Gündəm

Sumqayıtda 6 otaqlı ev yanıb

12 Sentyabr 2017 15:24

Sumqayıt şəhərində 6 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanmış, yüksək temperaturdan 1 ədəd  kondisioner ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Moskvada Rusiya-Azərbaycan münasibətləri müzakirə olunacaq

12 Sentyabr 2017 15:23

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu və gələcək perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub.

Deputatlarımız Avronest  PA-nın iclasına qatılacaqlar

12 Sentyabr 2017 15:21

Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında  nümayəndə  heyətinin rəhbəri Fuad Muradov, Avronest  PA-nın Büro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələri ilə birgə  iclaslarında iştirak etmək üçün  sentyabrın 12-dən 17-dək Fransanın  Strasburq şəhərində  səfərdə olacaq. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, büro iclasında  Avronest PA-nın 6-ci Plenar sessiyasının gündəliyi,   qurumun prosedur qaydalarına dəyişikliklər və  funksiyaları ilə  bağlı müzakirələr aparılacaq. Toplantıda eyni  zamanda  Avronest PA tərkibində Assosiasiya Sazişi imzalamış ölkələrin müvəqqəti  işçi qrupu üzvlərinin təyin olunması, Şərq  tərəfdaşlığı  ölkələrində   mədəniyyət və  digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.

Daxili orqanında 77,393 qram heroin aşkar olundu

12 Sentyabr 2017 15:19

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Nazirlik proqnoz tapşırığına 100,1 faiz əməl edib

12 Sentyabr 2017 15:18

2017-ci ilin yanvar-avqust ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 4 milyard 671 milyon 367,3 min manat məbləğində vəsait ödənilib. Vergilər Nazirliyinin  Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, bununla nazirlik  üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.

H.Əliyev adına NEZ-də yeni layihə həyata keçirilir

12 Sentyabr 2017 15:17

 Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir.

Azərbaycanın regionda rolu daha da artır

12 Sentyabr 2017 15:15

Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli  layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır: “Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir.

Müdafiə naziri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb 

12 Sentyabr 2017 15:12

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir. 

Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalandı 

12 Sentyabr 2017 15:11

Sumqayıt sakinini küçədə döyən silahlı şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar. A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.

Dəhşətli yol qəzasında 2 nəfər ölüb, 8-i yaralanıb

12 Sentyabr 2017 15:09

Sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyindən bildirilib. Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Siyəzən və Bərdə sakinindən xeyli narkotik götürülüb

12 Sentyabr 2017 15:08

Siyəzən və Bərdə sakinində narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Şəmsi Məlikovun evinə baxış zamanı 2 kiloqram 641, 801 qram marixuana, Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə Xanərəb kənd sakini Samir Mirzəliyevdən 41,48 qram, yaşadığı evdən 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Qohumu tərəfindən bıçaqlanana polisi aldatmaq istədi

12 Sentyabr 2017 15:07

Goranboyda bıçaqlanan şəxs polisi aldadıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 8-də saat 23.00 radələrində Goranboy rayonunun Rus Borisi kəndinin ərazisindən Bakı şəhər sakini Marat Hüseynzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır. M.Hüseynzadə Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarına verdiyi ilkin izahatında həmin kəndin ərazisində yerləşən qəbiristanlıqda anasının məzarını ziyarət etdikdən sonra hasardan tullanarkən dəmir parçasının üstünə düşdüyündən xəsarət almasını bildirib. Lakin yaralının şübhəli izahatını və xəsarətlərin əlamətini nəzərə alan Xocalı RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

DTX cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara xəbərdarlıq etdi

12 Sentyabr 2017 15:06

“Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın yerləşir. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər. Bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkədə və mobil telefon vasitəsilə bölüşürlər. Bununla da onlar düşmənə cəbhə xəttində əməliyyat şəraitini sürətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar”. Bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “Vətəni müdafiəyə daim hazırıq” adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.

Daha 3 dövlət müəssisəsi özəlləşdirilib

12 Sentyabr 2017 15:04

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.Komitədən “Olaylar”a verilən məlumata görə, əvvəlki hərraclarda olduğu kimi, bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Qeyd edək ki, Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir.

Milli Məclis MB sədr müavininin məsələsinə baxacaq 

12 Sentyabr 2017 15:02

  “Sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, iclasda bir neçə qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək: “İclasda komitənin “2017-ci il üçün qanunvericilik işlər planı” təsdiq ediləcək. Həmçinin prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncama razılıq verəcəyik”.