri və digər transmilli korporasiyalar Azərbaycanda investisiyalar etməyə başladılar. Bu investisiyalar həm neft sektoruna, həm də qeyri-neft sektoruna yönəldi. Məsələn, 1999-cu ildə McDonaldchr("39")s ölkəmizdə fəaliyyətə başladı. Bu  Azərbaycan iqtisadiyyatının yenidən çiçəklənməsinə gətirib çıxardı.
Üçüncü parlaq dövr xüsusilə 2008-2015-ci illəri əhatə edir. Bu, ölkəyə neft vəsaitlərinin daxil olması, tikinti bumunun yaşanması, bir sıra investorların Azərbaycanda maliyyə yatırımları etməkdə maraqlı olması baxımından Azərbaycanın inkişafında ən önəmli dövrlərdən biri oldu.
Dördüncü dövr isə 2015-ci ildən etibarən başladı. Bu dövrdə neft qiymətlərinin ($140-dan) aşağı düşməsi ilə əlaqədar olaraq Azərbaycanda iqtisadiyyatın diversifikasiyası ilə bağlı qərarlar tətbiq olunmağa başladı. Qeyri-neft sektorlarının inkişaf etdirilməsi ön plana çıxarıldı; bank, kredit və bu kimi məsələlər önəm qazandı.
Atılmış ən önəmli addımlardan biri də lisenziya və icazələrin alınmasında edilən dəyişikliklər idi. Əvvəllər bu sənədlər bir sıra qurumların özləri tərəfindən verilirdi. Məsələn, tikinti fəaliyyətini həyata keçirmək üçün çox ciddi çətinliklər yaşanır və lisenziyaların əldə edilməsi çox baha başa gəlirdi. Təxminən 2011-2012-ci illərdə bu məsələlər "ASAN Xidmət"ə verildikdən sonra sadələşdirməyə doğru getdi.
Ölkədə "bir pəncərə" sistemlərinin tətbiqi, ardınca aparılan iqtisadi, məhkəmə-hüquq sistemindəki islahatlar sahibkarlığın inkişafına və xarici, eləcə də yerli investorların ölkəyə maliyyə yatırımını artırmasına şərait yaratdı.
Xarici investor hər hansı bir ölkəyə yatırım etmək istədikdə beynəlxalq reytinqlərə baxır. Onlardan biri Dünya Bankının açıqladığı (2022-ci ilə qədər mövcud olmuş) "Doing Business" reytinqləri idi. Bundan başqa, bir neçə əlavə reytinqlər var ki, investorlar ilk olaraq həmin reytinqlərə, ölkədəki məhkəmə-hüquq sisteminə, lisenziya və icazələrin əldə olunma sürətinə və rahatlığına baxır, hansı səviyyədə olduğunu yoxlayır və yalnız bundan sonra həmin ölkəyə investisiya yatırımları etməyə qərar verir.
Azərbaycanda da bu məsələlər son illərdə çox uğurla həyata keçirildi, yəni bürokratik maneələr aradan qaldırıldı. İstənilən bir vətəndaş 10 və ya 60 gün ərzində, hətta "ASAN Xidmət"ə getmədən, "lisenziya.gov.az" lisenziya və icazələr portalı vasitəsilə istədiyi lisenziya və icazəni rahatlıqla əldə edə bilir.
Xarici investisiyaların cəlb edilməsi istiqamətində də xüsusilə həm hökumət rəsmiləri, həm də iş adamları xarici investisiyanın ölkəmizə gətirilməsinə dəstək verdi, şərait yaratdı. Bununla bağlı müvafiq dövlət qurumları səlahiyyətləndirildi və bu sahədə onlara dəstək verilməsi üçün təlimatlar verildi.

İqtisadçının sözlərinə görə, hökümətin gələcək 5 ildə xüsusilə tutduqları iqtisadi və siyasi kursu davam etdirmək niyyəti mövcuddur. Bilirsiniz, işğaldan azad olunmuş ərazilərimiz var. Həmin ərazilərimiz 30 ilə yaxın iqtisadiyyatımızın digər bütün elementlərindən kənarda qalmışdı. Orada Azərbaycan vətəndaşları yaşamırdı və təbii olaraq orada yaşamadıqlarına görə orada işləmirdilər. İndi hökumətin qarşısında duran məsələlərdən biri həmin o ərazilərin bərpa edilməsi, iqtisadi mühitin orada formalaşdırılması, həmin o ərazinin Azərbaycanın digər ərazilərinə inteqrasiya etdirilməsi, infrastrukturun bərpa edilməsi, orada zavod-fabriklərin, ictimai iaşə obyektlərinin açılması, məşğulluğun təmin edilməsidir.

"Ümumilikdə Azərbaycan hökumətinin ən önəmli məqsədlərindən biri iqtisadiyyatın diversifikasiya edilməsi, məşğulluğun maksimum şəkildə təmin edilməsi, qabaqcıl Avropa standartlarının tələblərinə uyğun yaxşı sosial təminatın həyata keçirilməsidir
Eyni zamanda qeyri-neft sektorunun inkişafı da ön plana çıxarılır", - deyə ekspert sonda əlavə edib.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi iqtisadi sabitliyin, sosial rifahın və milli müstəqilliyin təməlidir. Azərbaycan bu istiqamətdə sistemli islahatlar həyata keçirməklə, regionda ən dinamik iqtisadi modellərdən birini formalaşdırıb. Sahibkar üçün azad bazar, dövlət üçün güclü iqtisadiyyat, vətəndaş üçün isə layiqli həyat şəraiti - bu üçlük müasir Azərbaycanın iqtisadi fəlsəfəsini ifadə edir. Və bu fəlsəfənin əsas mesajı budur: "Azad sahibkar - güclü dövlətin dayağıdır."

Sevda Dəniz

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31