Moskva və Tehranın Bakı marağı: Qaz svopu və dəhlizlər Azərbaycana nə vəd edir? – ÖZƏL
13:46 SiyasətElçin Xalidbəyli: "Rusiya ilə İranın iqtisadi əlaqələri birbaşa Azərbaycandan asılıdır"
Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvada 3 saatlıq görüş keçirib. İranın səfiri Kazım Cəlali TASS-a bildirib ki, görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub. Görüşdə Rəşt-Astara dəmir yolunun sürətləndirilməsi və "Şimal-Cənub" dəhlizinin tamamlanmasına xüsusi diqqət yetirilib. Rusiya qazının İrana nəqli layihəsi də ətraflı müzakirə olunub. Uzunmüddətli qaz kəməri ilə yanaşı, qısamüddətli variant kimi Azərbaycan üzərindən svop üsulu ilə qaz nəqli də müzakirə edilib.
Moskva-Tehran danışıqlarında Azərbaycan niyə önə çıxır? Azərbaycan üzərindən qaz svopu Bakı üçün fürsətdir, yoxsa risk? "Şimal-Cənub" dəhlizi Cənubi Qafqazda balansı necə dəyişəcək?
Məsələ ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi təhlilçi Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycanın qlobal məkandakı önəmi ciddi şəkildə artıb. Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, ümumilikdə həm Avropa, həm də Asiya ölkələri üçün strateji əhəmiyyətə malik dövlətlərdən biri kimi diqqət çəkir. Təbii ki, bu baxımdan Rusiya və İran da istisna deyil. Çünki həm İran, həm də Rusiya hazırda hərbi münaqişələr şəraitində mövcudluqlarını qorumağa çalışırlar. Üstəlik, həm Rusiya, həm də İran beynəlxalq sanksiyalara məruz qalmış dövlətlərdir. Eyni zamanda, Rusiya ilə İran arasındakı nəqliyyat-kommunikasiya əlaqələri də demək olar ki, qırılmış vəziyyətdədir. Təbii ki, bütün bunları nəzərə aldıqda, Azərbaycanın həm İran, həm də Rusiya üçün strateji əhəmiyyəti artmış bir ölkə olduğu aydın görünür. Ona görə də Azərbaycanla bağlı müzakirələrin ön plana çıxması qətiyyən təəccüblü deyil. Çünki hazırda Rusiya ilə İran arasındakı iqtisadi-ticari münasibətlərin tənzimlənməsində Azərbaycan birmənalı şəkildə əsas tranzit ölkə statusuna gəlmiş kimi görünür. Təbii ki, həm İran, həm də Rusiya bu məsələyə ciddi yanaşırlar. Xüsusilə də Şimal-Cənub nəqliyyat-kommunikasiya xəttinin işə salınması istiqamətində atılan addımlar Azərbaycanın önəmini daha da artırır. Bu baxımdan hesab etmək olar ki, hazırda Rusiya və İran müəyyən mənada Azərbaycanın siyasi iradəsindən də asılı vəziyyətə düşməyə başlayıblar.
Ekspertin sözlərinə görə, Rusiya ilə İran arasındakı iqtisadi-ticari əlaqələr hazırda Azərbaycanla ciddi şəkildə bağlıdır. Ona görə də bu problemin həlli üçün həm Rusiya, həm də İran Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin yaradılmasında birbaşa maraqlıdırlar. Təbii ki, bu, Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycanın həm geosiyasi, həm geostrateji, həm də geoiqtisadi əhəmiyyətini daha da artırır və üstəlik, ölkəyə əlavə gəlir mənbələri qazandırır.
Səidə Ramazanova