Qələbələr Azərbaycanın regional və beynəlxalq mövqeyini möhkəmləndirdi- ÖZƏL
17:11 Siyasət"Azərbaycanın 44 günlük savaşda Ermənistan üzərində əldə etdiyi qələbə onun işğal olunmuş ərazilərdə ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına gətirdi. Nəticə etibarilə dövlətimizin regional mövqeyi möhkəmləndi, beynəlxalq nüfuzu isə müvafiq olaraq yüksəldi.
Əldə etdiyimiz qələbə regionda geosiyasi reallıqların sürətlə dəyişməsinə səbəb olmaqla, bölgənin təhlükəsizlik arxitekturasının yenidən cızılmasında özünəməxsus rol oynamış, Azərbaycanın beynəlxalq güclərin marağının artmasına səbəb olmuş, qlobal qütbləşmənin fərqli məkanlarında yer almış dövlətlərin Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələrini genişləndirməyə sövq etmişdir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Müstəqilliyimizin ilk illərində olduğu kimi, bizimlə əməkdaşlıq bu gün yalnız enerji təhlükəsizliyi sahəsində deyil, eyni zamanda beynəlxalq və tranzit əhəmiyyətə malik qovşaqlar, dəhlizlər ətrafında da genişlənir.
2020 və 2023-cü illərdə əldə etdiyimiz qələbələrdən sonra regionun ən nüfuzlu dövləti olaraq bizlər dəhlizlər və logistika marşrutları ilə bağlı dövlətlərarası müzakirələrdə real gücə malik dövlət təsiri bağışlayırıq. Əvvəllər regionun təhlükəsizlik problemlərinin həllində 3+3 formatında əməkdaşlıq və müzakirələrin tərəfdarı olan rəsmi Bakı artıq fərqli formatlarda da danışıqların aparılmasının zəruriliyini vurğulayır və bu istiqamətdə ilk addımları da məhz özü atıb. Belə ki, keçən il ABŞ Prezidenti Trampın vasitəçiliyi ilə tərəflər arasında Vaşinqtonda baş tutmuş danışıqlar və əldə olunmuş razılıqlar hər iki tərəfin regionun təhlükəsizlik problemlərinin həllinə 3+3 formatından kənar müstəvi üzərində yaxınlaşmalarının bariz göstəricisi oldu.
Bununla belə, rəsmi Bakı müasir dünyanın suveren dövlətlərin təhlükəsizliyini necə təhdid etdiyinin də mahiyyətinə varır və məhz buna görə də çoxvektorlu xarici siyasət kursunu uğurla davam etdirir".
Zeynəb Mustafazadə