Gündəm
ÜAK-nin ləğvi barədə qərar qüvvədə saxlanıldı
Bu gün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq. Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
Gənclər üçün irimiqyaslı intellektual oyunun yeni mövsümü başlayır
"Azərbaycanın İntellektual BİRİncisi" yeni mövsümdə oyunlara başlayır. "Azərbaycan İntellektual BİRincisi" layihəsi artıq ikinci ildir ki, "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. Layihənin əsas hədəfləri gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlar üçün rəqabətədavamlı gənclərin hazırlanmasıdır.
Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir
Azərbaycanda Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən "Dövlət qulluğu haqqında" qanuna əlavələr təklif edilir. Layihəyə əsasən, qanunun 8-ci maddəsinin (Dövlət orqanlarının təsnifatı) 1-ci bəndinə (təsnifatlaşdırılan dövlət orqanlarının siyahısı) "məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan respublikasının Məhkəmə-Hüquq Şurası" sözləri əlavə edilir. Hazırda isə Azərbaycanda dövlət orqanlarının təsnifat siyahısına görə qurumlar yalnız bunlardır:
Abid Şərifov Bakının 1-ci mikrorayonunun yenidən qurulması məsələsinə aydınlıq gətirdi
Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır. Bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb.
Bu reklamlara qadağa qoyulur
Azərbaycanda körpə və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı ilə bağlı qaydalar dəyişdirilir. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinə (Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması) əlavə və dəyişiklik təklif edilir. Layihəyə əsasən, məcəllənin 213-cü maddəsinin 0.1.-ci bəndi dəyişdirilərək bu formada verilir: "Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına".
"Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa"
"Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa". Bunu baş nazirin müavini Abid Şərifov bildirib.
Ukrayna vətəndaşını istismar edən azərbaycanlılara BƏRAƏT verildi
İnsan alverində təqsirləndirilən Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Qeyd edək ki, həmin şəxslər Ukrayna vətəndaşını Azərbaycanda istismar etməkdə təqsirli bilinib. Onlar Ukrayna vətəndaşını özlərinə məxsus fermada zorla saxlayaraq məcburi əməyə cəlb ediblər. Ukrayna vətəndaşı olan Viktor Paraşenkonun pasportunu əlindən alıb şəraitsiz otaqda saxlayıblar. Ona qarşı fiziki və psixi təzyiq olunub. İstintaq dövründə N.Cahangirov, M.Əliyev, A.Əliyev və Ə.Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Tarixi 1960-cı ildən əvvələ aid olan əşyalar mədəni sərvətlər sayılacaq
Azərbaycanda tarixi 1960-cı ildən əvvələ aid olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab ediləcək. Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, bu barədə "Mədəniyyət haqqında" qanuna yeni dəyişikliklər layihəsində qeyd edilir. "Mədəniyyət haqqında" qanuna təklif edilən yeni dəyişikliyə görə, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlər hesab ediləcək. Qanunun hazırkı variantına görə isə qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) hesab olunur.
8 idarə təxliyə olundu
Rusiya hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Moskvada minalanmış obyektlər barədə anonim zəng alındıqdan sonra 8 idarənin əməkdaşları təxliyə edilib. Məlumata görə, partlayıcı qurğuların Lyublino, Vnukovo, Basmannıy, Boqorodskoye, Kuzminki, Naqorniy, Solnsevo və Lefortovo rayon idarələrinə qoyulması barədə anonim zənglər qəbul olunub.
DİN kabel oğurlayan futbolçu ilə bağlı məlumat yaydı
Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlayan dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar. Qeyd edək ki, hadisədən sonra dəstə üzvləri kabelləri A. Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıtda yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.
Sürücülük vəsiqəsini dəyişdirilməsi üçün tələb olunan sənədlərin sayı artırıldı
Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirən zaman tələb edilən sənədlərin sayı artırılıb. Belə ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ində dəyişkilik edib. Dəyişikliyə əsasən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surətinin skan edilmiş surəti də tələb olunacaq.
Sen-Martendə "İrma" 200 adamı "itirib"
Sen-Marten adasında "İrma" qasırğasından sonra 200 adam itkin düşmüş hesab edilir. Trend-in məlumatına görə, bu xəbəri Niderland Qırmızı Xaç Komitəsi yayıb. Komitə bildirib ki, həmin şəxslərin ailələri ilə görüşüb, məlumatları dəqiqləşdirdikdən sonra onların axtarışlarına başlanılacaq.
Tarkanın həyat yoldaşı hamilədir
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Futbol üzrə Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb. Çünki digər namizəd Madrid "Atletiko"sunun “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur. VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalının İspaniya paytaxtında keçirilməsini sual altında qoyub. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.
Gözəllik müsabiqəsi dayandırıldı - Modellər rüsvay oldular
Meksikada kişilər arasında "Mr.Tabasco" gözəllik müsabiqəsi yarımçıq dayandırılıb. Səbəbsə finala çıxmış modellərin fiziki baxımdan tələblərə cavab verməməsi, daha doğrusu moda biznesi üçün "yararsız və eybəcər" sayılmalarıdır. Bu ilin əvvəlində çox böyük təmtəraqla təqdim olunan, Meksikanın bir çox telekanallarında reklam edilən "Mr.Tabasco" gözəllik müsabiqəsində finala çıxmış gənclər, gerçəkdən də, modellərə əsla bənzəmirlər. Onların heç birində model görünüşü yoxdur. 6 finalçının bəziləri isə çəlimsizdir.













