44 günlük Vətən müharibəsi milli iradənin və qəhrəmanlığın təntənəsi idi-Özəl
12:28 Siyasət"2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan bu müqəddəs savaş Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan tarixi mübarizəyə çevrildi. Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq, döyüş əzmi və peşəkarlıq nümayiş etdirdi. Cəbhənin müxtəlif istiqamətlərində aparılan uğurlu əməliyyatlar nəticəsində şəhərlərimiz, kəndlərimiz və strateji yüksəkliklərimiz bir-birinin ardınca işğaldan azad edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması Azərbaycan Ordusunun hərbi üstünlüyünü və döyüş qabiliyyətini nümayiş etdirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən mühüm hərbi-strateji hadisə oldu. Şuşa Zəfəri Azərbaycan xalqının milli qürurunu, tarixi yaddaşını və mənəvi gücünü özündə birləşdirən rəmzə çevrildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu mücadilədə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına tarixi ədalət bərpa olundu. Bu nailiyyət yalnız döyüş meydanında əldə edilən uğurlarla deyil, xalqın vahid məqsəd ətrafında birləşməsi ilə də səciyyələnirdi.
Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən biri Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz həmrəylik idi. Cəbhədə döyüşən əsgər və zabitlərimiz arxa cəbhədə xalqın mənəvi dəstəyini hiss edirdi, bütün ölkə vahid amal ətrafında birləşmişdi. Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız, eləcə də ölkəmizin haqq işini dəstəkləyən dost xalqlar nümayəndələri milli həmrəyliyin güclənməsinə töhfə verirdilər. Siyasi partiyaların əksəriyyətinin milli məsələlərdə vahid mövqedən çıxış etməsi, ictimaiyyətin Ali Baş Komandanın ətrafında sıx birləşməsi dövlətçilik tariximizdə mühüm hadisə kimi yadda qaldı. "Dəmir yumruq" ifadəsi məhz bu birliyin və sarsılmaz iradənin rəmzinə çevrildi. Azərbaycan xalqı sübut etdi ki, milli maraqlar, Vətən sevgisi və dövlətçilik məfkurəsi qarşısında bütün fərqliliklər ikinci dərəcəlidir".