Türkiyə Ermənistana doğru daha bir addım atdı
12:07 DünyaErmənistan və Türkiyə qarşılıqlı ticarət əməliyyatlarının birbaşa gömrük rəsmiləşdirilməsinə başlayıblar.
"Armenpress"in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəllər iki ölkə arasında ticarət əməliyyatları texniki baxımdan üçüncü dövlətlər vasitəsilə rəsmiləşdirilirdi. Bununla belə, malların fiziki daşınması hələ də əsasən Gürcüstan ərazisindən həyata keçirilir.
Mirzoyan İrəvan və Ankara arasındakı münasibətləri də "aktiv və məhsuldar" kimi səciyyələndirib. Onun sözlərinə görə, tərəflər təhsil, tarixi abidələrin bərpası və biznes sahələrində əməkdaşlığı inkişaf etdirirlər.
Nazir bildirib ki, növbəti Ermənistan-Türkiyə biznes forumu 2027-ci ilin əvvəlində Ermənistanda keçirilə bilər.
Sərhədin açılması və diplomatik münasibətlərin qurulması məsələsinə toxunan erməni nazir prosesin artıq praktiki addımlara keçid üçün kifayət qədər yetişdiyini qeyd edib.
"İstənilən vaxt sərhədin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində addımlar ata bilərik", - deyə Mirzoyan vurğulayıb.
Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədləri 1993-cü ildən Azərbaycana qarşı davam edən hərbi təcavüzə görə bağlıdır.