Gündəm
Keçən ay 113982 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb
Avqust ayı ərzində Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2837 qərar qəbul edilib. “OLAYLAR”-ın xəbərinə görə, onlardan 272-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1375-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 969-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 197-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 24-ü müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.
NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir. İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.
Rusiyanın hərbi gəmiləri Bakı sahillərində
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.
Mübariz Qurbanlı cənub zonasında vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 21-də Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Su mühərriki oğurlayan keçmiş məhkum tutulub
Suraxanı rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may-avqust ayları ərzində rayon ərazisindəki 2 həyətyanı sahədən ümumilikdə 30 metr su borusu və su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Məmmədov tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Sərxoş sürücü polisi aldatdı
Sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.
Avtomobil qaçıran saxlanıb
Avqustun 31-də “Mitsubishi” markalı avtomobili qaçıran şəxslər ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Əlibəy Heydərova məxsus “Mitsubishi” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini Fərid Səmədzadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Saatlıda avtomobillə traktor toqquşub - ölən və yaralanan var
Sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
"Bakutel 2017" sərgi-konfransının keçirilmə tarixi bəlli oldu
5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” Sərgi-Konfransı keçiriləcək və beləliklə də, “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcəkdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a bildirilib ki, bu il “Bakutel” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları, eləcə də teleradio yayım şirkətləri yer alır.
22 dövlət əmlakı özəlləşdirilib
Sentyabrın 19-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 17-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri yaşayış sahəsi, 1 yarım tikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlarda isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da, bu obyekt 93 min manata özəlləşdirilib.
MDB gömrükçüləri Bakıya yığışacaqlar
Sentyabrın 20-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçiriləcək. Dövlət Gömrük KOmitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak edəcəklər. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışevin iştirakı nəzərdə tutulub.
Fikrət Məmmədov Samuxda qəbul keçirəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 22-də Samux rayonunda vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Samux rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Samux şəhəri, Heydər Əliyev prospekti 1) keçiriləcək qəbulda Samux və Yevlax rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Azərbaycanda neftçilərin əməyinə verilən yüksək qiymət onların pensiya təminatında da öz təsdiqini tapır
Bu təbəqədən olan pensiyaçıların orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb. 23 il bundan əvvəl, 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaratmışdır. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.
Qərbin Şimali İraqdan Türkiyə və İranı vurma planı
Qərb yeni bir münaqişə, müharibə ocağı yaradır. Daha doğrusu uzun illərdir üzərində işlədiyi Kürdüstan planını reallaşdırmağa çalışır. Əslində münaqişə, müharibə ocağı sözügedən planın icrasına başlayan illərdən yaranıb. Sadəcə prosesin son akkordu isə bu ocağı daha da gərginləşdirə, sürətləndirə bilər. Hər halda İraqın şimalında həyata keçirilən referendum hazırlıqları belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Qərbin xeyir-duası ilə yaradılması nəzərdə tutulan Kürdüstan dövlətinin sərhədləri yalnız İraqla kifayətlənmir. Bu xain planda Türkiyə və İranın müəyyən bir hissəsi də yer alır. Hətta bəzi hallarda Azərbaycanla bağlı da iddialar irəli sürülür. Bir sözlə region yeni bir problemlə ciddi şəkildə qarşı-qarşıyadır. Təsadüfi deyil ki, elə əksər ekspertlər də İraqın şimalında keçiriləcək referendumun arzuedilməz nəticələrə gətirib çıxaracağı qənaətindədirlər. Birmənalı olaraq bildirilir ki, Qərbin əsas istəyi bölgədə maksimum dərəcədə xaos və anarxiya, silahlı qarşıdurmaların hökm sürməsidir. Elə millət vəkili Sahib Alıyev də belə düşünür.
Nicatla Rəşad Dağlı əlbəyaxa oldu — Toy yarımçıq qaldı
Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb. Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar.














