Almaniya səfirinin geri çağırılması: Tbilisidə "Rusiya tapşırığı" icra olunur – ÖZƏL
16:25 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının Xarici Əlaqələr üzrə katibi Qriqol Qeqeliya Almaniyanın Gürcüstandakı səfiri Peter Balzın məsləhətləşmələr üçün geri çağırılmasını iki ölkə arasındakı münasibətlərin tamamilə yenidən nəzərdən keçirilməsi mərhələsinin "açıq və təəssüfdoğuran sübutu" adlandırıb.
O, bildirib ki, hakim "Gürcü Arzusu" partiyası ("kotsebi") qeyri-mümkünü bacararaq Gürcüstan və Almaniya arasındakı əlaqələrin tarixində "ən aşağı həddə" çatıb.
Qeqeliyanın fikrincə, münasibətlərin bu cür sarsıdılması "kotsebi"nin klassik əl yazısıdır və eyni zamanda "Rusiyanın tapşırığının icrasıdır".
Qeqeliya qeyd edib ki, Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri və Gürcüstan üçün son dərəcə vacib tərəfdaşdır. O, bu vəziyyətin Gürcüstanın Avro-Atlantik gələcəyinə, iqtisadi sabitliyinə, habelə ümumilikdə siyasi və geosiyasi vəziyyətinə çox ağır təsir göstərəcəyini vurğulayıb.