Pensiyaçılara istehlak kreditlərinin verilməsi dayandırılır?

İqtisadçılar bu barədə nə düşünür?

Bir müddət əvvəl yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası qısa müddət ərzində bir sıra radikal addımlar atıb. Belə ki, ötən günlərdə xarici valyuta ilə istehlak kreditlərinin verilməsini dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatasının daha bir qərarı pensiyaçılarla bağlı olub. Məlumata görə, Palatanın qərarı ilə pensiyaçılara istehlak kreditlərinin verilməsinin dayandırıldığı bildirilir. Düzdür, hələlik bu barədə rəsmi bir qərar dərc olunmasa da, hər halda yayılan məlumatlar belə deməyə əsas verir. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı heç də birmənalı qarşılanmayıb. Bəzi iqtisadçılar qəbul edilən bu və ya digər qərarların mənfi tendensiyalara yol açacağı qənaətindədir. Elə iqtisadçı ekspert Samir Əliyev də bu qənaətdədir: "Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən növbəti qadağa addımının şahidi olduq. Belə ki, ensiyaçılara istehlak kreditlərinin verilməsi dayandırıldı. Əlbəttə bu qərar hələlik rəsmi təsdiqini tapmayıb. Ancaq bu barədə təkzib də gəlməyib. Deməli məlumat dəqiqdir". Samir Əliyev deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başlayandan hələlik işini qadağalar üzərində qurur: "Bir neçə həftə öncə xarici valyutada istehlak kreditlərinin ən azı 1 ay verilməsinin dayandırılması haqqında qərar verilmişdi. İndi də oxşar qadağa pensiyaçılara münasibətdə tətbiq edilir. Yəqin ki, istər xarici valyutada istehlak kreditlərinin verilməsinə, istərsə də pensiyaçılara kredit verilməsinə tətbiq edilən qadağanın taleyi ilə bağlı yaxın zamanlarda Maliyyə Bazarlarına Nəzarət Palatası son qərarını verəcək. Hər bir halda ümid edirəm ki, bu qadağalar qısa müddətli olacaq. Əks halda çürümüş taxta körpü üstündə birtəhər duruş gətirən bankların ayağı altındakı dirəkləri çəkmək onların dərin çaya düşməsinə gətirib çıxara bilər". İqtisadçı hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası siyasəti qadağalar yox, məhdudiyyətlər üzərində qurmalıdır: "Pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq. Pensiyaçıların isə kreditə əlçatanlığını məhdudlaşdıracaq. Əslində bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi. Çünki aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan pensiyaçılara uzun müddətə iri məbləğdə (15 min manata qədər) kreditin verilməsi təhlükəli idi. Əlbəttə pensiya kimi stabil olan və arxasında dövlət duran aylıq gəlir bu riskləri azaldırdır. Çünki pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir. Düzdür pensiyaçılardan kartı yığan banklar da var və bu qanunsuzdur. Burda yeganə təhlükə sağlamlıqla bağlıdır. O da aydındır ki, aylıq qazancını rəsmi təsdiq edə bilməyən ailə üzvləri üçün pensiyaçı ata-ana və ya baba-nənə kreditə çıxış imkanı idi. İndi bu imkan da bağlandı". Samir Əliyevin qənaətincə, Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara verilən krediti məhdud da olsa bərpa etməlidir: "Məhdudiyyət ilk növbədə kreditin məbləğində tətbiq edilməlidir. Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Üstəgəl, banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31