Gündəm
Öndə gedən komandir
Sentyabrın 12 -də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevin ailəsini ziyarət etdi. Layihənin məqsədi milli qəhrəmanlarımızın döyüş yollarını gənc nəsillərə təbliğ etməkdi. Torpağı, milləti uğrunda canını qəhrəmancasına fəda edən belə oğullarımızdan biri də Milli Qəhrəman, polkovnik – leytenant Murad Mirzəyevdi.
Baş Təhsil İdarəsi direktor müavinləri üçün iclaslar keçirir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənlər üzrə metodbirləşmə sədrlərinin bölmə iclaslarına start verilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır. İlk bölmə iclasları sentyabrın 12-də Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağ rayonları üzrə təşkil olunub. BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.
“Azərsu” 1100 nəfəri yay istirahətinə göndərib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilir. “Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir. Təsdiq olunmuş qrafikə əsasən, 2017-ci ilin yay mövsümündə iyun ayından başlayaraq işçilərin istirahət mərkəzlərinə göndərilməsinə başlanılmışdır. İyun, iyul və avqust ayları ərzində “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı, Naftalan və Lerikdəki istirahət və müalicə mərkəzlərinə göndərilmişdir. Ümumilikdə 1100 nəfərədək şəxs bu imkandan yararlanmışdır.
“Future Shorts” qısametrajlı film festivalı başlayır
Sentyabrın 20-dən Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlanır. “Olaylar” bildirir ki, iki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulur. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq. “Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. Qeyd edək ki, giriş dəvətnamə ilədir.
“Səs” - “Ən yaxşı film”
İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafata layiq görülüb Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışıb. Festival “mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilib. Bu ilki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən “Səs” filmi “ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.
Səfirlikdən MEK-ə kitablar hədiyyə edildi
Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) mərkəz tərəfindən çap olunmuş kitabların elektron versiyaları hədiyyə edilib. MEK – dən “Olaylar” – a bildirilib ki, Azərbaycanın təbliği baxımından xüsusi seçilmiş ədəbiyyat siyahısına aşağıdakılar daxildir: “Azərbaycanın mədəni mirası”, “Özbək və Azərbaycan poezisiyasının çağdaş özəllikləri”, “Müasir Azərbaycan poeziyası antologiyası”, Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemaları, özbək tarixçisi Şöhrət Salamovun “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Qarabağ: İdeyalar müharibəsi. Millətçilik, terrorizm, genosid”. Qeyd edək ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış kitablarda mətnlər həm özbək, həm də rus dillərində verilib.
Kəşfiyyat və əks-kəşfiyyata dair ziddiyət aradan qalxacaq
Hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilir. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək. Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər. Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır.
Bağlı qapı arxasında meyit aşkarlandı
Bakıda mənzildə meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Ziyafət Əsgərov qanunvericilikdəki dəyişikliklərdən danışıb
Sentyabrın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki 9 məsələ barədə məlumat verib. Əvvəlcə “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlarda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Ziyafət Əsgərov hər üç qanun layihəsində redaktə xarakterli dəyişikliklər edildiyini bildirib. Təklif edilən dəyişikliklər “Elm haqqında” 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində” dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar dəyişiklik təklif edilir.
Qənirə Paşayeva: “Onlar anlamalıdırlar ki, millətə böyük zərər vururlar”
Bu il Tovuzda attestat alan 1650 məzundan 542 nəfərin ali məktəblərə, 131 nəfərin orta -ixtisas məktəblərinə qəbul olunmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri, onların valideyn və müəllimlərini təbrik edib. Deputat vurğulayıb ki, “biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı, orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik. Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər”. Bu il məzunların 25 nəfərinin ali hərbi məktəblərə qəbul olunmasını xüsusi vurğulayan onların sayına görə son illər Tovuz rayonunun ön sıralarda olmasını yüksək qiymətləndirib. Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin kəmiyyət və keyfiyyətindəki artımı önəmli sayan Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır.
Azərbaycan dinlərarası tolerantlığın məkanıdır
Sumqayıt şəhər Cümə məscidində “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi çərçivəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov keçirilən tədbirlərin cəmiyyətimizdə mövcud olan həmrəylik, tolerantlıq kimi tarixən formalaşan ənənələrə müsbət töhfə verdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə İslam aləminin əsas problemləri olan cəhalət, xurafat və radikalizmə qarşı mübarizənin başlıca vasitəsi düzgün maarifləndirmə, möhkəm tarixi köklərə söykənən milli-dini dəyərlərin təbliğ olunmasıdır.
Azərbaycanın sədrliyi ilə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 106-cı sessiyası keçirilir
Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyası öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurası 106-cı sessiyasını keçirir. Şuraya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. İclası açıq elan edən Nazir son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. Daha sonra BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edərək təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı, növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
Uşaqların vətənpərvər ruhda tərbiyəsinə xidmət edəcək yeni qrur yaradılıb
Faiq Hüseynov: “Bu Azərbaycanda bir ilkdir” Bu günlərdə uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək daha bir qurum yaradılıb. “OLAYLAR”-ın xəbərinə görə, sentyabrın 12-də qrupun təqdimat mərasimi keçirilib. Yeni yaradılan “Əsgər bala” uşaq musiqi qrupu barədə məlumat verən qrupun təsisçisi Faiq Hüseynov deyib ki, məqsəd yetişməkdə olan gənc nəsli, uşaqları vətənpərvər ruhda tərbiyə etməkdir. Bunun Azərbaycanda bir ilk olduğunu deyən Faiq Hüseynov onu da əlavə edib indiyə qədər isə “Canbala” futbol klubu və moda klubu fəaliyyət göstərib. O, sözügedən klubların artıq bir sıra uğurlara imza atdığını da vurğulayıb. Bildirib ki, “Canbala” futbol klubunun yetirmələrinə hazırda ölkənin tanınmış futbol komandalarında rast gəlmək mümkündür.
Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dinamikanı qeyd edərək, bunun Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiq etdiyini bildirib.
Şəkidə ərzaq mağazası yanıb
Şəki şəhərində ümumi sahəsi 32 m2 olan ərzaq mağaza yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış ərzaq malları yanmışdır. Mağazaya bitişik anbar yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.














