Mədən hasilatı yeni istehsal sahələrinin yaranmasına səbəb olacaq-

"Azərbaycan iqtisadiyyatının qarşıdakı mərhələdə əsas hədəflərindən biri iqtisadi artımın mənbələrinin daha da şaxələndirilməsi, qeyri-neft sektorunun çəkisinin artırılması və ölkənin malik olduğu təbii resurslardan daha yüksək əlavə dəyərin yaradılmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, bu istiqamət artıq ayrı-ayrı layihələrin məcmusu kimi deyil, Azərbaycanın yeni sənaye inkişaf modelinin mühüm komponentlərindən biri kimi nəzərdən keçirilir. Bu yanaşmanın mahiyyəti olduqca aydındır: Azərbaycan yalnız öz təbii ehtiyatlarını hasil edən ölkə kimi deyil, həmin ehtiyatları emal edən, onlardan yüksək əlavə dəyər yaradan və hazır məhsulu dünya bazarlarına çıxaran sənaye ölkəsi kimi mövqeyini daha da möhkəmləndirməlidir. Dövlət Proqramının hazırlanmasına dair Prezidentin 2026-cı il 1 aprel tarixli Sərəncamında da əsas məqsədlər sırasında mineral resurslardan səmərəli istifadə, xammaldan son məhsula qədər dəyər zəncirinin yaradılması və metallurgiya məhsullarının ixrac potensialının artırılması xüsusi vurğulanmışdı.

Əslində, bu, son illərdə həyata keçirilən iqtisadi siyasətin məntiqi davamıdır. Azərbaycan uzun müddət ərzində enerji gəlirlərindən istifadə etməklə ölkənin infrastrukturunu yenilədi, yollar, dəmir yolları, hava limanları, enerji və sosial infrastrukturu formalaşdırdı. Bu gün həmin infrastruktur artıq qeyri-neft iqtisadiyyatının inkişafı üçün baza rolunu oynayır. Deməli, qarşıdakı mərhələdə söhbət yalnız infrastruktur qurmaqdan yox, həmin infrastruktur üzərində daha çox istehsal, daha çox emal, daha çox ixrac və daha yüksək məhsuldarlıq yaratmaqdan gedir. Bu mənada dağ-mədən və metallurgiya sənayesinə verilən önəm təsadüfi deyil. Çünki bu sahə bir neçə istiqaməti eyni vaxtda hərəkətə gətirmək imkanına malikdir. Mədən hasilatı yeni istehsal sahələrinin yaranmasına, emal müəssisələrinin yaradılması sənaye zəncirinin genişlənməsinə, logistikanın inkişafı daşımaların artmasına, yeni zavodların fəaliyyəti isə əlavə məşğulluq və vergi gəlirlərinə səbəb ola bilər. Yəni burada söhbət təkcə mədən sənayesindən deyil, ətrafında formalaşacaq geniş iqtisadi ekosistemdən gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31