Həkim xəbərdarlığı: Zərərsiz bildiyimiz bu vərdiş böyrəkləri sıradan çıxarır
17:24 SosialKlivlend Klinikasının (ABŞ) kardiologiya və qastroenterologiya mütəxəssisləri 15 min nəfərin iştirakı ilə aparılan 8 illik elmi tədqiqatın dəhşətli faktlarını açıqlayıblar.
Musavat.com-un məlumatına görə araşdırmalar göstərib ki, gün ərzində müntəzəm olaraq 2 stəkandan çox qazlı və ya hazır meyvə şirəsi içmək orqanizmdə fruktoza yükünü kəskin artıraraq qaraciyər piylənməsi riskini 52 faiz yüksəldir.
Faktlarla sübut olunub ki, bu içkilərin tərkibindəki süni şəkər və turşular qanda sidik turşusunun səviyyəsini qaldırır, bu da birbaşa böyrək daşlarının yaranmasına və təzyiqin xroniki olaraq yüksəlməsinə gətirib çıxarır.
Alimlər təsdiqləyiblər ki, hər gün bu cür içkilər qəbul edən şəxslərdə damar sərtləşməsi (ateroskleroz) prosesi digərlərinə nisbətən 3 dəfə daha sürətlə gedir. Həkimlər qan dövranını və daxili orqanları qorumaq üçün qazlı və paketlənmiş şirələrdən tamamilə imtina etməyi, onları təbii su və bitki çayları ilə əvəz etməyi təcili şəkildə tövsiyə edirlər.