Yaddaş, vəfa və məsuliyyət: 27 sentyabrın bizə verdiyi böyük dərs – ÖZƏL

"27 sentyabr - milli yaddaşımızda çox önəmli dönüm nöqtəsi - daha doğrusu, nidasıdır. O gün Azərbaycan uzun illər içində beynəlxalq hüquqla gerçəklik arasında yaranmış dərin uçurumu aradan qaldırmaq üçün tarixi iradəsini ortaya qoydu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il Sərəncamı ilə məhz Vətən müharibəsində ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinə dərin sayğıduyarlıq olaraq 27 sentyabr - Anım Günü adlandırılıb.  Məncə, bu Anım Gününün mənəvi fəlsəfəsi üç anlayışda birləşir: yaddaş, vəfa və məsuliyyət. Yaddaş - ona görə ki, Vətən uğrunda canını verənlərin adını və amalını gələcək nəsillərə daşımalıyıq. Vəfa - ona görə ki, şəhidə sayğı yalnız mərasimlə, sözlə ifadə olunmur; onun uğrunda can verdiyi Vətəni qorumaq, qurmaq və yüksəltmək də vəfadır. Məsuliyyət - yəni, Zəfər həm də qorunmalı və gələcəyə daşınmalı böyük əmanətdir. 27 sentyabr bizə bir həqiqəti də andırır: milli yaddaş keçmişi yad etmək sənəti olma etibarıyla, həm də gələcəyi unutmamaq məsuliyyətidir.

Vətən müharibəsindən ötən müddət ərzində Azərbaycanın regional və beynəlxalq mövqeyində hansı əsas dəyişikliklər baş verib?

Gəlin bu dəyişimi üç mərhələ ilə ifadə edək: ərazi bütövlüyünün bərpası, yeni bölgəsəl gerçəkliyin yaranması və sülh gündəliyinin önə çıxması. 2020-ci ildən sonra Güney Qafqazın siyasi xəritəsində və güc münasibətlərində önəmli dəyişikliklər baş verdi. Dəmir Yumruq sayəsində bölgə yeni mərhələyə keçdi; 8 avqust 2025-ci ildə isə Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Vaşinqtonda sülh və dövlətlərarası münasibətlər haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. BMT Baş katibi həmin Vaşinqton Birgə Bəyannaməsini münasibətlərin normallaşması yönündə "önəmli mərhələ" kimi qarşıladı.  2026-cı ildə də sərhədlərin delimitasiyası, güvən quruculuğu və bölgəsəl bağlantılar üzrə praktik danışıqlar davam edir. 
Burada daha böyük bir siyasi-fəlsəfi məqam da var. - BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 822, 853, 874 və 884 saylı qətnamələrini yada salsaq belə bir fikir üzərində dayana billik: ədalətin bəlgələşdirilməsi hələ ədalətin təmin edilməsi sayılmır. Bəli, 27 sentyabrdan başlayan tarixi proses bu anlamda yalnız hərbi sonuclar doğurmadı. 6 il öncə Azərbaycanın öz dövlətçilik imkanlarına, milli iradəsinə və beynəlxalq münasibətlər sistemindəki davranışına dair təsəvvürlər də dəyişdi. İndi əsas vəzifə Zəfərin enerjisini sülhün enerjisinə çevirməkdir. Güclü dövlət qazandığı sonucları dayanıqlı sülhə, quruculuğa, iqtisadi bağlantılara, insanların doğma yurda dönüşünə və bölgənin uzunmüddətli sabitliyinə çevirə bilən dövlətdir. Beləliklə, şəhidlər Vətənin torpağını qoruyaraq tarix yazdı; şahidlərin borcu o torpağın üzərində gələcək qurmaqdır. - 27 sentyabrın bizə verdiyi ən böyük dərslərdən biri budur.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31