Rusiyada əhali artımı üçün “şok addım” gündəmdə

Rusiyada doğum səviyyəsini artırmaq məqsədilə prezervativlərə əlavə vergi tətbiqi təklifi yenidən müzakirələrə çıxarılıb.

Musavat.com xəbər verir ki, ideya Çində tətbiq olunan praktika ilə əsaslandırılır - Pekində kontrasepsiya vasitələrinə 13 faiz dəyər-əlavə vergisi tətbiq edilir və bu addımın doğum səviyyəsinə təsir etdiyi iddia olunur.

Rusiyada təşəbbüsü irəli sürən ictimai qurumlar prezervativlərə aktsizlərin artırılmasını, toplanan vəsaitin isə "demoqrafiyanın dəstəklənməsi" proqramlarına yönəldilməsini təklif edirlər. Onlar hesab edirlər ki, kontrasepsiya vasitələri bahalaşdıqca istifadəsi azalacaq və bunun nəticəsində doğum səviyyəsi yüksələ bilər.

Bununla belə, səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, belə addım arzuolunmaz hamiləliklərin, abortların və cinsi yolla keçən infeksiyaların artmasına səbəb ola bilər. Onların fikrincə, Çin nümunəsinin Rusiya üçün uyğunluğu mübahisəlidir və bu cür vergi siyasəti həm sağlamlıq, həm də sosial baxımdan risklidir.

Təşəbbüs müəllifləri isə etirazlara baxmayaraq, "Çin modelinin" Rusiyada da sınaqdan keçirilməsinin tərəfdarı kimi çıxış edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31