“Putin ABŞ-ın sülh planını rədd etməyib”-Peskov danışıqlardan sonra geniş açıqlama verdi
14:42 DünyaKreml ABŞ mediasında yayılan "Putinin Vaşinqtonun sülh planını rədd etdiyi" iddialarını təkzib edib.
Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu formulyasiyanın doğru olmadığını bildirərək, prosesin hələ davam etdiyini və Moskvanın təklifləri tamamilə bloklamadığını vurğulayıb.
Peskovun sözlərinə görə, ABŞ-la birbaşa fikir mübadiləsi ilk dəfə dünən baş tutub. Rusiya tərəfi bir sıra məqamları qəbul edib, bəzi təklifləri isə "qəbuledilməz" hesab edib.
O qeyd edib ki, danışıqların uğuru üçün prosesi maksimum dərəcədə sakitlikdə aparmaq lazımdır:
"Danışıqlar nə qədər sakit mühitdə getsə, nəticə bir o qədər məhsuldar olacaq".
Kremlin sözçüsü Avropa siyasətçilərinin Rusiyanın strateji məğlubiyyətə uğradılmasını gözləməsini "böyük yanlış" adlandırıb. O bildirib ki, Aİ rus qazından imtina edərsə, yalnız daha baha qaz idxalından asılı vəziyyətə düşəcək və bunun nəticəsində Avropa iqtisadiyyatı liderlik potensialını itirəcək.
Peskov həmçinin Putinin ABŞ prezidenti Donald Tramp ilə telefon əlaqəsinin istənilən anda mümkün olduğunu, lakin əvvəlcə ekspertlərin sənədləşmiş nəticələr hazırlamalı olduğunu deyib.
Jurnalistlərin Pokrovsk və Kupyanska səfərləri ilə bağlı sualına cavab olaraq Peskov bildirib ki, Putin heç kimi xüsusi olaraq dəvət etməyib, sadəcə, getmək istəyən media nümayəndələri üçün Rusiya tərəfinin şərait yarada biləcəyini vurğulayıb.
Avropada ard-arda baş verən korrupsiya qalmaqallarını isə Peskov Aİ-nin daxili işi adlandırıb və Rusiyada korrupsiyaya qarşı mübarizənin planlı şəkildə davam etdiyini vurğulayıb.
Kreml, həmçinin, ABŞ xüsusi elçisi Stiv Uitkoffla görüşlərin sülh razılığı əldə olunana qədər davam etdirilməsinə hazır olduğunu açıqlayıb. Peskov Avropanın Kiyevə yeni maliyyə paketi ayırmaq üçün Brüsseldə keçirdiyi toplantının da Putinin dediklərini təsdiqlədiyini iddia edib:
"Bu, bir daha göstərir ki, Avropa Rusiyaya zərər vurmaq motivi ilə hərəkət edir".
Moskva prosesin davam etdiyini və hələlik yekun qərarın olmadığını bildirir. (Musavat.com)