Dağ-mədən sənayesi qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır- ÖZƏL
10:31 İqtisadiyyat"Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin ölkə iqtisadiyyatı üçün xüsusi önəm daşıdığını təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Dövlət başçısının qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesi qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır və çox perspektivli sahədir. Bu sahələr iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Ötən illərdə həyata keçirilən dövlət proqramları çərçivəsində ən zəruri infrastrukturlar qurulub, qaz və elektrik enerjisi təminatı həll edilib, sosial infrastrukturla bağlı layihələr - xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları uğurla icra olunub. Nəticədə bu layihələr bölgələrdə iqtisadi fəaliyyət üçün əsaslı infrastruktur təminatlarını yaradıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayıb.
Yeni iqtisadi dövrdə inkişafın əsas sütunu kimi qeyri-neft sektoru çıxış etməkdədir və 8 ayda həmin sektorda 5,4 faizlik artım qeydə alınıb. Bu sahədə dayanıqlı inkişafın dominant güclərindən birinə çevrilən qeyri-neft sənayesi isə daha ümidverici perspektivlər vəd edir. Məhz bu kontekstdən yanaşdıqda, qeyri-neft sənayesinin əsas bölmələri olan dağ-mədən və metallurgiya sahələri gələcək iqtisadi inkişafın potensial güc sektorları deməkdir.
Reallıq ondan ibarətdir ki, ötən illərdə dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə arzulolunan səviyyədə inkişaf etməyib, mühüm səbəblərdən biri isə Ermənistanın uzunillik işğalı nəticəsində zəngin təbii resurslarımızın talan edilməsi olub. Eyni zamanda, sovet dövründə prioritet sahə neft sənayesi sayıldığından dağ-mədən sektorunda geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Hazırda isə həmin yataqlar öz geoloji kəşfiyyatını gözləyir".